Müslüm Maqomayev adına Dövlət Akademik Filarmoniyasında xalq artisti Qara Qarayevin anadan olmasının 100 illiyi təntənəli şəkildə qeyd edilib.

Axşam.az xəbər verir ki, dövlət və hökumət rəsmlərinin, tanınmış elm və mədəniyyət xadimlərinin iştirak etdikləri tədbirdə qonaqlar əvvəlcə Filarmoniyanın foyesində görkəmli bəstəkarın ömür yolundan bəhs edən fotosərgiyə baxıblar.

Mərasimdə baş nazirin müavini, xalq yazıçısı Elçin Əfəndiyev bəstəkarın 100 illiyinin ölkəmizdə silsilə tədbirlərlə qeyd edilməsini tarixi hadisə adlandıraraq deyib:
 

“Düz on il bundan əvvəl, bu gün, bu zalda Qara Qarayevin 90 illiyini keçirdik və o zaman da mən onun haqqında qısa bir söz dedim. Budur, aradan on il keçib və bu on ildə də böyük Qara Qarayev sənəti daim bizimlə bir yerdə olub, həyatın mənası barədə, xislətin qadir olduğu mərhəmət və qəddarlıq, vəfadarlıq və riyakarlıq, sədaqət və xəyanət barədə düşündürüb, eyni zamanda, bu sənətin bəşəri mahiyyəti, milli və coğrafi sərhədlər tanımaması, irqindən, dinindən asılı olmayaraq, insanların qəlbinə və düşüncəsinə yol tapması bizi həmişə olduğu kimi, fərəhləndirib, bizə qürur gətirib. Əlbəttə, burada hər şey aydındır: nəsillər bir-birini əvəz edir, Qara Qarayev isə bütün nəsillərin daimi müasiridir – dünən də belə idi, bu gün də belədir, sabah da belə olacaq”.

Yubiley mərasimində əməkdar incəsənət xadimi Elşad Bağırovun dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri çıxış edib. Konsertdə Qara Qarayevin klassik Süita (4 hissədə), 2 saylı Simfoniya, violin və simfonik orkestr üçün Konsert (3 hissədə) və Simfonik orkestr və xor üçün “Qoya” simfoniyası (3 hissədə) səsləndirilib.

 
 
 
 
 


                   

Digər Xəbərlər