Aysel keçmiş ərinə qarşı ifadə verəcək

Aysel keçmiş ərinə qarşı ifadə verəcək
4750 dəfə oxunub
  • A-
  • A
  • A+

Bakıda xuliqanlıqda ittiham olunan Elşən Əsgərli və onun dostları Azər Nəsibov, Nuray Bayramlının cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Axşam.az-ın Lent.az-a istinadən məlumatına görə, Nərimanov rayon Məhkəməsində hakim Vüsal Qurbanovun sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edərək ittiham aktını elan edib.  Təqsirləndirilən şəxslərin heç biri özünü təqsirli bilməyib.

Daha sonra zərərçəkənin vəkili İsmayıl Kəngərli prosesdə jurnalistlərin iştirakının olmasına etiraz edib. O bildirib ki, cinayət işində ailə sirri var. Beləliklə, media nümayəndəsinin zaldan çıxarılmasını istəyib.

Prokuror da bu vəsatəti müdafiə edib. E.Əsgərlinin vəkili Ceyhun Yusifov isə buna etiraz edib. Hakim bildirib ki‚ məhkəmə prosesi açıq keçirildiyi üçün jurnalist zaldan çıxarıla bilməz.

Prosesdə zərərçəkmiş kimi tanınan yol polisi əməkdaşı Rəsul Ağayev ifadəsində bildirib ki‚ həmin gün yol kənarda “Porsche Cayenne” və “Porsche Panamera” markalı avtomobillərin dayandığını görüb:

“Onlara yaxınlaşdıq‚ sakit dayanmışdılar. Onlardan birinin əlində nəsə alət var idi. Bir müddət sonra gördük Elşən bizə tərəf qaçır‚ arxasıyca da 2-3 nəfər gəlirdi. Elşən gəlib bizə sığındı‚ digər şəxslər də bizim yanımıza çatanda dayandılar və Elşənlə bir-birini söyməyə başladılar. Onların heç biri‚ nə Oqtay‚ nə əmisi‚ nə də Elşən əmrimizə tabe oldu. Biz də post patrul çağırdıq‚ gəlib bunları bölməyə apardılar. Məni təhqir etməyiblər‚ fiziki təzyiq‚ xəsarət də yetirməyiblər. Sadəcə əmrimizə tabe olmadıqları üçün bizi zərərçəkmiş kimi tanıyıblar”.

E.Əsgərlinin suallarına cavab verən R.Ağayev onun kəmərindən tutub saxladığını‚ sonra isə kəmərin qırılıb əlində qaldığını deyib.

Prokuror bildirib ki‚ E.Əsgərli məhz polisə tabe olmayıb və kəməri qırıb qaçdığı üçün YPX əməkdaşları zərərçəkmiş kimi tanınıb.

Vəkil C.Yusifov isə digər 2 təqsirləndirilən şəxsin kəmərindən tutulmadığını deyərək onlara niyə eyni ittihamın verildiyini sual edib. Bu zaman prokuror və hər iki tərəfin vəkilləri arasında söz mübahisəsi yaranıb. Hakim tərəflərə xəbərdarlıq edib.

Digər YPX əməkdaşı İlkin Həbibov da eyni məzmunlu ifadə verib. O əlavə edib ki‚ O.Əhmədovun əmisi Şahin Əhmədov da onların əmrinə tabe olmayıb və mübahisə edənləri sakitləşdirməyə çalışmayıb.

Digər zərərçəkmiş şəxs və şahidlər prosesdə iştirak etməyib. O.Əhmədovun vəkili bildirib ki‚ növbəti iclasda müvəkkili‚ onun həyat yoldaşı Aysel Şükürova və əmisi Şahin Əhmədov məhkəməyə gələrək ifadə verəcəklər.

Proses aprelin 30-da davam etdiriləcək.

Qeyd edək ki‚ A.Şükürova öncə E.Əsgərli ilə evli olub. Boşanandan sonra isə O.Əhmədoval ailə həyatı qurub. İttihama görə‚ mübahisə E.Əsgərlinin sosial şəbəkələrdə O.Əhmədovun ailəsi barədə təhqiredici ifadələr işlədib. Bu səbəbdən görüşüblər və orada aralarındakı mübahisə davaya çevrilib.

Xatırladaq ki, Qüdrət Şükürovun qızının ikinci dəfə keçirilən toyuna  400 min manatdan çox pul xərcləməsi barədə mətbuatda məlumatlar yayılıb.