Axşam.az Azərbaycanda ilk seks kitablarının müəllifi, yazıçı-publisist Allahverdi Eminovun Kulis.az-a verdiyi müsahibəni təqdim edir:

- Allahverdi müəllim, siz ixtisasca filoloqsunuz. Bir xeyli elmi, bədii kitabların müəllifisiniz. Amma hamı sizi “Payıza qədər” kitabı ilə tanıyır...

- Bu kitab 1990-cı ildə çıxıb. Sovet hökumətinin nəfəsinin gedib-gəldiyi vaxtda. Heç kim inanmırdı ki, sovet hökuməti dağılacaq. Mən risk edib bu kitabı yazdım. Özü də bu kitabı vəhylə yazmışam. Cəmi 20 günə yazıb bitirdim. Mərhum şairimiz Tofiq Abdin kitabımı mətbuatda roman kimi təqdim etmişdi. Ancaq mən bu kitabı esse janrında yazılmış traktat hesab edirəm. Mənə qədər heç kim belə bir kitab yazmağa cəsarət etməmişdi. Bu kitabda öz şəxsi düşüncələrimdən çıxış etmişəm. Demək istəmişəm ki, heç bir kişi qadınla intim münasibəti özünə ayıb bilməsin. Seks Allahın əmridir. Kişi qadınla intim münasibətə girirsə, o zaman dünyaya övlad gətirir. Hər bir övlad da Allaha qulluq edəcək. Mən müşahidələrimi qələmə almışam. Görmüşəm ki, cavanlarımız seks barədə maariflənməyiblər. Seksi tamam ayrı cür anlayırlar. Mən kitabda seks sözünə maraqlı bir alternativ yaratmışam: “İntim oyun”. Sizə bir şey deyim. Kitabda da bu nüansa toxunmuşam. Bizim kişilər gedirlər Rusiyaya, Nataşaları vurub qoltuğuna gətirirlər öz kəndlərinə. Nataşa da belə mühitdə yaşaya bilmir, qaçıb gedir. Bizim qızlar isə sekssiz bir həyat keçirirlər. Nə olar ki, bir az qızlarımız özlərinə fikir versinlər, davranış qaydalarına riayət etsinlər, seksin bir mədəniyyət olduğunu anlasınlar. Seks sözündən məni o qədər qorxudublar ki, adını çəkə bilmirəm (gülür). Bu intim münasibətin öz mədəniyyəti, gözəlliyi, estetikası var. Təsəvvür eləyin ki, bizim təzə ərə gedən qızlarımız orqazmın nə olduğunu bilmirlər. Kor-koranə yaşayırlar. Orqazm Allahla insan arasındakı vasitədir. Çünki orqazmsız dünyaya uşaq gələ bilməz. Bu seksin bioloji tərəfidir, amma onun həm də mədəni tərəfi var.

- Aydındır ki, bu maarifləndirmə sizə baha başa gəlib...

- Hə... (gülür). Məni çox tənqid elədilər. 50-dən çox tənqidi məqalə yazıldı haqqımda. Mərkəzi Komitədə bir nəfər işləyirdi. Tez-tez görüşürdük, mənim gənclik dostum idi. Bir gün ona dedim ki, nə əcəb Mərkəzi Komitə bu kitaba münasibət bildirmir. Güldü, dedi, Allahverdi müəllim, Mərkəzi Komitədəkilərin hamısının masasının üstündə bu kitab var. Qapı açılan kimi tez aşağı qoyurlar. Dostum deyirdi ki, onlar ideoloji cəhətdən bu kitabı ziyanlı hesab etmirlər, sənin doğru yazdığını düşünürlər. Sadəcə tənqidlərin qarşısını almaq mümkün deyil.

- Pornoqrafiya kimi təqdim edənlər də olub kitabı...

- Düzdü. Mən onlara demişdim ki, əşşi, pornoqrafiya ayrı şeydi. Mən beynəlxalq aləmdə qəbul olunan seks sözünü işlətmişəm. Kitabda məhəbbəti tərənnüm etmişəm. Nə pornoqrafiya? Bunları çaşdıran kitabın birinci şəxsin dili ilə yazılmasıydı. Onlara elə gəlirdi ki, Allahverdi müəllim öz tərcümeyi-halını qələmə alıb. Axı dünyanın ən məşhur yazıçıları birinci şəxsin dili ilə yazırlar. Nə olsun? Bu o demək deyil ki, şəxsi həyatındı.

- Bu kitaba görə sizə anonim məktublar da gəlib...

 - Çox...

- Qadınlar yazırdı?

