"Əli və Nino" Xorvatiyada - fotolar

"Əli və Nino" Xorvatiyada - fotolar
930 dəfə oxunub
  • A-
  • A
  • A+
Xorvatiyanın Zaqreb şəhərində Qurban Səidin dünya bestselleri olan eyniadlı romanı əsasında ekranlaşdırılan “Əli və Nino” filmi nümayiş etdirilib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Axşam.az-a verilən məlumata görə, tədbir Azərbaycanın Xorvatiyadakı səfirliyi və Xorvatiya-Azərbaycan Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə baş tutub.

Azərbaycanın Xorvatiyadakı səfiri Fəxrəddin Qurbanov sevgi hekayəsindən bəhs edən bu möhtəşəm filmin ekranlaşdırılmasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın işini yüksək qiymətləndirib və bugünki hadisənin Azərbaycanla Xorvatiya arasında mədəni münasibətlərininin inkişafına mühüm töhfə verəcəyinə əminlik ifadə edib. Filmin süjet xəttindən bəhs edən F.Qurbanov, coğrafi baxımından Avropa və Asiyanın kəsişməsində yerləşən Qafqaz regionunun müxtəlif sivilizasiya və mədəniyyətlər arasında ixtilafların aradan qaldırılmasında körpü rolunu oynadığını qeyd edib, əsrlər boyu bu coğrafiyada müxtəlif etnik və mədəni qrupların sülh və əminamanlıq şəraitində birgə yaşadığını diqqətə çatdırıb.

Xorvatiya-Azərbaycan Dostluq Cəmiyyətinin sədr müavini Nataliya Oştariyaş iki ölkə arasında bütün sahələrdə əlaqələrin yüksək səviyyədə inkişafından məmnunluq ifadə edib, nümayiş olunan filmin yalnız iki gəncin məhəbbət hekayəsindən deyil, eləcə də Azərbaycan xalqının müstəqillik uğrunda apardığı mübarizə və Azərbaycanda tarixən mövcud olan tolerantlıq və multikulturalizm ənənələrindən bəhs etdiyini vurğulayıb. Filmin nümyişi ilə yanaşı, tədbir iştirakçılarına “Əli və Nino” əsərinin xorvat dilində dərc olunan nüsxəsi təqdim edilib.

Tədbirdə Xorvatiyanın dövlət və ictimai xadimləri, Zaqrebdə fəaliyyət göstərən diplomatik korpusun təmsilçiləri, qeyri-hökumət təşkilatları və ictimaiyyətin nümayəndələri iştirak ediblər.