"Vicdan haqqı"nın "Kamil"i “Ən yaxşı kişi aktyoru” oldu - fotolar

"Vicdan haqqı"nın "Kamil"i “Ən yaxşı kişi aktyoru” oldu - fotolar
5246 dəfə oxunub
  • A-
  • A
  • A+

Gəncə Dövlət Dram Teatrının aktyoru, əməkdar artist Elxan Abbasov Türkiyənin Ankara şəhərində baş tutan Hak-iş Beynəlxalq Qısa Film festivalında "Ən yaxşı kişi aktyoru" nominasiyası üzrə birinci yerə layiq görülüb.

Axşam.az-ın məlumatına görə, Hak-iş Beynəlxalq Qısa Film festivalı çərçivəsində 5404 filmin təqdimatı baş tutub. 11 kateqoriya üzrə mükafatlandırmada “Ən yaxşı film” nominasiyası üzrə birinci yerə gənc rejissor Amil Məmiyevin "Qara bağ" filmi və “Ən yaxşı kişi aktyoru” nominasiyası üzrə birinci yerə həmin filmin baş rol ifaçısı Elxan Abbasov qazanıb. Mükafatları Türkiyənin Mədəniyyət və Turizm Naziri Numan Kurtulmuş təqdim edib.

Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında lentə alınmış filmdə “Qara bağ” dilək ağacına bağlanan qara düyünlər mənasındadır və Azərbaycanın əzəli torpağı olan Qarabağla bağlı hadisələr onun vasitəsilə filmin ümumi kontekstinə köçürülür. Filmin quruluşçu rejissor və ssenari müəllifi Amil Məmiyev, quruluşçu operator Rauf Qurbanəliyev, quruluşçu rəssam Əziz Məmmədov, bədii rəhbər Cəmil Quliyev, icraçı prodüseri Arif Səfərov, prodüseri Müşfiq Hətəmovdur.

Qeyd edək ki, Elxan Yunis oğlu Abbasov Gəncə Dövlət Dram Teatrının aktyorudur. Bir çox tamaşalarda, filmlərdə və seriallarda iştirak edən Elxan Yunis 2014-cü ildə Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülüb.

Xatırladaq ki, Elxan Yunis hazırda "Vicdan haqqı" serialında "Kamil" obrazını canlandırır.