Bakıda Britaniya Film Baharı festivalı olacaq

Bakıda Britaniya Film Baharı festivalı olacaq
152 dəfə oxunub
  • A-
  • A
  • A+
Bakıda mayın 1-dən 6-dək Dördüncü Britaniya Film Baharı festivalı keçiriləcək.

Axşam.az xəbər verir ki, "British Council Azərbaycan"ın Böyük Britaniyanın Azərbaycandakı səfirliyi və Nizami Kino Mərkəzi ilə əməkdaşlıq çərçivəsində təşkil etdiyi kinofestivalda tamaşaçılar Britaniya kinematoqrafiyasının uğur qazanmış ən yaxşı yeni filmlərini izləyəcəklər.

2018-ci ildə keçiriləcək olan festival çərçivəsində bir-birindən maraqlı və fərqli 8 film nümayiş olunacaq: "Nəfəs al" (Breathe), "Dafna" (Daphne), "Korluq haqqında qeydlər" (Notes of Blindness), "Devid Boui" (David Bowie Is), "Tutqun işıqlar şəhəri" (City of Tiny Lights), "İngiltərə mənimdir" (England is Mine), "Baxıcı" (The Carer) və "Əyri ev" (Crooked House).

Bu il festival rejissoru Endi Serkis olan, çoxsaylı mükafatlara layiq görülmüş "Nəfəs al" (Breathe) filmi ilə açılacaq. Bütün filmlər ingilis dilində nümayiş olunacaq. "Nəfəs al" (Breathe), "Dafna" (Daphne) və "İngiltərə mənimdir" (England is Mine) filmləri isə Azərbaycan dilində altyazılarla izləyicilərə təqdim olunacaq.

"Builki Britaniya Film Baharı festivalı üçün sözün əsl mənasında maraqlı filmlər seçilib. Ümid edirəm ki, Bakı tamaşaçıları bu möhtəşəm filmləri izləmək fürsətini qaçırmazlar. Biz Britaniya filmlərini və film rejissorlarını Azərbaycan tamaşaçılarına təqdim etmək, innovasiyalar, fərqlilik və mükəmməllik yaratmaq və yaradıcılıq mübadiləsi üçün imkanlar axtarmaq istəyirik", - "British Council Azərbaycan"ın direktoru Elizabet Uayt Azərbaycanda Dördüncü Britaniya Film Baharı festivalının keçirilməsi münasibətilə bildirib.

Böyük Britaniyanın Azərbaycandakı səfiri Kerol Krofts isə deyib ki, 2017-ci il Britaniya kinosu üçün ələmatdar olub: "Bu il Birləşmiş Krallığın film sənayesi tamaşaçıların həyəcanla izlədiyi dramlar, blokbasterlər və komediyalarla yadda qaldı. Britaniya Film İnstitutunun dərc etdiyi statistik məlumatlar Britaniya filminin 2017-ci ildə indiyə qədər görünməmiş böyük müvəffəqiyyətə nail olduğunu və kinematoqrafiya sahəsində lider mövqeyini bir daha möhkəmləndirdiyini göstərir. Bu il Britaniya filminin tamaşaçı auditoriyasının artması ilə də əlamətdardır".

Filmlər Nizami Kino Mərkəzində nümayiş olunacaq. Biletlərin qiyməti 2 manatdır və onları Nizami Kino Mərkəzinin kassalarında əldə etmək mümkündür.

"British Council" Nizami Kino Mərkəzi ilə tərəfdaşlıq şəraitində həmçinin mayın 15-dən 17-dək Azərbaycanın mədəniyyət liderləri üçün ikigünlük seminar təşkil edəcək. Tədbir ölkəmizdə mədəniyyət obyektlərinin daha əlçatan və inklüziv edilməsinə həsr olunacaq.