“İki il yarımdır qəbiristanlıq yolunda qalmışam. Orada məni tanımayan yoxdur. Hər gün övladımın qəbrini bəzətdirirəm. Gedirəm baxıram, xoşuma gəlmir, sökdürürəm, başqa cür düzəltdirirəm”.
Axşam.az-ın məlumatına görə, bu sözləri bir neçə il əvvəl intihar etdiyi deyilən müğənni Elvin Ordubadlının anası Ülkər xanım deyib.
“Bizimləsən” verilişinin qonağı olan qadın oğlunu xatırlayıb. O, övladının intihar etmədiyini, yalan xəbərlər yayıldığını söyləyib:
“Oğlum intihar etməyib. Onun belində sümük vərəmi var idi. Neçə il Türkiyəyə müalicəyə apardım. Həkim ona içkini qadağan etmişdi. Yarışmada birinci oldu, dostları çoxaldı. İçkiyə meyillik yarandı. Kaş oğlum tərbiyəsiz olardı, amma yaşayaydı.
Qeyd edək ki, E.Ordubadlı "Azərbaycanın səsi"ndə Elza Seyidcahanın tələbəsi olub. Yarışmada birinci yerə çıxıb. O, 2014-cü ildə ölkəmizi Tatarıstanda keçirilən “Türkvizyon”da təmsil etmişdi. Elvin “Devlerin yalnızlığı” mahnısı ilə yeddinci olmuşdu.