"Qətibə İnanc"ın premyera vaxtı açıqlandı

"Qətibə İnanc"ın premyera vaxtı açıqlandı
993 dəfə oxunub
  • A-
  • A
  • A+
Akademik Milli Dram Teatrında “Qətibə İnanc” tamaşasının premyerası keçiriləcək.

Teatrın Mətbuat xidmətindən Axşam.az-a verilən məlumata görə, dekabrın 14-də təqdim olunacaq iki hissəli səhnə əsəri görkəmli Azərbaycan yazıçısı Məmməd Səid Ordubadinin “Qılınc və qələm” romanının motivləri əsasında Çingiz Ələsgərli tərəfindən yeni səhnə versiyasında işlənib.

Tamaşanın quruluşçu rejissoru xalq artisti Mərahim Fərzəlibəyov, quruluşçu rəssamı əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, musiqi tərtibatçısı Kamil İsmayılov, rejissor assistenti Vüqar Məmmədovdur. Səhnə əsərində xalq artisti Bəsti Cəfərova (Qətibə İnanc), əməkdar artist Sabir Məmmədov (Nizami), aktyorlar - Rövşən Kərimduxt (Hüsaməddin), Rüstəm Rüstəmov (Qızıl Arslan), İlyas Əhmədov (Fəxrəddin), əməkdar artist Kazım Abdullayev (Toğrul), aktrisalar - Şəhla İsmayılova (Səba), Fidan Cəfərova (Gənc Qətibə), aktyor Elnur Qədirov (Qutluğ), əməkdar artistlər - Mirzə Ağabəyli və Elxan Quliyev (Vəzir), aktyor Cümşüd Zeynalov (Zindan keşikçisi), əməkdar artistlər - Məzahir Cəlilov (Qazı) və Əlvida Cəfərov (Saray əyanı) iştirak edirlər.

Tamaşa Gəncə hakimi Əmir İnancın qızı Qətibə İnancın Şeyx Nizamiyə olan cavabsız məhəbbətinə həsr olunub. Şeyx tərəfindən məhəbbəti rədd ediləndən sonra Qətibə İnancda hamıya qarşı nifrət yaranır. Bu nifrətinə görə Qətibə sevmədən Məhəmməd Cahan Pəhləvana ərə gedir, ondan Qutluğ adlı oğlu olur.

Qeyd edək ki, ilk dəfə 1977-ci ildə görkəmli rejissor Tofiq Kazımov “Qılınc və qələm” əsərini tamaşaya qoyub.