Əməkdar artist Nahidə Orucova Milli.Az-a müsahibə verib.

Axşam.az həmin müsahibəni təqdim edir:

- Nahidə xanım, son illər xarici görünüşünüzdə baş verən dəyişiklik insanlar tərəfindən birmənalı qarşılanmır. İnstaqram səhifələrində yazılan tənqidlər sizə necə təsir edir?

- Bu mənim heç vecimə də deyil. Məni instaqramda tənqid edənlərin rəylərini də ürək işarəsi qoyub, bəyənirəm. Yəni, çox sağ olun. Allah ürəyinizə görə versin.

- Öz ürəyinizi kimə vermək istərdiniz?

- Əlbəttə ki, məni sevənlərə. Hər şeyi onlara qurban edərəm. Məni sevənlər az deyil, təbii ki, sevməyənlər də var. Amma sevənlər çoxluq təşkil edir. Bu məni daxilən yaşadır.

- Sizi niyə sevməməlidirlər ki?

- Paxıllıqdır bəlkə də.

- Sizə adi insan niyə paxıllıq etsin ki? Yəqin ki, söhbət həmkarlarınızdan gedir...

- Xeyr, tamaşaçılarda da olur. Baxır görürlər ki, arıqlamışam, paxıllıq edirlər. Bəziləri də deyirlər ki, kök yaxşı idin. Mən indi özümü çox yüngül hiss edirəm.

- Neçə yaşında hiss edirsiniz özünüzü?

- 18-19 yaşındakı kimi (gülür).

- Yəqin ki, hal-hazırda geyindiyiniz geyimlər 30-40 il əvvəl qoruyub saxladığınız geyimlərdir...

- Bəli, məndə bir sandıq var, ora yığmışdım hamısını (gülür). Məktəbdəki, universitet illərindəki geyimlərimi sandıqdan çıxarıb geyinirəm (gülür).

- Nə vaxtsa fikirləşirdiniz bu qədər arıqlayacaqsız?

- Xeyr, bu qədərini təsəvvür etmirdim. Mən ümumiyyətlə uşaqlıq illərində də arıq olmamışam. Toppuş uşaq idim. İki bacı idik, bacım hündürboy arıq idi, mən isə balaca kök qız idim. İllər keçəndən sonra həndbol idman növü ilə məşğul oldum və istədiyim nəticəni əldə etdim.

- İnstaqramda yazılan rəylərdən biri sözün düzü mənim də diqqətimi çəkdi. Bir izləyici yazmışdı ki, Nahidə xanım kimin üçün bu cür arıqlayıb? Olmaya həyatında sevdiyi şəxs var?

- Mən həmişə sevmişəm, sevirəm, sevəcəyəm də. Amma kimi bilmirəm? Mən həyatı, öz işimi, övladımı, dostlarımı sevirəm. Mən xoş sima görəndə uşaq kimi sevinirəm. Bəzən yolda qadınlar məni görüb, baxıb gülürlər. İnanın bu hisslər mənə çox xoş gəlir. Bu cür hadisələr məni yaşadır.

- Bu qədər pozitiv xanımı nə özündən çıxara bilər?

- Məni özümdən çıxaran yalnız haqqımda deyilən haqsız söz ola bilər. Qoy mənim üzümə düz söz desinlər, nəinki, arxamca yalandan danışsınlar.

- Həddindən artıq çox səmimi xanımsınız. Səmimiliyiniz başınıza bəla olub?

- O qədər... Hər dəfə də deyirəm ki, xasiyyətimi dəyişəcəyəm, amma alınmır. Çünki anamdan, atamdan bu cür tərbiyyə görmüşəm. Bu gendən gəlir.

- Hansı xasiyyətinizin olmasını istərdiniz?

- Hamıya istərdim ki, heç olmasa 1 dəfə də olsa yuxarıdan aşağı baxım. Amma bilirəm ki, bu xasiyyət məndə heç vaxt olmayacaq. Bəzi aktrisalar var, özlərini dağ başına qoyurlar.

- Düşünürsünüz aktrisa sözünü cılızlaşdırıblar? Olmaya bu sənət  asan sənətdir?

- Xeyr, aktyor sənəti çox çətin sənətdir. Biz sənətdə cırmaq-cırmaqla hər şeyə nail olmuşuq. Burda yenə də səriştəsiz rejissorlar günahkardır. Hər yoldan keçəni kinoya çəkmək olmaz! Professional rejissor peşəkar aktrisa-aktyor ilə işləyəcək. Yoldan ötəni çəkirlər ki, o rejissora pul versin. Həmin insan da sevincək zəng edir hamıya ki, məni göstərəcəklər baxın. Bir sözlə bilə-bilə özünü aldadır. Həyat yoldaşından boşanan gəlib aktrisa olur. Gör, bu sənəti nə qədər cılızlaşdırıblar!

- Çəkildiyiniz filmlərə baxırsınız?

- Xeyr, mən sevmirəm televiziya vasitəsilə özümə baxım. Baxanda səhvlərimi görürəm, hirslənirəm. Mən bir aktrisa kimi heç vaxt özümdən razı qalmamışam. İnsan daima axtarışda olmalıdır. Mən bu gün də də öyrənirəm. Evdə vaxtaşırı kitab da oxuyuram.

- O ev ki, siz və 4 divar...

- Bəli, Nisə Qasımovanın məşhur mahnısının sözlərində deyildiyi kimi.. Siqaret tüstüsü və 4 divar. Artıq alışmışam. Çox vaxt gedib rəfiqəmgildə, qızımgildə qalıram. Mən nə qədər gedib onlarda qalsam da yenə də öz evimi istəyirəm.



                   

Digər Xəbərlər