Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı 3 dekabr - Beynəlxalq Əlillər günü münasibətilə Teatrın nəzdindəki “Oyuq” teatr-studiyasının fəalları, eləcə də fiziki məhdudiyyətli uşaq və yeniyetmələrin iştirakı ilə klip və tamaşa hazırlayıb.

Teatrın Mətbuat xidmətindən Axşam.az-a verilən məlumata görə, noyabrın 30-da baş tutacaq tədbirdə ilk olaraq “Əlimdən tut” adlı mahnıya çəkilən sosial klip-musiqili çarx tamaşaçıların ixtiyarına veriləcək. Sözləri Cəmilə Allahverdiyevaya, musiqisi Vüqar Camalzadəyə aid mahnının ekran həlli olan klipdə studiyanın yetirmələri ilə yanaşı peşəkər aktyorlar, həmçinin UAFA təşkilatının üzvü olan fiziki məhdudiyyətli fəal uşaq və yeniyetmələr rol alıblar. Uşaqlara sevgi, həmrəylik, qarşılıqlı anlaşma və özünəinam aşılayan sosial çağırışlı klipin ideya müəllifi və rejissoru Səidə Haqverdiyevadır.

BMT-nin Əhali Fondu, “Park Bulvar” və UAFA-nın dəstək olduğu ideyanın reallaşdırılmasında əsas məqsəd fiziki məhdudiyyətli uşaqların digər həmyaşıdları ilə ünsiyyətini təmin etmək və maneəsiz inteqrasiyasını həyata keçirməkdir.

Təqdimatın ardınca tamaşaçılara “Oyuq”çuların ifasında müzikl təqdim olunacaq. Xalq şairi Nigar Rəfibəylinin yaradıcılığından “Kəpənək yuxusu”na müraciət edən yaradıcı heyət onun əsasında müzikl hazırlayıb. Bu səhnə işnini quruluşçu rejissoru Cəmilə Allahverdiyeva, quruluşçu rəssamı İqbal Əliyevdir. Səhnə işində uşaqlara təbiətə, ətraf aləmə sevgi, qayğı və diqqət təlqin olunur.

Tamaşanın ardınca studiya fəallarının ifasında rəngarəng konsert proqramı da təqdim olunacaq.