Qəbul imtahanında daha bir yenilik: maksimum bal 400 olacaq

Qəbul imtahanında daha bir yenilik: maksimum bal 400 olacaq
6824 dəfə oxunub
  • A-
  • A
  • A+
Bu tədris ilində ali məktəblərə qəbul qaydalarında dəyişiklərin edilməsi nəzərdə tutulur.

Axşam.az APA-ya istinadən xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə 2019-cu ildə tətbiqi nəzərdə tutulan ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsi (buraxılış) imtahanlarının və ali təhsil müəssisələrinə qəbul imtahanlarının modeli ilə bağlı Şəmkirdə valideynlər və şagirdlərlə keçirilən görüşdə bildirib ki, cari tədris ilində XI sinfi bitirənlərə iki dəfə qəbul imtahanlarında iştirak etmək imkanı veriləcək.
 
O qeyd edib ki, keçən il bu yenilik yalnız bir qrup çərçivəsində tətbiq edilib:

“Yəni, abituriyent qəbul imtahanının birinci mərhələsində hansı qrup üzrə iştirak etmişdisə, iyulda keçirilən ikinci imtahanda da eyni qrupun imtahanında iştirak etməli idi.
 
Gələn il isə hər abituriyentə iki fərqli qrup üzrə də imtahan vermək şansı tanınacaq. Onlar istəsə, qəbul imtahanlarının hər ikisində eyni və ya fərqli qrupda imtahan verərək ali məktəblərə qəbul müsabiqəsində iştirak edə biləcəklər”.

Bundan başqa, 2019-cu ildə tətbiqi nəzərdə tutulan buraxılış və ali təhsil müəssisələrinə qəbul imtahanlarında 700 ballıq sistem saxlanılacaq.
 
Məleykə Abbaszadə bildirib ki, buraxılış imtahanında iştirak edənlər üçün maksimum bal 300-dür.
 
O qeyd edib ki, abituriyentlər qəbul imtahanında 3 fəndən maksimum 400 bal toplaya biləcək, yekunda ən yuxarı bal 700 olacaq.

M.Abbaszadə bildirib ki, yeni modelə əsasən buraxılış imtahanları əvvəlki illərdə olduğu kimi, bir dəfə aparılacaq. Qəbul imtahanlarında isə abituriyentlərə bir neçə dəfə iştirak etmək imkanı veriləcək.