Məşhur türk kino və teatr aktyoru, Namiq Ağayevin bu günlərdə təqdimatı olanan “Ol” filmində rol almış Tuncər Salman Kulis.az-a müsahibə verib.

Axşam.az həmin müsahibəni təqdim edir:

- Tuncər bəy, sizin üçün sənət kinosu, ticari kino deyə bir bölgü varmı?

- Yox. Amma bir məsələ var: həmişə sevilən, rəğbətlə qarşılanan hansı olur? Məsələn musiqidirsə, etnik musiqi çox sevilir, maraqla qarşılanır, dünyada qəbul olunur. Etnik, özünəxas bir şey hər zaman cazibəlidir. Kino da elədir. İnsanlar kinoda öz mədəniyyətlərini çatdırırlar. Başqa bir ölçülər də var. İnsanlar xəyallarını da anlada bilər, məsələn. Yəni hansısa şərt yoxdur.

Namiq Ağayevin ilk filmi olduğu üçün xronometrajı tam deyildi. Tam olması üçün 100-110 dəqiqə olmalı idi. Əlbəttə, 50 dəqiqə də ola bilər, 60 dəqiqə də ola bilər. Amma məncə bir bölgüləmə şərtidir: Bu, Amerika kinosu, bu arthauz filmidi... Yəni belə kateqoriyalarla yanaşmaq doru deyil.



- Türkiyədə xeyli məşhur olan filmlərdə, seriallarda çəkilmisiniz. Bəs “Ol” filmində iştirak etdiyiniz prosesin fərqliliyi, özəlliyi nə idi?

- Təbii ki, Namiq Ağayev olmasa belə hər hansı təklif olsa, qoşular, iştirak edərdim. Amma Namiq Ağayelə köhnə dostluğumuz var. Türkiyədə Dövlət teatrında tamaşa işləmişik. Mən onun qurduğu tamaşada Hamleti oynamışdım. Daha sonra Nazim Hikmətin şeirləri əsasında tamaşa hazırladıq, onu Türkiyədə bir çox yerdə oynadıq. Hətta 1999-cu ildə gəlib burada da oynadıq, sizin Mahnı Teatrında. Bu qədər uzun, dərin bir dostluğumuz var. Namiq zəng edib film çəkirəm deyəndə, “Nə çəkirsən?”, ya da Türkiyədəki kimi “Ssenarini göndər, menecerlə danış” kimi etməməliyəm əlbəttə. Təklif etdi, dedim, gəlib oynaram. Şərtsiz gəldim mən.

Bir az fərqlilik duydum. İnsanlar komediya, macəra, ya əkşn filmləri çəkir, amma bu filmdə Namiq özünəməxsus bir dil yaradıb. Bu dil ən azından körpədir. Bunu xeyli gəlişdirməlidir.

Kino pul ilə başa gələn işdir. Pul olmadan bu işlər olmur, deyirsən ki, burada belə edərəm, orada elə edərəm... Olmur yəni... İş ondadır ki, teatrda edə bilərsən, boş bir salonda, bir işığın altında bir şeylər anlada bilərsən, amma kinoya effekt lazımdır, bir çox şeylər lazımdır ki, bunlar pulsuz mümkün deyil. Namiqin maliyyə dəstəyi olsa, onun çox şeylər edəcəyindən əminəm.



- Film sizə bir tamaşaçı kimi necə təsir bağışladı?

- Mən sözləri tam anlaya bilmədim. Həm səsdə problem var idi, həm də mənə azəricə anlamaq çətin idi. Amma məncə Namiq andeqround bir iş qoyub ortaya. O iki insanın kino mücadiləsinin, sevgilərinin, coşğularının bitməməsi çox əla idi. Bir az texniki sıxıntıları var idi. Kaş olmayaydı...

- Namiqlə sizi bir-birinizə bağlayan nədir?

