Məşhur britaniyalı fizik Stiven Hokinq vəfat edib.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, o, 76 yaşında dünyasını dəyişib.

Stivenin ölüm xəbərini ailəsi də təsdiqləyib. Övladları “Çox böyük bir elm adamı, fəaliyyəti və qoyduğu mirası illərlə yaşayacaq möhtəşəm bir şəxsiyyəti bu gün itirdik” qeydini yazaraq kədərli olduqlarını bildiriblər.

Qeyd edək ki, alim1988-ci ildə dərc edilən “Zamanın qısa tarixi” adlı elmi işindən sonra məşhurluq qazanıb. Kitab ondan çox dilə tərcümə edilib və 10 milyondan çox tirajla dərc olunub.

S.Hokinqin əsas tədqiqat sahəsi kosmologiya və kvant qravitasiyası ilə əlaqədardır. Onun əsas nailiyyətləri qara dəliklərin təsvirində termodinamikanın tətbiqi və “qara dəliklər”in “Hokinq şüalanması” kimi tanınan proses nəticəsində “buxarlanmasının” sübuta yetirilməsidir.

21 iyul 2004-cü ildə qara dəlikdə informasiyanın yoxa çıxması paradoksunun həllinə dair öz fikrini irəli sürüb.

Yer kürəsinin və kainatın yaranması və Böyük Partlayış anından bugünkü günə qədər keçdiyi inkişaf yolu ilə bağlı ən məntiqi model məhz Hokinqə məxsusdur, o, həmçinin qara dəliklərin araşdırılması ilə bağlı bir sıra kəşflərə imza atıb.

Hokinq haqqında astronomiya, qara dəliklər nəzəriyyəsi, kosmologiya və Enşteyndən sonrakı dövrdə cazibə anlayışlarına ən çox töhfə etmiş alim kimi söz açırlar.



                 

Digər Xəbərlər