Türkiyənin aparıcı media qurumlarında son vaxtlar adından çox bəhs edilən "Aşka geldik" filmi tezliklə Azərbaycan kinoteatrlarında nümayiş olunacaq. Azərbaycan-Türkiyə kinematoqrafçılarının ortaq layihəsi olan "Aşka geldik" filmi komediya janrında çəkilib.

Filmin rejissoru Türkiyənin tanınmış isimlərindən Muharrem Özabat, sssenari müəllifi Həsən Əliyev, bəstəkarı isə Yıldıray Gürgendir. Baş rollarda məşhur aktyorlar, Azərbaycanda da yaxşı tanınan Metin Yıldız və Şener Kökkaya oynayır. Filmdə tanınmış Azərbaycan aktyoru Fərda Xudaverdiyev də aparıcı rollardan birinə çəkilib.

Axşam.az xəbər verir ki, Fərda Xudaverdiyev filmlə bağlı  "Qaynarinfo"ya müsahibə verib. Həmin müsahibəni təqdim edirik:

- Son günlər Türkiyədə haqqında çox danışılan "Aşka geldik" komediya filmində siz də rol almısınız. Bu film haqqında nə deyə bilərsiz?
 
- Film haqqında onu deyə bilərəm ki, ilk dəfə Azərbaycandan kənarda məşhur aktyorlarla eyni filmdə rol almaq çox xoş təəssüratlar yaratdı. Bu film yeni deyil, təxminən iki il bundan əvvəl çəkilib. Sadəcə olaraq, bəzi məsələlərə görə yubandı. Qismət bu iləymiş. 2 noyabrdan film artıq kinoteatrlara çıxarılacaq. Munis Aslan kimi tanınmış aktyorla oynamaq çox gözəl hissdir. Əvvəl ehtiyyat edirdim. Azərbaycanda filmə çəkilmək mənim üçün çox rahatdır. Çünki tanış mühit və diqqət olur. Orda isə məni heç kim tanımırdı. Azərbaycana gəlib-getdikləri üçün haqqımda məlumatları var idi. Filmdən sonra dostluq münasibətlərimiz yarandı, indi də "Facebook" və "Whatsapp" vasitəsi ilə əlaqə saxlayırıq. İnşallah, filmin uğurlu olacağına inanıram.

- Filmdə tərəf müqabillərinizin hamısı demək olar Türkiyənin tanınmış aktyorlarıdır. Filmin rejissoru da Türkiyənin sayılıb seçilən isimlərindəndir. Bu təcrübə sizə nə verdi?

- Təcrübə olaraq filmdə böyük kütlə ilə necə işləmək lazım olduğunu öyrəndim. Düzdü, bu mənim sahəm deyil, amma doğurdan da bizim setlərdən çox fərqlənir. Daha peşəkardırlar. Yəni, bir işin üstündə bir nəfər yox, bir neçə adam çalışır. Rejissor, rejissor köməkçisi, onun köməkçisi olur. Məsələn, saç ustası ayrı, qrim ustası ayrı olur. Hər aktyorun öz köməkçisi var. Belə deyim də, tam başqa ab-havadır.

- Filmdə tanınmış müğənni Faruk K. da çəkilib. Onun film üçün yazdığı "Aşka geldik" mahnısı da Türkiyədə böyük maraqla qarşılanıb. Artıq 4 milyondan artıq adam izləyib. Türk aktyorların və Faruk K-nın Bakıdakı təqdimata gəlişi gözlənilirmi?

- Təşkilatçılıq işlərinə mən baxmadığım üçün bundan xəbərim yoxdur. Çünki onların bura gəlməsi, qarşılanması təşkilatçı olaraq onların öhdəsindədir. Bu barədə dəqiq məlumatım yoxdur.

- Film haqqında yazan Türkiyə mətbuatı sizi "Azərbaycanın ən məşhur komediya aktyoru" kimi qeyd edir. Azərbaycandakı həmkarlarınız bunu qısqanmayacaq ki?

- Bilmirəm, amma hər halda Türkiyə mətbuatı bunu araşdırıb yazıb. Azərbaycandakı həmkarlarım məni niyə qısqansınlar ki? Onlar hamısı mənim dostlarım, qardaşlarımdır. Bu gün mən ölkədən kənara çıxmışamsa, sabah onlar çıxa bilər. Ölkəmizi təmsil etsələr, bu bizim hamımızın uğurudur. Noyabırın 5-i mən Türkiyədə qala gecəsinə qatılacam. Burda da noyabırın 2-si təqdimat olacaq.

- Qeyd etdiyiniz kimi, noyabrın 2-də film Bakı kinoteatrlarında nümayişə çıxacaq. İzləyicilərə öz yeni obrazınız və film haqqında necə bir anons verə bilərsiniz?

- Saxtakar, bütün kəndi qatıb-qarışdıran, işsiz-gücsüz bir obrazı canlandırmışam. Paralel olaraq da, bir xanıma iki namizəd var. Biri mənəm, biri də Mətin Yıldızdır. Xanım isə Gönül Dilan adlı həm aktirisa, həm də müğənnidir. Onun Berdan Mardini ilə birlikdə rol aldığı serial da var. Sonu çox pozitiv olur. Bunu da baxanda özünüz görəcəksiniz.



- Azərbaycan və Türkiyə filmləri arasında olan fərqləri qeyd etdiniz. Bəs qonarar fərqi varmı?

- Düzünü deyim ki, mən bu filimə Azərbaycanda çəkildiyim filmlərdən daha ucuz qonorarla çəkilmişəm. Çünki burda ölkədən kənarda bir filmdə oynamaq üstünlüyü var. Türkiyə bazarında görünmək üçün qiymət söhbətini o qədər uzatmadım. Məbləğ burda aldığımdan aşağı idi.