- Qadınlardan az gəlirdi, açığı. Daha çox kişilər yazırdı. Ən çox telefon zəngləri olurdu. Mən o vaxtı “Maarif” nəşriyyatının direktorunu rəsmi şəkildə əvəz edirdim. Öz şəxsi kabinetim vardı. İşlədiyim yerin telefon nömrəsini tapmışdılar, durmadan zəng edirdilər. Həm də mən veriliş aparırdım. 83-cü ildən 92-ci ilə qədər. Üç veriliş aparmışam. Direktoru əvəz edəndə “Ziya” verilişini aparırdım. Onları bu da qıcıqlandırıdı. Həm veriliş aparıcısı, həm də Dövlət Nəşriyyatının direktoru olmağım.

- Zəng edib nə deyirdilər?

- Deyirdilər, Allahverdi müəllim, siz haqlısınız, siz bizim hislərimizi verə bilmisiniz. Mən də deyirdim, bunu mətbuata yazın. Deyirdi, axı mənim ailəm var, yaza bilmərəm. Hətta mənə bir neçə adam demişdi ki, tərif yazısı yazmışdıq, apardıq redaksiyaya, qəbul etmədilər. Çünki kitab haqda yalnız tənqidi yazıları çap edirdilər. Mənə şəxsi həyatımla bağlı suallar verirdilər. Yazdığım hislərinin doğru olub-olmadığını. Mən də deyirdim, qadınlara böyük hörmət göstərmişəm, yaxşı yaşamışam həmişə, o hislər həyatımda olub. Kitabda da yazmışam ki, kişi gərək namuslu qadını, intim həyata meylli olmayan qadını vəzifəsindən, pulundan istifadə eləyib yoldan çıxarmasın. Bu, kişilik deyil. O qadının ki, buna meyli var, əri yoxdu, bu normaldı.

- Yəni o qadını yoldan çıxarmaq olar?

- Hə, bu olar. Özünün xoşu gəlirsə. Meyli varsa. Mən həyatım boyu namuslu qadınları yoldan çıxarmamışam. Vəzifəm də olub, pulum da... Qadın olub ki, gəlib mənə öz həyatını danışıb. Deyib, ərim var, başqa qadınla görüşür, istəyirəm boşanım ondan. Demişəm, elə şey eləmə. Bu, müvəqqəti bir hisdir, ötüb keçəcək. Ehtiraslar sönüb gedir. Kitabın adını da təsadüfən “Payıza qədər” qoymamışam. İnsan 100 il də yaşaya bilər. Ancaq intim qabiliyyət çox çəkmir. Müəyyən yaşa çatanda o güc əldən gedir. Yəni Allah o gücü sənə əbədi vermir. Mən də insanlara deyirəm ki, gücünüz yetdiyi qədər bu hissi yaşayın. Cavanlara üzümü tuturam: etikadan kənara çıxmadan, estetik davranaraq yaşayın bu hissi.

- Kitabdan sonra sizə intim həyatını danışan qadınlar olub?

- Danışıblar. Çox danışıblar. Məndə nə qədər məktub var. Gündəliyimdə də yazıram bunları.

- Yadınızda nə qalıb o məktublardan?

- Məsələn, yazırdılar ki, sizinlə görüşmək istəyirəm, amma ailəliyəm. Yazırdılar, sizə o yaşı vermək olmaz, cavan birinə oxşayırsınız.

- Münasibət qurmaq istəyən olub?

- Mən İdman İnstitutunda iki il işləmişəm. Auditoriyada zəhmli olurdum deyə, qızlar çəkinirdi məndən. Orda bir xanım məni otağa dəvət etmişdi. Soruşdum, nişanlın var. Dedi, hə, amma Moskvadadır. Dedim, mən risk eləmirəm. Təəssüflə “heç nə olmaz, mən bunu elə-belə təklif etdim” dedi və birdən nə desə yaxşıdır? Müəllimi sevmək olmaz? Sonuncu cümləsi bu olmuşdu. Mən də dedim, müəllimi sevmək olar, amma o sevgi platonik qalsın.

- Razılaşdığınız olmayıb?

- Yox. Bu təbii olmalıdır e. Təbii... O sahədə mənim öz konsepsiyam var. Mən dərs deyirəm buna, bəlkə də qiymət üçün bu yola əl atır. Təmənna var altında. Mən intimə dindən də baxıram. Bunun axirəti var axı. Elədiyinə görə cavab verəcəksən.

- Kitabınız Freydin fikri ilə bitir: “Qadın nə istəyir?”

- Bəli. Sonra mən kitab kimi yazdım bunu, adını da qoydum “Qadın nə istəyir?” Çap olunmayıb hələ.

- Deyəsən, sualın cavabını tapmısınız...

