"Issız adam"ın xanımı: "Onda qüsur tapa bilmirəm" - fotolar

"Issız adam"ın xanımı: "Onda qüsur tapa bilmirəm" - fotolar
3988 dəfə oxunub
  • A-
  • A
  • A+

Ötən gün şəhərimizin qonağı olan türkiyəli aktyor Camal Hünal həyat yoldaşı Lalə Canqalı da özü ilə gətirmişdi. Cütlük yeni “Güncə” adlı filmin Azərbaycandakı qala gecəsinə birlikdə qatılmışdı.

Axşam.az aktyorun həyat yoldaşının müsahibəsini təqdim edir.

- Azərbaycana ilk gəlişinizdir. Bakı sizə necə təsir bağışladı? 

- Camal hər zaman Bakıya gəlmək istəyirdi. Film buna vasitəçi oldu. Şəhərinizi çox bəyəndik. İstədiyimiz kimi gəzmək imkanımız olmasa da, bəzi yerləri gördük. Bizi çox gözəl qarşıladınız. Bundan sonra Azərbaycana tez-tez gələcəyik.
 
- Yəqin ki, “Güncə” filmini bir neçə dəfə izləmisiniz. Bu dəfə yeni nə tapdınız?

- Düzünü deyim, filmi ikinci dəfədir izləyirdim. Həyat yoldaşımın rol aldığı ekran işlərini izləməyi çox sevmirəm. “Issız adam”a da cəmi iki dəfə baxmışam. “Güncə”ni seyr edərkən bir daha əmin oldum ki, Camal çox peşəkardır. Heç kəs görməsə də, etiraf edim ki, yenidən ağladım. Çox təsirləndim.

- Filmdəki Cengiz rolunu izləyərkən həyat yoldaşınızın hansı xüsusiyyətini kəşf etdiniz?

- Bu film mənə onu öyrətdi ki, Camal gözəl ata ola bilər. Bu da xoşuma gəldi.

- “Issız adam”dakı Tanerlə “Güncə”dəki Cengiz arasında nə fərq var?

- Taner sevməyi bacarmır. Cengiz isə sırf övladı üçün yaşayır. Biri romantikdir, digəri ailəcanlı. Camal bütün obrazlarını təbii canlandırır. Roluna o qədər can qoyur ki, onda qüsur tapa bilmirəm. Ekranda da real həyatdakı kimidir. Sevgidolu, səmimi və mehriban.
 
- Nə kimi kaprizləri var?

- Heç bir kaprizi yoxdur. Çox mülayim bir insandır. Bu günə kimi ondan belə bir hərəkət görməmişəm.

- Siz də aktrisasınız. Amma indiyədək eyni ssenaridə rol almamısınız...

- Birlikdə 35-ə yaxın tamaşada oynamışıq. Bu, gələcəkdə dünyaya gələcək övladlarımız üçün gözəl xatirədir. Bununla belə, serial və ya filmdə rol almamışıq. Çox təkliflər gəlir. Bunlar arasında serial, film və reklamlar da var. Heç birinə "yox" demirik, sadəcə, fikirləşəcəyimizi bildiririk. Hələ ki, məni qane edən bir ssenari yoxdur. Burada təkcə mövzu yox, rejissor və digər aktyorların kim olacağı önəmlidir.

Zəhra Əhmədova
Foto: Rəşad Abbasov