"30 ildir səhnədəyəm, amma mənə fəxri ad verilməyib"

"30 ildir səhnədəyəm, amma mənə fəxri ad verilməyib"
2317 dəfə oxunub
  • A-
  • A
  • A+

“Ailəsi olmayan ailədən danışanda camaata gülməli gəlir”

Axşam.az müğənni Səyyad Əlizadənin “Qafqazinfo”ya müsahibəsini təqdim edir.

- Səyyad bəy, telekanallarda sizi çox gec-gec görürük. Bunun səbəbi nədir?

- Tamaşaçını bezdirmək istəmirəm,  özümü görmədiyim verilişlərə çıxmıram, qalmaqallı yerlərdə özümü görmürəm. Elə telekanallar var ki, unudurlar ki, mənim kimi otuz il səhnədə olan müğənni ilə dünən sənətə gəlmiş ifaçını eyni efirə çıxarmaq olmaz. Sənət aləmində çalışıram ki, müəyyən çərçivədə olum, diqqət mərkəzində olan insanlar gərək oturuşuna-duruşuna, hərəkətinə fikir versin. İndi əyləncəli verilişlər daha çoxdur, musiqi də əyləncədir, lakin mən  aşbaz deyiləm, mətbəx verilişində iştirak edim. Müğənni konsert verməli, klip çəkməli, mahnı yazdırmalıdır.

- Müğənnilərin efirə çıxıb ailə-məişət problemlərini müzakirə edib, məsləhət vermələrinə münasibətiniz necədir?

- Siz necə baxırsınız?

- Elə müğənni var ki, efirə çıxıb məsləhət verməyinə pis baxıram. Çünki ailə anlayışı olmayan şəxs ailədən danışa bilməz.

- Mən də pis baxmıram. Gərək insan birinci öz ailəsinə nəzər yetirsin. Sənin nümunəvi ailən varsa, çıxıb məsləhət verə bilərsən.  Ailəsi olmayan ailədən danışanda camaata gülməli gəlir. Mən bunun əleyhinəyəm. Əvvəl məsləhət verməyə özündən başlamalısan, mən sizinlə razıyam. Ailələri nümunəvi olan sənətçilərin gənclərə məsləhət verməyi təqdirə layiqdir.

- Son günlər müğənnilər tez-tez ailələri ilə gündəmə gəlir. Biri deyir həyat yoldaşım mənə xəyanət etdi, biri deyir boşandım. Sonra məlum olur ki, bu hamısı şoudur.

- Ailə yumruq olmalıdır, heç kim ora girə bilməməlidir. Bununla gündəmə gələnlərə nə deyim? Müğənni sənəti, gördüyü işlərlə göz qabağında olmalıdır. Bu çox acınacaqlı haldır, xalqımızda buna çox pis baxır. Mən onlara qiymət verə bilmirəm, özünə hörmət etməyən insan hər addımı ata bilər. Nəinki sənətçilər, adi insanların da ailə problemlərini efirə çıxartmalarının əleyhinəyəm, onların yerinə utanıram.

- Lakin belə verilişlərin reytinqi çox olur.

- Reytinq xətrinə nə varsa, məhv edək? Bir dostum var  deyir ki, o proqramlara əyləncə kimi baxıram, mənə də qeyri-adi gəlir ki, insan çıxıb deyir problemimi həll edə bilmirəm, siz müzakirə edin.

- Konsert verməyi düşünmürsünüz?

- Bu il “Bəyaz gecələr” ansamblının 20 yaşı tamam olur, konsert verməli idik. Məhərrəmlik ayı olduğu üçün yubileyimizi qeyd etməyi yaz aylarına saxladıq. Ya Dövlət Flarmoniyasında, ya da Heydər Əliyev sarayında konsertimiz baş tutacaq.  Bu yaxınlarda Rusiyada konsertlərimiz nəzərdə tutulmuşdu, məlum hadisələrə görə təxirə salındı. İl ərzində hərbi hissələrdə, xeyriyyə məqsədi ilə təşkil olunan tədbirlərdə konsert proqramı ilə çıxış edirik.

- Dediniz 30 ildir sənətdəsiniz. Ötən illərdəki dinləyici kütləsi ilə indikilərin arasında hansı fərqlər var?

- Dinləyicinin zövqünü televiziya, radio formalaşdırır. Mənim ifa etdiyim mahnıların daim  dinləyicisi olub, özümə məxsus ifa tərzim, yolum var, heç kimi  təqlid etmirəm. Mənə gənclər də, orta nəsil də qulaq asır. Xarici konsertlərdə əsasən təsniflər, xalq mahnıları ifa edirəm. İnsanlar məni görəndə üzlərində təbəssüm yaranır. Düşünürəm ki, bu sənətdə təsadüfi insan deyiləm.

