“Heydər Əliyev: Şəxsiyyət və zaman” Rusiyada təqdim olunub

“Heydər Əliyev: Şəxsiyyət və zaman” Rusiyada təqdim olunub
622 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycanın Rusiyadakı səfirliyində deputat Elmira Axundovanın “Heydər Əliyev: Şəxsiyyət və zaman” üçcildlik roman-tədqiqatının təqdimatı keçirilib.

Axşam.az AzərTac-a istinadən xəbər verir ki, Heydər Əliyev Fondunun dəstəyi ilə “Kanon-plyus” nəşriyyatında çapdan çıxmış üçcildlikdə dahi şəxsiyyətin həyat və fəaliyyətinin müxtəlif dövrləri barədə maraqlı faktlar, onun müsahibələri və arxiv materialları toplanıb.

Həmin gün tanınmış siyasi və ictimai xadimlər, Heydər Əliyevin dostları və məsləkdaşları, dost ölkələrin səfirləri Ulu öndərin xatirəsini yad etmək üçün Azərbaycanın Rusiyadakı səfirliyinə gəliblər.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu gecəni açaraq qeyd edib ki, ənənəyə görə Azərbaycan xalqının ümummilli liderinin anım günündə Heydər Əliyevin dostları və məsləkdaşları onun dəfələrlə olduğu bu səfirliyin binasında toplaşırlar. Bu dəfə xatirə günündə yazıçı-publisist, Ulu öndərin irsinin tədqiqinə illərlə vaxt sərf etmiş Elmira Axundovanın yeni üçcildliyi təqdim olunacaq.

Kitabın müəllifi Elmira Axundova bu genişmiqyaslı layihənin həyata keçirilməsində göstərilən dəstəyə görə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya, Heydər Əliyev Fondunun icraçı direktoru, Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi Anar Ələkbərova təşəkkürünü bildirib.

RF Dövlət Dumasının beynəlxalq məsələlər komitəsinin sədri Leonid Slutski üçcildliyin müəllifi Elmira Axundovaya bu kitabın yaradılması üçün çəkdiyi böyük zəhmətə görə təşəkkür edib.

Təqdimat mərasimində Rusiya Rəssamlıq Akademiyasının prezidenti Zurab Sereteli, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MDBMİ) professoru, Rusiya Politologiya Cəmiyyətinin prezidenti Oksana Qaman-Qolutvina, Rusiya Neft-Qaz Sənayeçiləri İttifaqının prezidenti Gennadi Şmal, RF-nin Əməkdar Rəssamı Nikas Safronov, Gürcüstan “Mədəniyyətlərin dialoqu-XXI” Assosiasiyasının prezidenti Valeri Asatiani çıxış ediblər.

Qeyd edək ki, “Heydər Əliyev: Şəxsiyyət və zaman” üçcildliyi ümummilli lider Heydər Əliyev haqqında Moskvada nəşr edilmiş ilk böyük əsərdir.