Azərbaycan Dövlət Musiqili Teatrının kollektivi “Sərhədsiz teatr” III Şəki Beynəlxalq Teatr Festivalı çərçivəsində Sumqayıt Dövlət Dram Teatrının səhnəsində çıxış edib.

Axşam.az xəbər verir ki, kollektiv özbək yazıçısı İbrahim Sadıqovun "Molla Nəsrəddinin beş arvadı" iki hissəli komediyasını təqdim edib.

Tamaşadan öncə Sumqayıt Dövlət Dram Teatrının baş rejissoru Firudin Məhərrəmov çıxış edərək Respublika Mədəniyyət Nazirliyi, Şəki Şəhər İcra Hakimiyyəti və Azərbaycan Teatr Xadimləri İttifaqının birgə təşkilatçılığı ilə keçirilən festivalın Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 və Azərbaycan milli peşəkar teatrının 145 illiyinə həsr oluduğunu diqqətə çatdırıb. 

Əməkdar incəsənət xadimi Əsgər Əsgərovun quruluşunda təqdim edilən bu dinamik hadisələrlə zəngin “Molla Nəsrəddinin beş arvadı” tamaşası Sumqayıt teatrsevərləri tərəfindən alqışlarla qarşılanıb.

Quruluşçu-rəssamı Nabat Səmədova, quruluşçu-baletmeysterləri əməkdar artist Zakir Ağayev və Yelena Ağayeva olan bu məzmunlu səhnə əsərində rolları əməkdar artistlər Əkbər Əlizadə, Nahidə Orucova, aktyorlar Gülnarə Abdullayeva, Elnarə Nağdəliyeva, Gülnarə Əzizova, Mehriban Zalıyeva, Əliməmməd Novruzov, Ağaxan Şərifov, Pərviz Məmmədov, Fərid Rzayev ifa edirdilər.



                 

Digər Xəbərlər