Leyla Əliyeva bacısının film təqdimatında - Fotolar

Leyla Əliyeva bacısının film təqdimatında - Fotolar
3150 dəfə oxunub
  • A-
  • A
  • A+

Heydər Əliyev Mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilən “Son iclas” bədii-sənədli filminin təqdimatı olub.

Axşam.az xəbər verir ki, mərasimdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin prezidenti, filmin baş prodüseri Arzu Əliyeva iştirak ediblər.

Ekran əsəri Heydər Əliyev Fondunun dəstəyi və “BP Azərbaycan” şirkətinin sponsorluğu ilə hazırlanıb.

Mərasimdə çıxış edən filmin baş prodüseri Arzu Əliyeva bildirib ki, bu il ölkəmiz və xalqımız Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100-cü ildönümünü qeyd edir: “Bu gün təqdim olunan film Azərbaycan Xalq Cümhuriyyətinin son günlərində baş verən hadisələrdən bəhs edir. Bu gün biz müstəqil, güclü, sürətlə inkişaf edən, dünya arenasında öz sözünü deyən Azərbaycanda yaşayırıq və öz tariximizlə fəxr edirik. Mən əminəm ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcıları bugünkü Azərbaycanla qürur duyardılar. Sonda filmin yaradılmasında iştirak etmiş hər bir insana, Heydər Əliyev Fonduna və BP şirkətinə öz təşəkkürümü bildirirəm”.

BP-nin Azərbaycan, Gürcüstan, Türkiyə üzrə regional prezidenti Qəri Counz isə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ərəfəsində təqdimatı keçirilən filmin ölkə tarixinin çox əlamətdar bir gününə həsr olunduğunu söyləyib.

Sonra “Son iclas” filminin təqdimatı olub. Ssenari müəllifi Müsəllim Həsənov, quruluşçu rejissoru Fuad Əlişov, quruluşçu operatoru Rəşad Nuriyev, quruluşçu rəssamı Şahin Həsənli olan bu filmin çəkilişləri paytaxtla yanaşı, bölgələrdə, tarixi hadisələrin yaşandığı ərazilərdə lentə alınıb. Filmin ssenarisi bu günə qədər araşdırılmamış və ya gizli saxlanılmış arxiv sənədləri əsasında qələmə alınıb.

Ekran əsərində Cümhuriyyət qurucularının müstəqilliyimizin düşmənlərinə - istər işğalçı ordu, istərsə də bu ordunun daxili havadarlarına qarşı son anadək apardıqları qeyri-bərabər və ümidsiz, lakin dönməz və qətiyyətli mübarizə əks olunur. Bu mübarizə faciə ilə başa çatsa da, onun Azərbaycanın istiqlal tarixinin şərəfli bir səhifəsi olduğu vurğulanır. Filmdə, həmçinin Azərbaycan Xalq Cümhuriyyətinin bu şərəfli tarixinin və faciəli taleyinin Azərbaycanın yenidən müstəqilliyə qovuşmasına böyük örnək olduğu ön plana çəkilir.

Ümumilikdə, bu film layihəsi üzərində 6 aya yaxın iş aparılıb, çəkiliş günləri isə 32 gün davam edib və 25 məkanda çəkilişlər olub. Filmin texniki, eləcə də, yaradıcı heyəti yerli mütəxəssislər, peşəkar aktyorlardır. Filmin çəkiliş qrupu 100 nəfərə yaxın heyətdən ibarət olub və filmdə 50-dən çox peşəkar aktyor çəkilib. Kütləvi səhnələrdə isə 500-ə yaxın insan iştirak edib. Ümumilikdə, film layihəsi üzərində 700 nəfərlik heyət işləyib.

Bakı Media Mərkəzi mayın 26-dan filmi “CinemaPlus” kinoteatrlar şəbəkəsində 3 gün ödənişsiz nümayiş etdirəcək.