- Sənətdə sizi hansı problemlər narahat edir?

- Radiolar, televiziyalar Azərbaycan sənətçisini müəyyən şərtlərlə efirə buraxır, xariciləri gecə-gündüz reklam edirlər.  Gərək birinci özünkünü, sonra başqasını təbliğ edəsən.  Türkiyə əvvəl özününkünü, sonra yenə özününkünü, sonra bir daha özününkünü təbliğ edir, sonra başqa ölkə sənətçilərinə yer ayırır.

- Tarkan Bakıya bir milyon dollara gəlir. Bu daha çox  Türkiyə mətbuatını təəccübləndirib.

- Heç vaxt özümüzə dəyər verməmişik, bizim sənətkarlar başqa xalqların sənətkarlarından dəfələrlə üstündür. Xalqımız istedadlı, mənəviyyatı yüksək xalqdır. Tarkan bir milyona nə edir ki? Onun bizim ifaçılardan nəyi artıqdır? Bu təkcə incəsənətdə belə deyil. İdman sahəsində  neçə milyon verib xaricdən məşqçı gətiririk, lakin heç bir şey bacarmır. Ona verilən on manatın bir manatını özümüzünkülərə versək, daha effektli işlər görər.

- Bayağı musiqi ifa edənlərə  münasibətiniz necədir?

- Mənim hansısa müğənniyə qiymət verməyim doğru deyil, bütün musiqiləri dinləyirəm. Mahnıda əsasən sözə fikir verirəm, bir sözlə insanı məhv etmək olar.  Oxunan istənilən mahnının dinləyicisi var. Hərə özünə uyğun musiqiyə qulaq asır.

- Gənc ifaçılardan kimləri dinləyirsiniz? Onlara dəstək olursunuzmu?

- Mənim janrımda oxumaq istəyənlər var, gəlirlər kömək edirəm, mahnılarımdan verirəm ifa edirlər. Radioda efirə gedən bütün musiqiləri dinləyirəm, muğam ifaçılarına üstünlük verirəm. Babəki, Təyyarı, Eldənizi dinləyirəm. Gənc müğənnilərə iradım odur ki, sözə önəm versinlər, oxuduqları mahnılarda məntiq olsun.

- Toylara ən çox dəvət alan müğənnilərdənsiniz. El şənliklərini neçəyə gedirsiniz?

- Müğənnilər yalnız toylardan pul qazanır, başqa ölkələrdə ifaçı televiziyaya çıxanda ona qonarar verirlər, bizdə belə şey yoxdur. Toya getməsək nə ilə dolanarıq? Mən heç kimə qiymət demirəm, məni toyunda görmək istəyən insanların imkanları ilə razılaşıram. Mən Masallının Miyankü kəndi var, orda pulsuz toya getmişəm. Bəy mənim fanatım idi, dedi ki, çox istəyirəm toyumda iştirak edəsiniz, amma pulum yoxdur. Mən dedim ki, get toyu avqustun 19-da et, gələrəm. O da həmin günə saldı. Sonra mənə Moskvadan zəng vurdular ki, Amerikadan qonaqlar gələcək, toyda iştirak etməlisiz. Mən razılaşmadım, elə bildilər qiymət aşağıdır, qiyməti qaldırdılar, amma razılaşmadım. Onlara izah etdim ki, problem qiymətdə deyil, mən o toya pulsuz gedirəm və söz vermişəm. Masallıya toya getdim, iki saat iştirak edib qayıtdım.

- Neçə ildir, sənətdəsiniz, lakin sizə fəxri ad verilməyib. Bunun səbəbini nədə görürsünüz?

- Məncə fəxri ad  verilməsi şansla bağlıdır. 30 ildir səhnədəyəm, lakin mənə heç bir ad verilməyib. Tez fəxri ad alanlar buna layiq deyillər, heç olmasa,  20 il sənətdə fəaliyyət göstərməlisən ki, ad alasan. Fəxri ad alanları təbrik edirəm, almayanlara qismət olsun. Mən paxıl insan deyiləm.

- Oxucularımıza son sözünüz nədir?

- Sizin saytda müsahibəmi oxuyan vətəndaşlara demək istəyirəm ki, etik normalardan kənara çıxmasınlar. Çox istəyirəm ki, insanlar bir-birinə hörmətlə yanaşsın. İnşallah, tezliklə Qarabağımız geri qayıdar.