Aygün Bəylərin qardaşının məhkəməsindən xəbər var

Aygün Bəylərin qardaşının məhkəməsindən xəbər var
581 dəfə oxunub
  • A-
  • A
  • A+
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən əməkdar artist Aygün Bəylərin qardaşı Abbas Hümmətov, Fuad Məmmədzadə, Elnur Alxazov, Ramil Əsirov, Elnur Əsirov və Cavid Alxazovun cinayət işi üzrə məhkəmənin iclası davam etdirilib.

Axşam.az-ın "Report"a istinadən məlumatına görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin vəkillərinin məhkəməyə gəlmədiyi elan edilib.

Hakim bildirib ki, təqsirləndirilən F.Məmmədzadənin anasının məhkəməyə ərizəsi daxil olub.

O, ərizəsində qeyd edib ki, oğlu F.Məmmədzadənin şəkər xəstəliyi var. Anası oğlunun iştirakı olmadan məhkəmənin keçirilməsini istəyir. Ancaq hakim qanunvericiliyin buna icazə vermədiyini vurğulayıb.

Məhkəmənin növbəti prosesi aprelin 27-nə təyin edilib.

Xatırladaq ki, ötən məhkəmə proseslərinin birində dövlət ittihamçısı çıxış edərək bildirib ki, cinayət hadisəsi 2013-cü ildə baş verib: "Həmin ildə Cinayət Məcəlləsinin müddəalarında cəza hazırkı müddəalara görə yüngül olduğundan təklif edirəm ki, həmin dövrdəki qanun tətbiq olunsun və cəzalar 15 ilə münasibətdə hesablansın".

Prokuror yenidən həmin şəxslərə cəza istəyib. O, çıxışında əməkdar artist Aygün Bəylərin qardaşı A.Hümmətovun 14 il 9 ay, F.Məmmədzadənin 15 il, R.Əsirovun 15 il, E.Alxazovun 15 il, E.Əsirovun 14 il 9 ay və C.Alxazovun isə 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini tələb edib.

Xatırladaq ki, dövlət ittihamçısı daha əvvəlki çıxışında əməkdar artist Aygün Bəylərin qardaşı, A.Hümmətovun 19 il 6 ay, F.Məmmədzadənin 20 il, R.Əsirovun 20 il, E.Alxazovun 20 il, E.Əsədovun 18 il və C.Alxazovun isə 18 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin (DİN) yaydığı məlumata görə, Suraxanı Rayon Polis İdarəsi və rayon prokurorluğunun əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində 2013-cü ilin iyun ayının 16-dan itkin düşmüş şəxs kimi axtarışda olan Bakı şəhər sakini Elnur Hümbətovun qətlə yetirildiyi müəyyən edilib.

Faktla əlaqədar həyata keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində məlum olub ki, E.Hümbətov 2013-cü ilin may ayında həmyerliləri F.Məmmədzadə, E.Alxazov, A.Hümmətov, R.Əsirov tərəfindən Xəzər rayonunun Qala qəsəbəsi ərazisində boğulma yolu ilə qətlə yetirilib. Cinayəti törətməkdə şübhəli bilinən şəxslər polisin keçirdiyi əməliyyat nəticəsində saxlanılaraq istintaqa təqdim olunublar.

Araşdırmalar zamanı məlum olub ki, qeyd edilən şəxslər cinayətin izini itirmək məqsədilə meyiti Qala qəsəbəsində əvvəldən müəyyən etdikləri yerdə basdırıblar. Polis və prokurorluq orqanları əməkdaşları tərəfindən hadisə yerinə birgə baxış keçirilib və E.Hümbətovun meyitinin qalıqları basdırıldığı yerdən ekskumasiya olunaraq Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinə göndərilib.

Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda cinayət işi başlanılıb və iş digər istintaq hərəkətlərinin davam etdirilməsi üçün Bakı Şəhər Prokurorluğuna göndərilib. Həmin şəxslər barəsində Suraxanı Rayon Məhkəməsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, tutulan şəxslərdən A.Hümmətov əməkdar artist Aygün Bəylərin qardaşı, qətlə yetirilən şəxs isə əmisi nəvəsidir.