“Azərbaycan Xalq Cümhuriyyəti - 100” adlı konsert - Fotolar

“Azərbaycan Xalq Cümhuriyyəti - 100” adlı konsert - Fotolar
640 dəfə oxunub
  • A-
  • A
  • A+

Xalq artisti Fidan Hacıyeva Azərbaycan Dövlət Filarmoniyasında əməkdar incəsənət xadimi, bəstəkar Ədilə Hüseynzadənin romanslarından ibarət “Duyğular” adlı konsert proqramı ilə çıxış edib.

Axşam.az-ın məlumatına görə, konsertdə xalq artisti Fidan Hacıyeva bəstəkar Ədilə Hüseynzadənin müxtəlif illərdə yazmış olduğu romanslarını səsləndirib. Bu, ifaçının “Azərbaycan Xalq Cümhuriyyəti-100” adı altında təqdim etdiyi ilk konsertdir. Onu fortepianoda beynəlxalq müsabiqələr laureatı Səidə Tağızadə müşayiət edib.

Konsertin aparıcıları isə bəstəkarın tələbələri – Bakı Musiqi Akademiyasının professoru Zümrüd Dadaşzadə və əməkdar incəsənət xadimi, bəstəkar, professor Elnarə Dadaşova olublar. Xalq Artisti Fidan Hacıyevanın ideyası və təşəbbüsü ilə ərsəyə gələn konsert proqramı şəhərimizin sakinlərinə və qonaqlarına unudulmaz anlar yaşadıb.

Konsert çərçivəsində tamaşaçılara bəstəkarın yaradıcılığı, səsləndiriləcək romanslar haqqında məlumatlar da verilib. Professor Zümrüd Dadaşzadə çıxışında A.Çexovun “İnsanda hər şey gözəl olmalıdır: həm üz, həm geyim, həm ürək, həm fikirlər” kəlamını Ədilə Hüseynzadəyə şamil edərək, onun musiqiyə, sənətə hədsiz vurğunluğunu qeyd edib. Azərbaycan musiqisini ölkəmizdə və xaricdə uğurla təmsil edən Fidan Hacıyevanın da sənət sevgisini bu məqamda qeyd etməyimiz yerinə düşər. Yəni, sənət sevgisi Fidan xanımı daim axtarışlara, müasir musiqi mədəniyyətimizə fayda vermək naminə fəaliyyət göstərməyə, onilllər öncə yazılmış əsərlərə novatorcasına yanaşmağa yönəldir.

Konsertdə “Mənim arzum”, “Kövrək budaq”, “Yaşamaq”, “Yenə, yenə ürək haqqında” (sözləri: Rəsul Rza), “Günəşdən gənclik istədim” (sözləri: Nigar Rəfibəyli), “Bülbül” (sözləri: A.Puşkin, tərcüməsi: Məmməd Rahim), “Yadigar” (sözləri: İsmayıl Soltan) və digər romanslar səsləndirilib. Tamaşaçı kimi Fidan Hacıyevanın bu gün də özünə müəllim hesab etdiyi tanınmış vokalçı, əməkdar artist Hüseyn Əliyev də konsertdə iştirak edib. Konsertdə səsləndirilən romanslardan biri də Rəsul Rzanın sözlərinə yazılmış “Gözlərin matəmi Xirosima” əsəri olub. Şeir konkret hadisəyə həsr olunsa da, onu bugünkü münaqişələrin, müharibələrin baş verdiyi dünyada körpə ikən həyata göz yuman, yaxud da şikəst qalan balalara aid etmək olar. Azərbaycan xalqı isə Xocalı faciəsini yaşayıb. Yaxud Suriyada günahsız uşaqlar müharibənin qurbanı olur. “Bu şeir - nüvə silahından gözləri kor olmuş, lakin görməməsini anasının otaqda işığı söndürməsi kimi başa düşən, ondan gözünün yanğısını söndürmək üçün su istəyən uşağın söylədikləri Ədilə Hüseynzadəyə də bir ana kimi təsir etmişdi. Bu sözlər o qədər ürək ağrıdır ki, Fidan xanım layihəyə başladığı günlərdə dedi ki, “mənə imkan verin, bu romansın oxunması üçün özümdə güc toplayım”, - deyə bəstəkar Zümrüd Dadaşzadə diqqətə çatdırıb.