Azərbaycan Dövlət Musiqili Teatrında həftəsonu 4 tamaşa nümayiş olunacaq.

Teatrdan Axşam.az-a verilən məlumata görə, martın 10-da saat 12:00-da “Hacı-Qara” (M.F.Axundzadə), saat 19:00-da “Nuri-didə Ceyhun” (Ə.Əmirli), martın 11-də saat 19:00-da “O olmasın, bu olsun” (Ü.Hacıbəyli) tamaşaları ana dilimizdə təqdim ediləcək.

Eyni zamanda Musiqili Teatr martın 11-də saat 12:00-da rusdilli balaca teatrsevərlərin görüşünə “Bir dayan canavar” (R.Ağayev, A.Xayt, A.Kurlyanski) tamaşası ilə gələcək.

“Nuri-didə Ceyhun” (Ə.Əmirli) tamaşası Musiqili Teatrın 108-ci mövsümünün növbəti premyerasıdır. Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi, eyni zamanda Ceyhun Hacıbəylinin 125 illik yubileyi şərəfinə təqdim ediləcək bu tamaşanın quruluşçu rejissoru əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə, layihənin ideya müəllifi və bədii rəhbəri isə Musiqili Teatrın direktoru, əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayevdir.

Tamaşalarda xalq artistləri Fatma Mahmudova, əməkdar artistlər, Novruz Qartal, Pərviz Məmmədrzayev, Şövqi Hüseynov, Əzizağa Əzizov, Anton Ferşdant, Ələkbər Əliyev, Əkbər Əlizadə, Svetlana Bulax, aktyorlar Ülviyyə Əliyeva, Nicat Əli, Gülnarə Abdullayeva, Əliməmməd Novruzov və başqaları iştirak edirlər.

Tamaşalara 6 manatdan başlayan biletləri şəhərin bütün teatr-konsert kassalarından və “ASAN Xidmət” mərkəzlərindən əldə etmək olar.


                   

Digər Xəbərlər