"Dəli arzularımın ardından gedirəm..." - Simanın "Eşq"i

"Dəli arzularımın ardından gedirəm..." -  Simanın "Eşq"i
2659 dəfə oxunub
  • A-
  • A
  • A+

Gənc müğənni Sima Nəsirova media nümayəndələri ilə görüşüb. 

Axşam.az-ın məlumatına görə, sənətçi “Eşq” adlı mahnısına çəkdirdiyi klipini təqdim edib. Bəstənin sözləri Leyli Erola, musiqisi Tərlan Məmmədhüseynova məxsusdur. Klipin rejissor işi Orxan Məmmədliyə həvalə olunub.

Tədbir zamanı Sima ona ünvanlanan sualları cavablandırıb, yaradıcılığından danışıb. O bildirib ki, 7 ildir sənətdədir və üzərində dayanmadan çalışır:

“Bu gün məni tək qoymayan bütün qonaqlarıma təşəkkür edirəm. Hər zaman çalışıram ki, başqalarına bənzəməyim, yenilik gətirim. Mənim devizim seçilmək və başqalarından fərqlənməkdir. 7 ildir sənətdəyəm. Amma ilk dəfədir sizlərə və özümə hesabat verirəm.

İnanıram ki, klipimi bəyənəcəksiniz. Hər zaman belə bir tədbir keçirməyi arzulayırdım. Allah xəyallarımı gerçəkləşdirdi.

Eşqi də, məhəbbəti də sənətimdə tapmışam. Çox həyəcanlıyam. İlk layihəmdə mənə dəstək olan insanlara minnətdaram. Bu gün də onlar məni tək qoymadı. Klipin süjet xətti yoxdur. Orxanın ideyasına görə, ətrafımdakı qızlar, mənim arzu və hisslərimin obrazıdır. Onlar mənim iç dünyamı, sənətimə necə aşiq olduğumu ekranlara daşıyır. Ümidvaram ki, geniş izləyici auditoriyası çəkdiyimiz bu zəhmətə layiqincə qiymət verəcək”.

Təqdimat mərasiminə xalq artisti Gülyaz Məmmədova, müğənnilər Rüstəm Zeynallı, Nazim Pişyari, Əbdül Xalid, Rahidə Baxışova, Elvin Abdullayev, Vüsal Hacıyev, Rüfət Axundov, prodüserlər Tarix Əliyev, Təranə Səmədova, Zamiq İbrahimov və və başqaları iştirak edib.

Qeyd edək ki, Sima Nəsirovanın ifa etdiyi ilk mahnı “Bağışla məni” adlanıb. O, daha sonra “Peşman deyiləm “, “Yetər”, ” Salam Xalqım”, “Yalan sevgin”, “Gəl”, “Heyranınam “, “Susma belə “belə kimi bəstələri də səsləndirib və bir neçəsini ekranlaşdırıb.