O, bizi İctimai Televiziyanın "Yeni gün" proqramından salamlayır, yeni günə səsləyir, studiyaya dəvət etdiyi qonaqlarına müxtəlif suallar ünvanlayır. Söhbət, aparıcı Aynur Fətullayevadan gedir.
 
Axşam.az teleaparıcı ilə müsahibəni təqdim edir:

- Söhbətimizə elə işinizdəki yeniliklərdən başlayaq.

- Yenilik budur ki, ötən mövsümdən aparıcısı olduğum "Qadın dünyası" verilişi bu yaxınlarda yenidən yayıma başlayacaq. İndi bu istiqamətdə hazırlıqlarımız gedir.

Ümumiyyətlə isə mən fəaliyyətimə yeddi il öncə İctimai Televiziyada başlamışam. Əvvəlcə "Qaraj" verilişinin aparıcısı kimi. O zaman Musiqili verilişlər departamentində çalışırdım.

Sonra "Yeni gün" proqramına dəvət olundum. Uzun illərdir ki, bu verilişin aparıcılarından biriyəm. Ekspertlər "Yeni Gün"ü tez-tez "mini tv" adlandırırlar. Çünki həftənin 6 günü üç saat canlı yayımlanan bu proqramda TV-yə məxsus hər şey var: bol informasiya, maarifləndirici söhbətlər və əyləncə. Bura müxtəlif səpkili qonaqları və tamaşaçı ilə canlı ünsiyyəti də əlavə etsək, mənzərə lap aydın olar. Biz, demək olar ki, "non-stop" rejimində çalışırıq. 3 saatın necə keçdiyini heç hiss etmirsən. Bir sözlə, yükü ağır verilişin öhdəsindən ən yaxşı şəkildə gəlməyə çalışırıq.

- Aynur xanım, niyə məhz televiziya?

- Mən uşaqlığımdan məktəb və rayon tədbirlərinin aparıcısı olmuşam. O illərdən başlayan aparıcılığım indiyədək də davam edir (gülür). Televiziyada çalışmaq uşaqlıq arzum idi.

- Adətən, öncələr sənə inanmayan, dəstək durmayan insanların uğurlar qazandıqca ətrafına toplaşdığını görürsən. Sizdə necə idi?

- Ailəmdə valideynlərim, qohumlarım, ətrafdakı hər kəs məni həkim kimi görmək istəyirdilər. Heç kim televiziya sahəsini ağlına da gətirmirdi. Hətta bu arzuma qarşı çıxmağa çalışanlar da oldu. Öncə ən böyük dəstəkçim anam idi. Amma bu sahəyə olan sevgimi, istəyimi və uğurlarımı görəndən sonra dəstəkləyənlərin də sayı artdı. Bu, həyatın qanunudur deyə bilərik. Mən buna normal baxıram. Heç bunun uğurlarla bağlı olduğunu da düşünmürəm, ya da insanların uğurlarıma görə yanımda olduğuna inanmaq istəmirəm. Həyatımdakı insanların səmimiyyətinə inanmağı seçirəm. Çünki inanmasam, güvənməsəm, yaşaya bilmərəm. Əlbəttə ki, qeyri-səmimi insanlarla da qarşılaşıram və bunu hiss edən kimi, onlardan uzaqlaşıram.



- Sizin fikrinizcə, aparıcı necə olmalıdır?

- Aparıcı zəngin bilik və dünyagörüşünü nümayiş etdirən səlis nitq mədəniyyətinə və kübar maneralara malik olmalı, efir qaydalarına riayət etməlidir. Bizim işimiz göz qabağındadır. Efirdə dediyin bircə yanlış söz bütün imicinin üstündən xətt çəkə bilər. Ona görə də aparıcı mütəmadi olaraq öz üzərində işləməlidir.

- Sizcə, təhsil şərtdirmi?

- Bəli, mütləq şərtdir.

- Təhsilsizlər çoxdur amma...

- Bu, təkcə televiziyaya yox, başqa sahələrə də aid ola bilər. Amma bu cür hal çox davam etmir. Zamanla hər şey yerini alır. Başqalarını deyə bilmərəm, İctimai TV - ciddi qurumdur və biz ciddi işlə məşğuluq. Burada savadlı və istedadlı aparıcılara üstünlük verilir.

- Bəzən aparıcılar səhər proqramına çıxmağa çəkinirlər. Siz isə uzun illərdir səhərin ilk saatlarından tamaşaçıların görüşünə gəlirsiniz. Hansı çətinlikləriniz olur?

- Yalnız aparıcılar deyil, elə bir çox adamlar səhər proqramına çıxmağa çəkinirlər, hətta dəvət etdiyimiz bəzi qonaqlar belə (gülür). Mən televiziyaya gələndə səhər proqramı aparacağımı, uzun illər bu cür gərgin iş rejimində çalışa biləcəyimi düşünməmişdim. Amma insan get-gedə öyrəşir, bu rejimə uyğunlaşır. Bunun öz üstünlükləri var. Deyirlər, tez yuxudan oyanmaqda bir fayda var. Biz də günə tez başlamaqla bir çoxlarından bir addım öndə oluruq. Efirə çıxdığım günlərdə mənim əhvalım çox yaxşı olur. Əlbəttə, həyatdır, bəzən hansısa problemlə üzləşə bilərəm, amma studiyanın qapısından içəri girən kimi hər şeyi unuduram, verilişə və qonaqlarıma adaptasiya oluram. Studiyadakı yaradıcı və işgüzar ab-hava mənim əhvalıma birbaşa təsir edir. Səhər efirinə çıxmaqdan heç vaxt şikayətçi olmamışam, əksinə, işimi çox sevirəm.