- Biz Namiqlə iki paralel ox kimiyik. Fikirlərimiz çox uyğundur. Bir-birimizi tez başa düşürük. Namiqlə işləmək zövq verir. 1995-ci ildə tanış olduq biz. Dövlət teatrında gəlib tamaşa qoydu. “Hamlet”i hazırladı, mən də Hamleti oynadım. “Ol” teatrını ondan sonra qurduq. Sonra mən filmlərə çəkildim. Dövlət teatrına gəldim... Belə.

- Azərbaycan filmlərindən hansıları izləmisiz?

- Filmlərinizdən izləyə bilməmişəm. Amma teatrlara Namiq bizi aparırdı gələndə.



- Tuncər bəy, aktyor olaraq prinsipləriniz varmı?

- Təbii. Aktyoram deyə hər filmə çəkilməliyəm deyə bir qayda yoxdur. Bu işin həm sənət ölçüsü var, həm maddi ölçüsü var, həm zaman deyə bir şey var... Amma mən kassa filmlərində də oynayıram, sənət filmləri çəkən dostların filmində də oynamağı borc bilirəm. Deyim ki, bir prinsipim var-bu olsa etmərəm deyə bir şey yoxdur. Amma toplumsal duyarlılığa sadiq qalmaq kimi sərhədləri keçməmək şərti ilə.

- Bir rejissor bəlli bir çevrəyə daxil olduqdan, mükafatlar qazandıqdan sonra adı markalaşır. Artıq nə çəkilsə qəbul olunur, maraq oyadır. ...

- Bu gün kassanı götürən film, sabah unudulacaq. Zarafatlar da elədir. Bu günün zarafatları sabah artıq yeyilmir. Amma bəlli bir adlar var. Məsələn, Cem Yılmaz Zek Mürenden danışır. Biz Zeki Müreni tanıyırıq. Bizdən kiçiklər də bilir. Amma 70-100 il sonra Zeki Müreni tanıyan olmayacaq, musiqisi ilə tanınacaq. Biz niyə teatrda miladdan öncə yazılmış pyesləri oynayırıq? Qüsursuz mətnlərdir. Məsələn:” Antiqona”. Ya da ki “Şah Edip”. Rəqəmsal texnologiya çox inkişaf edib. Bir 30 il əvvəl evimizdə telefon yox idi, qardaşım əsgərlikdən zəng edirdi, qonşunun evinə gedirdik, ordan danışırdıq. Amma indi dünyaya qoşulmuşuq. Bir zaman Amerikayla danışanda deyirdik, dəstəyi qoy, çox yazdı. İndi Vatsapla havayı danışırıq. Rəqəmsalın hara gedəcəyi bəlli deyil. Amma teatr min il əvvəl də belə idi, indi də belədir. Sadəcə, bir az dəyişiklik, məkana uyğunlaşma var. Antik teatrda akustika var idi, minlərlə yeri olan avetsena idi, aktyorlar ucadan danışırdı. Sonra yağışda islanmasınlar deyə qapalı salonlar tikildi, işıqlar düzəltdilər. Antik dönəmə aid akustik meydanlar bizdədir, bunu yaxşı bilirəm. İndi o zaman kimi oynamaq düz deyil. Açıq havada oynayanda bunlar lazım deyil. Bu pafos indi lazım olmur, onu saxlamaq gərək olmur. Daha sadə davranmaq lazım olur. Stanislavski olmasa, başqa biri bu tərzi dəyişəcəkdi. Çünki buna ehtiyac yoxdu.

Amma kinonun 100 illik tarixi var, sabah, biri gün hərə bir film çəkə bilər. Telefonda da effektlər var. Hər kəs rahat edə bilər. Amma sabah durub bir teatr tamaşası oynayacam deyə bilməzsən. Deyilmi? Mən kinoçu deyiləm, mən səhnə aktyoruyam. Yaşam şərtləri seriallara çəkilməyə vadar edir. Amma mən teatr aktyoruyam.