- Cavab tapmışam. Sizə bir əhvalat danışım. Bir alim teorem kəşf eləyib, ancaq teoremin cavabını yoxa çıxarıb. Kəşfini riyaziyyat institutuna təqdim edib. Teoremin cavabını soruşublar, alim deyib ki, bunun cavabı var, amma mən istəyirəm, cavabı özləri axtarıb tapsınlar. Elan verirlər, dünyanın ən məşhur riyaziyyatçılarını teoremin cavabını tapmağa çağırırlar. Uzun illər heç kim tapa bilmir. Nəhayət biri gəlib deyir ki, mən tapmışam, ancaq bunu yalnız institut rəhbərliyinə deyə bilərəm. Qoy heç olmasa o alimin xətrinə alimlər hər üç ildən bir yığışsınlar. Mən bu əhvalatdan yola çıxıb deyirəm ki, cavabı tapmışam, amma bu da birmənalı deyil. Qadının yeganə ən böyük tələbi onun intim münasibətidir. Fikir verin, yaxşı vəzifədə olan adamın qadını bəzən sürücüyə qaçır. Yaxud da hər şeyi ilə təmin olunmuş qadın yenə də xəyanət edir. Məsələ intim mənada təmin olunmamağıdır.

- Bəlkə, bunun bir səbəbi də erkən nikahdır? Tanımadığı, sevmədiyi şəxslə ailə həyatı qurmaqdı?

- Xəyanət gendən gəlir. Hətta gözəl bir misalımız da var: “Anası gəzən ağacı balası budaq-budaq gəzər”. İkinci, xəyanətin kökündə sosial mühitin rolu var. Ehtiyac məsələsi... Qadının xəyanətinin səbəbi kişiyə qısqanclıqdandı. Görür, kişi xəyanət edir, o da bunu sınamaq istəyir. Orda günahkar kişidir. Məsələn, zəng edirlər qadına, deyirlər, sənin kişin filankəslə gəzir. Rayon, kənd qadınları bunu normal qarşılayar. Amma yüksək vəzifədə olan, imkanı olan qadın qisas almaq istəyir. Mən açıq deyirəm: başqa qadınla görüşmək evli kişi üçün məqbuldur. Amma ərli qadının başqa kişiylə görüşməsi bizim ənənəmizə görə olmaz. Mentalitet qəbul etmir.

- Cinsi ayrı-seçkilik deyilmi bu?

- Ərindən boşansın, sonra başqa kişiylə münasibət qursun.

- Bizim cəmiyyətlərdə boşanmış qadına da münasibət yaxşı olmur. Belə olanda nə etsin?

- “Aytəkinin taleyi” romanında sizin verdiyiniz sual üzərində gəzişmişəm. Bizdə dul, boşanmış qadına yaxşı baxmırlar. Axı bu hamının başına gələ bilər. Niyə biz buna pis baxmalıyıq?

Mənim əmim vardı, müharibə getdi və gəlmədi. Onun yoldaşı ərindən sonra heç kimlə ailə həyatı qurmadı. Beş uşağı təkbaşına böyütdü. 90 il yaşadı qadın. Ölmədən əvvəl uşaqlarına vəsiyyət eləmişdi. Demişdi, sandıqdan toy gecəsi geyindiyim paltarı sinəmə qoyub elə basdırarsınız məni.

- Dəhşətdir.

- O qadını vəsiyyətinə uyğun şəkildə Şıxlı qəbiristanlığında dəfn eləmişdilər. Bizim bu cür qadınlarımız da var.

- Bizdə bu düşüncə də var: qadın sona qədər ərinə sadiq qalmalıdır, o öləndən sonra evlənməməlidir. Amma kişi üçün belə bir qayda yoxdur...

- Əgər ər ölübsə, ya biryolluq xaricə gedibsə, ya boşanıbsa, o qadın başqa kişiylə münasibət qura bilər.

- Yəqin, ailə qurmasını nəzərdə tutursunuz...

- Əlbəttə. Sizə bir şey də deyim. Versiyaya görə, Məhəmməd peyğəmbərin 13 həyat yoldaşı olub. “Qadın nə istəyir?” adlı kitabımda bu barədə ayrıca fəsil yazmışam. Mən çoxarvadlılığın tərəfdarıyam. Ancaq bu şərtlə ki, evli olduğu qadınların hamısını intim mənada təmin eləyə bilsin. Eyni zamanda da maddi cəhətdən təmin etmək lazımdır.

- Belə olanda qadına haqsızlıq edildiyini düşünmürsünüz?

- Mən çoxarvadlılıq deyəndə 300 qadın demirəm (gülür). Üç qadından artıq olmaz. Təbii ki, bunun mənəvi tərəfləri də var.