- Sizin tərəf-müqabili ilə birgə efirə çıxdığınız günlər də olur. Biri ilə efiri bölüşmək necə hissdir, hansı özəllikləri var?

- Bu, bilavasitə tərəf-müqabilinə bağlıdır. Baxır, sən efiri kiminlə bölüşürsən?! Əgər həmkar kimi bir-birini tamamlayıb, başa düşə bilirsinizsə, onda tərəf-müqabili ilə birgə proqramı aparmaq daha rahat olur. Biz bayramlarda, ölkəmizin tarixində önəm kəsb edən günlərdə proqramı duet şəklində aparırıq. Demək olar ki, aparıcı kimi yük azalır, harmoniya yaranır. Tamaşaçılar da bu cür duetləri sevirlər. Efir üçün daha rəngarəng görünür.



- İstənilən sənət sahəsində rəqabət var. Ancaq məhşurlarda bu rəqabət daha çoxdur. Bəs, televiziyada vəziyyət necədir?

- Təbii ki, bizim sahədə də rəqabət var. Ancaq əsas odur ki, bu, sağlam rəqabət olsun, başqa məqsədlərə xidmət etməsin. Rəqabət inkişafa xidmət etməlidir. "Yeni gün"çülər kimi biz bu istiqamətə üstünlük veririk. Əgər fikir verirsinizsə, 3 saatlıq efir boyu tamaşaçılara faydalı informasiyalar ötürür, cəmiyyətdə və dünyada baş verən ən maraqlı hadisələrə diqqəti cəlb edir, tanınmış siyasət, elm, mədəniyyət və incəsənət xadimlərini, nümunələrini təbliğ edirik. Bununla da TV-nin ən vacib 3 prinsipinə - məlumatlandırmağa, maarifləndirməyə və əyləndirməyə əməl etməyə çalışırıq.

- Aparıcı kimi fəaliyyətinizdə xarici televiziyalardan bəhrələnirsiniz, yoxsa ölkəmizin klassik TV ənənələrini davam etdirirsiniz?

- Bizim özümüzün çox gözəl klassik TV ənənələrimiz var. Azərbaycan Televiziyası kimi bir məktəb var. 61 illik zəngin tarixə malik olan AzTV-də fəaliyyət göstərmiş tanınmış diktorlarımız indiki aparıcılara ən böyük örnəkdir. Mən heç də düşünmürəm ki, bizim peşəkar aparıcılarımız dünya səviyyəsindən geri qalır. Elə İctimai TV-nin "Yeni gün" proqramını dünyadakı səhər proqramları ilə müqayisə edə bilərik. Əminəm ki, biz bu rəqabətdən "alnı açıq, üzü ağ" çıxarıq. Çünki üç saat boyu canlı yayımı idarə etmək hər kəsin işi deyil.

Azərbaycan "Eurovision" mahnı müsabiqəsinə ev sahibliyi edən dönəmdə "Yeni gün"ün çoxlu xarici qonaqları olurdu. Onların arasında əcnəbi həmkarlarımız da vardı. Onlar görəndə ki, biz üç saat canlı efir aparırıq, yaxşı mənada "hər vəziyyətdən çıxış yolu" tapırıq, heyrətlənirdilər. Əcnəbi həmkarlarımız deyirdilər ki, ölkələrində bu cür efirləri yalnız öncədən yazılışla həyata keçirirlər. Bu o deməkdir ki, Azərbaycan Televiziyasının canlı efir ənənələri bu gün də davam edir. Biz də işimizi ən peşəkar şəkildə həyata keçirməyə çalışırıq.



- Sizcə, indiki televiziyalarımızda nə çatmır?

- Mən yalnız aparıcısı olduğum "Yeni Gün" haqqında nəsə deyə bilərəm. Biz hər zaman proqramımızda tamaşaçıların istəklərini nəzərə almağa çalışır, onların zövqünü oxşamağa, eşitmək istədikləri mövzuları müzakirə etməyə, görmək istədikləri qonaqları efirə dəvət etməyə çalışırıq. Təvazökarlıqdan uzaq olmasın, amma kənardan proqramımız haqqında yalnız xoş sözlər eşidirik. Şükürlər olsun ki, bu günə kimi "Yeni Gün" proqramı və onun üç aparıcısı - Azər Süleymanlı, Rəşad Mehdili və özümlə bağlı heç bir mənfi rəy eşitməmişəm.

- Hazırkı tamaşaçının zövqünü necə dəyərləndirirsiz?

- Zövqlər müxtəlifdir. Amma tamaşaçıları qınamaq bizə düşməz. TV kütləni arxasınca aparmağı bacarmalıdır. Biz ən yaxşını təqdim edək, seçim - tamaşaçınındır.

Televiziyalarımızın da, tamaşaçılarımızın da ən yüksək mədəniyyət daşıyıcısına çevrilməsi hər birimizin istəyidir və bu yolda əlimizdən gələn hər şeyi edirik.

- Tanınmaq qadın kimi sizə çətinlik yaradıbmı?

- Xeyr, demək olar ki, yaratmır. Mən kamera qarşısında aparıcıyam, həyatda isə sakit təbiətli, riskləri və çılğınlıqları sevməyən insanam.

Şahanə MÜŞFİQ,

"525-ci qəzet"