Bəşər tarixinin ən qanlı faciələrindən olan Xocalı soyqırımı törədildikdən sonra müxtəlif ölkələrində yaşayan Azərbaycan oğulları Vətənə can atır və faciə qurbanlarının intiqamını almaq üçün cəbhə bölgəsinə getmək arzusunda olduqlarını təkidlə xahiş edirdilər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Axşam.az-a verilən məlumata görə, həmin dövrdə sovet ordusunda xidmət edən azərbaycanlı hərbi qulluqçular da xidmət yerlərini tərk edərək Azərbaycana qayıdır, yeni formalaşmaqda olan Milli Ordunun sıralarında Qarabağ uğrunda döyüşlərə atılırdılar.

Sonralar Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş Eldar Məmmədov, Anatoli Davidoviç, igid hərbi təyyarəçi Vaqif Qurbanov, eləcə də bir çox hərbi qulluqçular bu istiqamətdə riskə gedərək əsl fədakarlıqlar göstərirdilər.

“N” nömrəli hərbi hissədə keçirilən tədbirdə əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbani bu barədə ətraflı söhbət açıb. O, hərbi təyyarəçi Vaqif Qurbanov və onunla birlikdə aviasiya alayında xidmət edən təyyarənin texniki Məmmədovun və aviamexanik Quliyevin köməyi ilə “SU-25” markalı hərbi təyyarəni qaçırmalarından, Xocalı faciəsi qurbanlarının intiqamını alaraq Şuşa, Ağdərə, Əskəran, Ağdam səmalarında düşmənə tutarlı zərbələr vurmalarından xüsusilə bəhs edib.

Qeyd olunub ki, igid pilot Vaqif Qurbanov 8 may 1992-ci il tarixindən hərbi əməliyyatlar gedən Azərbaycan ərazilərində ilk döyüş uçuşlarına başlayıb. Onun reydləri nəticəsində erməni silahlı qruplaşmalarının çoxlu sayda yaraqlısı məhv edilib.

19 iyun 1992-ci ildə Vaqif Qurbanovun idarə etdiyi “SU-25” təyyarəsi erməni silahlı qüvvələri tərəfindən Əskəran yaxınlığında vurulsa da, qəhrəman döyüşçülərimiz onun qisasını qat-qat artıqlaması ilə alıblar.

Nəzərə çatdırılıb ki, əslən Tovuz rayonunun Qovlar kəndindən olan Vaqif Qurbanov Bakıda anadan olmuş, orta məktəbi bitirdikdən sonra Borisoqlebs Ali Hərbi Aviasiya Məktəbini bitirmiş və Azərbaycan ərazisindəki aviasiya alaylarından birində xidmət edirdi.

Polkovnik A.Qurbani daha sonra bildirib ki, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin “Salnamə” sənədli filmlər kinostudiyası bu mövzuya müraciət edərək “Mən evə qayıdıram” adlı bədii film istehsal etmiş və həmin film böyük marağa səbəb olmuşdur. Filmdə Yaşar Nuri, Fuad Poladov kimi görkəmli xalq artistləri ilə yanaşı, Emil Bədəlov kimi gənc istedadlar da öz rollarının öhdəsindən layiqincə gəlmişlər. Bu film Qarabağ müharibəsi mövzusunda çəkilmiş ən yaxşı filmlərdən biridir.

Filmin baş qəhrəmanı Emil Bədəlovun çıxışını tədbir iştirakçıları alqışlarla qarşılayıb və ona yeni yaradıcılıq uğurları arzulayıblar.

Zabitlərdən Mehman Kərimov, Əhməd Abdullayev və Qarabağ Müharibəsinin Qadın Veteranlarına sosial yardım İctimai Birliyinin sədri Radə Abbas çıxış edərək filmin yaradıcı heyətinə dərin minnətdarlıqlarını bildiriblər.

Tədbirin sonunda şəxsi heyət “Mən evə qayıdıram” bədii filmini böyük maraqla izləyib.


                 

Digər Xəbərlər