- Allahverdi müəllim, cəmiyyətimizdə azad seksin tərəfində olan gənclər var. Buna necə baxırsınız?

- Yox. Buna qətiyyən razı deyiləm. O zaman bizim istiqamətimiz yaxşı olmaz. Biz Fransa deyilik. Bizim dinimiz, mentalitetimiz var.

- Bəzən bu qapalılığın fəsadları ortaya çıxır. Sevgililər intihar edir, başlarına faciəvi hadisələr gəlir. Bəs bunu necə tənzimləmək olar?

- Öpüş qəbul oluna bilər. Məndə olan məlumata görə öpüşün 108 növü var. Öpüş bir-birini anlamaq üçün çox gözəl vasitədir. Sən bir qadınla sevişirsənsə, niyə bunu uzadırsan? Evlən getsin də... Mənə görə, bakirəlik gözlənilməlidir.

- Qadın üçün bakirəliyin uzun müddət gözlənilməsi ona problem deyil?

- 40 yaşdan sonra uşaq dünyaya gətirməsi mümkünsüz olur. Qalan heç bir problemi yoxdur. Sadəcə uşağı olmaya bilər. Elə ona görə deyirəm ki, sevirsənsə bunu niyə uzadırsan, ailə qur da. Qız sənin üçün hər şey eləyə bilər. Amma sən ondan istifadə eləməməlisən. Yoxsa bu sənin də başına gələr sonra. Sənin qızının, bacının, ən doğma adamının başına gələr.

- Allahverdi müəllim, bir çap olunmayan kitabınız var dediniz: “Qadın nə istəyir?” Başqa yenə var?

- Var. Birini də yazmışam: “Qadınlar və kişilər zövqlər səltənətində”. Üç-dörd gündü bitirmişəm. Mən Ginnesin rekordlar kitabına düşə bilərdim. Şərqdə ilk seks kitabı yazan biri kimi... Sadəcə sənəd-sünəd işi vardı, düşmədim dalınca. Kitabda seksin mədəniyyətindən yazmışam. Məsələn, intim münasibətdə qara, qırmızı rəngdə çarpayıya girmək olmaz. Bizim nadanlar girirlər. Sən mələklə otağa girirsən e. Sənin ixtiyarındadır. Burda harmoniya, ahəng olmalıdır. Sizə maraqlı bir fikir deyim. Çin seksoloqu Qalinin sözü var: “İntim münasibətdən sonra yalnız iki məxluq həzz alır: biri qadınlar, biri xoruzlar”. Kişilər intim münasibətdən sonra peşmançılıq çəkirlər. Neçə il o qadına görə vurnuxursan, dalınca düşürsən, razılığını almağa çalışırsan, axırda da öz-özünə deyirsən ki, əşşi, dəyərdi mənim o qədər əziyyətimə? (gülür).

- Amma deyirlər, kişinin təlabatı daha çoxdur...

- Əlbəttə. Qadın istəyir ki, sən məhəbbət oyunu oynayasan. O, bu prosesə əyləncə kimi baxır. Rəqsə bənzədir seksi. Bəzən biz deyirik ki, filan qadın niyə o kişidən əl çəkmir? Çünki o qadın orda özünü tapır. Sevmək deyil bu. Mən sevgiyə inanmıram, elə bir şey yoxdur. Sadəcə məhəbbətdir, xoşa gəlməkdir.

- Freydlə razısınız onda...

- Hə, həqiqətən belədir.

- Freyd insanın gün ərzində iki fikirdə olduğunu deyir: seks və ölüm. Siz necə düşünürsünüz? Bizim hər hərəkətimizdə, davranışımızda seksual motiv var?

- Kişi seksdə orqazm zamanı ölür. Qadınla çox ünsiyyətdə olan kişi cavan qalır. O kişi artıq ölümü görür. Müdrikləşir. Ölümün özünün ləzzəti var. Məşhur rus fizioloqu Pavlov ölmədən əvvəl dostlarına deyir ki, yaxına gəlməyin, görüm insan necə ölür. Bu ölümü görmək üçün seks yaşamalısan. Amma həqiqi seks. Yoxsa, heyvan kimi...

- Qadın da ölür?

- Əlbəttə. Qadın olmadığım üçün kişiləri misal çəkdim (gülür). Fikir vermisiniz, gəzəyən qadınlar qayğılı qadınlardan fərqli olaraq, nə qədər cavan qalırlar. Qadın var ki, seks zamanı az qala ağlayır. Bax o qadın artıq ölür. O qadın ölmək istəyir. Həm də istəmir. İkisinin arasında qalıb. Seks nədir? Ölüm. İki insanın bir yerdə ölməsi.