“Bacanaqlar” serislının Qisməti – aktyor Elnur Hüseynov Milli.Az-a müsahibə verib.

Axşam.az həmin müsahibəni təqdim edir:

- Elnur bəy, həm ssenari yazarısınız, həm də aktyor. Başqa hansı vəzifələriniz var?

- Bəli, mən həm ssenaristəm, həm aktyor, işimdən başqa da ailə başçısıyam.

- Sizə doğma olan hansıdır?

- Təbii ki, ata. Allah hamının balasını saxlasın, iki övladım var, özümü ata kimi daha məsuliyyətli hiss edirəm.

- Ata kimi daha çox nəyə diqqət edirsiniz?

- Düzdür, mənim övladlarım o qədər də böyük deyil, birinin 4, digərinin 5 yaşı var. Çalışıram ki, onlar azad böyüsünlər. Əsas onların tərbiyəsidir. Böyüklərə qarşı diqqətli olsunlar və vətənə layiqli övlad olsunlar.

- Yazdıqlarınızı və oynadıqlarınızı təlim-tərbiyə baxımından nəzərə alırsınız?

- Bəli, biz ssenari yazanda fikirləşirik ki, buna bizim ailəmiz, azyaşlı övladlarımız baxacaq. Elə yazmışıq ki, bu, onlara mənfilik gətirməsin.

- "Bacanaqlar" serialında tez-tez mövzu və aktyor dəyişir. Bu axtarışın səbəbi nədir?

- Tamaşaçılar həmişə yeni nələrsə istəyir. Biz məcburuq ki, hər mövsüm mövzunu dəyişək, hər mövsüm də,  demək olar ki, mövzunu dəyişirik. Serial hər həftə gedir, tamaşaçı yenilik istəyir. Biz də o yeniliyi edirik. 10-cu mövsümdür ki, "Bacanaqlar" serialı efirdədir və elə bir mövsüm olmayıb ki, mövzunu dəyişməyək.

 - Səhvlərinizi görüb, irad tutanlar olur?

- Bəli, irad tutanlar olub. İnsanda gərək səhvi demək qabiliyyəti də olsun. Bəziləri kinayə ilə deyir.

- Müasir komediyamıza "vayn" anlayışı gəlib. "Vayner"lərə münasibətiniz necədir?

- Vayn gözəl bir istiqamətdir. Ordan da görürəm ki, yaxşı aktyor, ssenaristlər yetişir.

- 12-13 il öncə "Ağsaqqal" obrazı ilə sevildiniz. Niyə onu "Qismət"ə dəyişdiniz?

- Eyni ampulada çıxış etmək istəmədim. Ömür boyu "Ağsaqqal" kimi qalmaq yorucu idi. Belə olsaydı, həm özümü, həm də tamaşaçını bezdirəcəkdim.

- Elməddini bir aktyor kimi bəyənirsiniz, yoxsa Fərdanı?

- Hər birinin öz tamaşaçısı var. Demək olmaz ki, bu zəifdir, o güclüdür. Onlar heç vaxt rəqabətdə olmayıblar, öz aralarında bir-birinə simpatiyaları, gözəl münasibətləri var.

- Məşhurluğunuz sizə mane olur?

- Bəli, bəzi hallarda mane olur. Mən demirəm ki, Tarkan kimi küçəyə çıxanda hamı üstümə axışır. Amma istəyirsən ki, rahat olasan. İstirahət edəndə heç kimin gözü sənin üstündə olmasın.

- İstədiyiniz yerdəsiniz?

- Xeyr, Elnur istədiyi yerdə deyil. Elnur istədiyi yerdə olsa, tükənər. Mən daim işdə-gücdə olmalıyam ki, inkişaf edim.



                 

Digər Xəbərlər