Portuqaliyanın paytaxtı Lissabonda “Eurovision-2018” mahnı müsabiqəsinin birinci yarımfinalçıları ilk məşqlərini ediblər.

Axşam.az xəbər verir ki, Azərbaycanın bu il Portuqaliyanın paytaxtında keçirilən “Eurovision-2018” mahnı müsabiqəsindəki təmsilçisi Aysel Məmmədova səhnəyə birinci çıxıb. O, yunan bəstəkar və prodüser Dimitros Kontopulos və İsveç bəstəkarı Sandra Byurmanın yazdığı “I cross my heart” mahnısını səsləndirib. Mahnıya səhnə quruluşunu yunan rejissor Fokas Yevanqelinos verib. İfaçımızı səhnədə 4 bekvokalçı- Rui Andreyd, Salome Caldeira, Hugo Baptista və Sandra Dadrid müşayiət edib. Onlar Portuqaliyada çox tanınan istedadlı müğənnilərdir. Aysel məşqdən sonra təəssüratlarını tamaşaçılarla paylaşıb.

Mahnının bəstəkarlarından olan Dimitros Kontapulos “Eurovision” səhnəsində bir çox məşhurlarla çalışıb. Onların arasında Ani Lorak, Anna Vissi, Sakis Ruvas və Azərbaycan təmsilçisi Fərid Məmmədov da var. Bəstəkar və prodüser A.Məmmədovanın vokal və səhnə imkanlarını yüksək qiymətləndirib.

Məşqdən sonra media nümayəndələri ilə ilk dəfə görüşən müğənni musiqiyə olan marağından danışıb. Mətbuat konfransının moderatoru, Portuqaliyada populyar aparıcı və aktyor kimi məşhur olan Pedro Granger Azərbaycanın “Eurovision-2018” səhnəsindəki uğurlarından danışıb. Eləcə də milli mətbəximizlə bağlı fikirlərini paylaşıb.

Aysel bu il Azərbaycanın “Eurovision” səhnəsində 10 illiyini qeyd etdiyini, ölkəsinin 10-cu təmsilçisi olmaqdan qürur duyduğunu deyir. Musiqiçi ailəsində dünyaya gələn Aysel vokalla yanaşı, həm də pianoda ifa edir. Təmsilçimizin növbəti məşqi mayın 3-də olacaq. Sonda ifaçının media nümayəndələri üçün fotosessiyası da təşkil edilib.

Qeyd edək ki, yarışmanın ilk yarımfinalı mayın 8-i, ikinci yarımfinal mayın 10-u, final isə mayın 12-si keçiriləcək.



                   

Digər Xəbərlər