Maestro alqışları, “bravo-bravo” sədalarını eşidib, bütün orkestrin üzvlərini ayağa qaldıraraq üzünü bizə çevirir və ehtiramla təzim edir.

Axı az öncə Çempionlar Liqasının o əzəmətli himnini ifa etmişdilər. Videosunu paylaşıram ki, siz də baxasınız.

Romanın nəhəng Olimpiya Stadionu “Qarabağ”la oyun günü öz VİP və jurnalist qonaqlarını həm də italyansayağı yüksək mədəniyyətlə qarşılayırdı - musiqinin sədaları ilə...

Televizorda görməyə adət etdiyimiz kimi tribunaları köhnəlmiş təsiri bağışlamır bu nəhəng arenanın. Hər şey ideala yaxındı. Başqa nə cür olmalıdı ki? Zamanında Yay Olimpiya Oyunlarını, düz 4 dəfə də Çempionlar Liqasının (Çempionlar kubokunun) finalını qəbul etmiş stadiondu. Və “Qarabağ”la matç üçün 72 minlik bu arenaya toplaşan 40-50 min azarkeş bilirsiniz neynirdi? Bir nəfər kimi ayağa qalxıb, “Roma”nın himnini oxuyurdu.

Bizdə isə elə adamlar var, klub qalsın bir kənara, yaşadığı dövlətin himni çalınanda belə ayağa durmağı şəninə sığışdırmır. Mən hələ dövlətin ali rəmzlərindən birinə hörmətsizlik edərək tum çırtlayanları, sırtıqcasına gülüb-danışanları demirəm. Sizin həzz almağınız, həmin adamlara isə örnək olsun deyə, “Roma”lıların oxuduğu himnin də videosunu yayımlayıram. Və Olimpiya Stadionundan ayrılıb gedirəm əzəmətli Kolizeyə...

Yox, əlbəttə, zamanında qladiatorların döyüş meydanı olmuş, səhnəsində neçə-neçə insanın qanı tökülmüş indiki əfsanəvi nəhəng tarixi abidə haqda danışmayacam. İnternet doludur o haqda yazılarla. Amma diqqətimi çəkən bir məqamı xüsusi vurğulamaq istəyirəm. Kolizeyə giriş yalnız bir 18 yaşına çatmayanlar üçün pulsuzdu, bir də jurnalistlər üçün (ən ucuz biletin qiyməti 12 avrodan başlayır). Qalan hamı - siyasətçi, iş adamı, sənətçi, idmançı, fərq etməz, kim olursa olsun, bilet alıb oranı ziyarət etməlidi. Və İtaliyada, bildiyimə görə, Avropanın bəzi digər ölkələrində də belədi: press-kartını göstərib, istədiyin tarixi abidəni pulsuz ziyarət edə bilərsən. Bu, bir tərəfdən jurnalistikaya qiymətdisə, digər tərəfdən də həmin tarixi yerlərin pulsuz reklamına hesablanmış bir mədəni jestdi. İndi isə Kolizeydən qayıdıram yenidən Olimpiya stadionuna. Daha doğrusu...

***

Oyun üçün jurnalistləri oteldən arenaya aparacaq avtobusun qarşısında və arxasında polis maşını durub. Hə, bizi müşayiət edəcəklər. Yola düşürük. Sirenanın səsi dayanmaq bilmir. Qarşımızdakı polis maşını tıxacı necə yara-yara gedirsə bir də görürük ki, ünvana çatmışıq. Qəfil yadıma düşür ki, axı dünən, bazar günü “Qarabağ”ın məşqini izləmək üçün bomboş olan bu yolla stadiona biz 20-25 dəqiqəyə çatmışdıq. İndi necə olur, böyük tıxacın olduğu həmin yolla o stadiona daha az vaxta - cəmi 15-20 dəqiqəyə çatırıq... Hə, polis yolu biz jurnalistlər üçün boşaldırdı bu öz yerində, amma maşını, yaxud avtobusu geniş olmayan yollarda Şumaxersayağı o cür sürətlə idarə etmək olardımı?

Olarmış demək.

Gözəl İtaliya! Mənim məmləkətimə nə qədər çox bənzəyirmişsən...

***

Vaxt çox tez keçir. Bir də görürük ki, artıq stadionda deyil, təyyarədəyik. “Qarabağ” “Roma”ya uduzub. Çempionlar Liqası ilə bu il üçün vidalaşıb. Amma Bakıya bu böyük yarışda mənəvi qələbə qazanmış komanda kimi qayıdır.

Qurban müəllimə sağ ol deyək.

Bütün “Qarabağ”a sağ ol deyək...

Sənə isə, Grazie, Roma!

Aydin BAĞIROV

[email protected]