"Onun zarafatlarına ancaq dostları gülür" - Fərda

"Onun zarafatlarına ancaq dostları gülür" - Fərda
3431 dəfə oxunub
  • A-
  • A
  • A+

Aktyor Fərda Xudaverdiyevin Milli.Az-a müsahibəsi verib.

Axşam.az həmin müsahibəni təqdim edir:

- Fərda bəy, ilk oynadığınız rolunuz ilə indi oynadığınız rol arasında fərqi görürsünüz?

- Birinci rol həmişə ilk sayılır. İlkdən sonra daha təcrübəli görünürsən. Amma ilk dəfə oynayanda daha məsuliyyətli olursan. Əlbəttə ki, bir aktyor kimi özümdə fərqi görürəm. Aktyor nəinki ildən-ilə, filmdən-filmə, gündən-günə dəyişməlidir. Dəyişmirsənsə, deməli inkişaf etmirsən.

- Özünüz çəkilmədiyiniz komediya filmlərinə baxırsınız? Həmkarlarınız sizi güldürə bilirlər?

- Bəli, baxıram. Deyim ki, hamısına gülürəm, bu yalan olar. Yumorun içində olan adam yumorda daha fərqli fikirlər axtarır. Yaxşı fikirlərə gülürəm.

- Bəs özünə, zarafatlarınıza baxanda gülürsünüz?

- Xeyr, mən ümumiyyətlə özümə baxmıram.

- Bəs səhvlərinizi necə görürsünüz?

- Bir neçə gün öncə dostlarımla bir yerdə oturmuşduq. Elə oldu ki, "İnterpapa"dan söz düşdü. Açıb elə məqamları ortalığa tökdülər ki, istər-istəməz söhbəti dəyişdim.

- Bəs ssenarini, zarafatları kiminlə məsləhətləşirsiniz?

- Heç kimlə, özüm fikirləşirəm.Yaradıcı beyin olaraq heç kimlə məsləhət etmirəm. Əmin oluram ki, bu zarafat gülməlidir. Mən bundan sonra o zarafatları edirəm. Amma elə aktyorlar da var ki, əmin deyillər, ona görə də onlara ancaq dostları gülür.

- Fərdaya paxıllıq edən çoxdur?

- Bəli, həddindən artıq çoxdur. Allah onlara can sağlığı versin.

- Bəs siz kimə paxıllıq edirsiniz?

- Mən işini peşəkarcasına görən, onun müqabilində o varlı həyatı yaşayan insanlara qibtə edirəm.

- Var elə adam?

- Azərbaycanda yoxdur, Türkiyədə isə Cem Yılmaza qibtə edirəm. Çünki o sənətilə qazanır və çox yaxşı yaşayır. Əslində bizdən çox iş görmürlər, amma orada kütlə böyükdür.

- Cem Yılmazla sizi müqayisə edirlər. Bütün bunlar sizə necə təsir edir?

- Nə qədər deyirəm fikir verməyim, amma olmur. Fərda 2003-cü ildən monoloq danışır. Cem Yılmazı 2003-cü ildə Azərbaycanda heç kim tanımırdı.

- Toylara gedirsiniz?

- Xeyr, getmirəm. Amma illər öncə getmişəm. Toyda hamı oturub yeyib- içir. Həmişə demişəm ki, toyun ilk 3 saatı ilə son 2 saatı fərqlənir.

- İstərdim lap əvvələ qayıdaq. Sənətə yeni gəldiyiniz illərə. Bilirəm ki, sizin üçün hər şey çox rahat olmayıb...

- Mənim rahatlığım "Xoxan" filmindən sonra başladı. Yəni bu filmdən sonra öz sənətimdən pul qazanmağa başlamışam. Toydan qazandığım pul mənim yaradıcılığımdan xəbər vermir. Bizdə yaxşını bəzən danırlar. Bunu danmaq olmaz.

- Ən ağır gününüz hansı olub?

- Olub, amma onu demək istəmirəm. Sözsüz ki, bu hamının həyatında olur. İstənilən halda mən həmişə tamaşaçıya pozitiv ötürməliyəm. Əgər aktyor şəxsi problemini açıb tamaşaçıya bildirirsə, bu onun qeyri-peşəkarlığından irəli gəlir.