- Hazırda teatrda oynayırsız?

- Mən dövlət teatrında idim, ayrıldım oradan. Yaxında bir teatr layihəmə başlamaq istəyirəm. Bir ildən artıq çalışırıq. Namiq bilir bunu...

- XX əsr dünyaya müəllif kimi rejissoru tanıtdı. Bu gün çəkilmiş olsanız belə, “Ol” Namiqin filmi deyə qəbul olunur. Bir aktyor kimi sizin müəllifliyiniz nədən ibarətdir? Amacınız nədir?

- Mən aktyoram. Məni başqa bir şey cəzb etmir. Bunlar onsuz da bir-biri ilə bağlıdır. Mən 20 il dövlət teatrında işlədim. Bizə veriləni oynayırdıq. Amma əlbəttə ki, aktyor olaraq. Məsələn, Nazim Hikmət mənim yanaşmamı daha dəqiq ifadə edir: uşaqların ölməməsindən tutmuş, demokratiya üzərində qurulan dünya xəyalına kimi. Niyə müharibələr olur, bunlar bizi narahat edir, amma bunlara çıxa bilmirik. Dövlət teatrında yanaşmanı qoymaq çətindir, mümkün deyil. Amma özəl teatrda biz bunu edə bilərik. Biz Nazim Hikmət oynayanda dövlət üçün Nazim Vətən xaini idi, kommunist idi. Amma indi anlayırıq ki, adam ən böyük humanist imiş. Əlbəttə bizim də yanaşmamız var. Düşünsəniz, biz dünyaya mədəniyyət, demokratiya dərsi verən ölkələrin silahları ilə döyüşürük. Sülhdən danışan ölkələrin silahları ilə vuruşurlar. Həm ölənlər, həm də öldürənlər imperialistlərin silahları ilə vuruşurlar.

- Türkiyədə də bu gün bu aktualdır məncə. Bir aktyor nə zaman siyasiləşir?

- İnsanın özündən asılıdır. Mən siyasi təşkilatlarla maraqlanıram, çıxışları dinləyirəm, ölkəmizin, dünyanın hara getdiyini izləyirəm, başqaları etməyə bilər. Bu insandan asılıdır. Sənət cameəsində hər baş verən göz önündə olduğu üçün gözə də tez girir.

- Nəyə çəkilirsiniz?

- Yeni bir “Orqanizə işlər” çəkmək kimi bir planımız var. Olacaqsa, orada çəkiləcəm. Olmasa teleseriallarla məşğul olacağıq.

- Teleseriallar aktyoru tükədirmi?

- Qazanc üçün gedirik. Həftədə 140 dəqiqəlik çəkiliş olar? Bu sənət deyil, ticarətdir. Nəsə bundan heç danışmayaq.



- Öz zamanınızla indiki nəsil aktyorlar arasında nə fərq görürsünüz?

- İndikilərin özünü inkişaf etdirməsi üçün şərait var. Hər şey var. Oxuya, öyrənə, baxa bilərlər. Biz kaset tapanda DVD axtarırdıq. Aktyorluq dünyaya açıq olan insanların işidir, qapalı olanların yox. Bəzən deyirlər ki, elə oynadı, təsirindən uzun müddət çıxa bilmədi. Bu aktyorluq deyil, psixopatlıqdır, beləsinə müalicə lazımdır. Bizim müəllimimiz deyirdi ki, aktyorluq səhnəyə girəndə başlayır. Səhnədən çıxanda bitməlidir. Tamamən Hamlet olmaq mümkün deyil. Bu tanrısal bir şeydir. Sadəcə incə bir nəzarət var. Heç nəyi oynayıb, budur deyə bilməzsən. Budur desən 5 min il oynanmazdı bu. Hötenin “Faust”unda belə “Budur” deyir, dünya dağılır.


                 

Digər Xəbərlər