“Nuri-didə Ceyhun” təqdim olunub

“Nuri-didə Ceyhun” təqdim olunub
369 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə Azərbaycan Dövlət Musiqili Teatrında 108-ci mövsümün premyerası təqdim olunub.

Teatrın mətbuat xidmətindən Axşam.az-a bildirilib ki, ideya müəllifi Musiqili Teatrın direktoru Əliqismət Lalayev və quruluşçu rejissoru, əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə olan tamaşa yazıçı-dramaturq Əli Əmirlinin “Nuri-didə Ceyhun” pyesi əsasında hazırlanıb.

Azərbaycan səhnəsində ilk dəfə dahi bəstəkar Üzeyir Hacıbəylinin qardaşı, yazıçı-publisist Ceyhun Hacıbəylinin obrazının canlandırıldığı tamaşa onun məşəqqətli mühacirət həyatından, Cümhuriyyətimizin keçdiyi çətin, lakin şərəfli mübarizə yolundan bəhs edir. Pyesdə hadisələr konkret bir tarixi şəxsiyyət ətrafında cərəyan etsə də, qürbət eldə yaşayan bütün mühacir soydaşlarımızın ümumiləşdirilmiş obrazı səhnəyə gətirilib.

Rollarda əməkdar artistlər Pərviz Məmmədrzayev, Nəsibə Eldarova, Şövqi Hüseynov, aktyorlar Elçin İmanov, Gülnarə Abdullayeva, Ülviyyə Əliyeva, Nicat Əli, Gülçöhrə Abdullayeva, Nadir Xasıyev, Firuz Məmmədov, Şaban Cəfərov, Mehriban Zalıyeva və 14 yaşlı aktyor Hüseyn Nağıyev iştirak edib. Tamaşada Üzeyir Hacıbəyli, Soltan Hacıbəyov, Niyazi və başqa bəstəkarların əsərlərindən istifadə olunub.