"Kinoteatrlar arasındakı qalmaqal film biznesini çökdürəcək"

"Kinoteatrlar arasındakı qalmaqal film biznesini çökdürəcək"
1274 dəfə oxunub
  • A-
  • A
  • A+

Lider TV-də yayımlanan "Status” verilişinin Azərbaycan kinoteatrlarına həsr olunan buraxılışında onların iş prinsiplərinin pərdəarxası məqamları açılıb.

Axşam.az xəbər verir ki, verilişdə qonaq olan "Xoxan”, "Naxox” filmlərinin prodüseri Orxan Mərdan deyib ki, "CinemaPlus” kinoteatrlar şəbəkəsi ilə "ParkCinema” arasında "soyuq müharibə” hökm sürür. Onun sözlərinə görə bu da film istehsalına böyük zərbə vurur:

"Kinoteatrlar arasında dava, hay-küy "Xoxan” filmi ilə başladı. Onlar arasında çoxlu pul qazanmaq hərisliyi yarandı. 90-cı illərdən bu günə qədər Azərbaycan kinosundan küsmüş tamaşaçını son 3 ildə kinoteatrlara gətirə bildik. İlham Qasımov, mən, İlkin Həsəni və indi adlarını saya bilməyəcəyim qədər bu işə can yandıran insanlar bunu etdi. Sonra Azərbaycan və türk filmlərinin satışı, izlənməsi kütləviləşdi və kinoteatrların maddi qazancı artdı. Kinoteatrlarımız Hollywood filmlərindən bu qədər pul qazanmayıblar. Keçən ilə kimi 150 min tamaşaçı var idi. Rəqabət nəticəsində bu say 50-60 minə enib. "CinemaPlus” kinoteatrlar şəbəkəsi ilə "ParkCinema” kinoteatrlar şəbəkəsi arasında dava var və bu dava nəticəsində biz filmimizi yalnız onlardan birində nümayiş etdirə bilirik”. 

"ParkCinema” kinoteatrlar şəbəkəsinin satış və marketinq direktoru Musa Axundov isə bildirib ki, bu şərtlər onlar tərəfindən deyil, "CinemaPlus” kinoteatrlar şəbəkəsi tərəfindən irəli sürülür.

Rejissor İlham Qasımov əlavə edib ki, bu şərtlər və rəqabət təbiidir:

"Lakin kinoteatlar istədikləri şərtləri və qiymətləri qoysalar, təzə yaranmaqda olan kino biznesi çökəcək. Kinoteatrlara müəyyən nəzarət olmalıdır”