Heydər Əliyev Sarayında Azərbaycan professional vokal məktəbinin banisi, xalq artisti Bülbülün anadan olmasının 120 illiyinə həsr olunmuş yubiley gecəsi və Vokalçıların Bülbül adına VII Beynəlxalq Müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Axşam.az xəbər verir ki, tədbir dirijor Murtuza Bülbülün bədii rəhbərliyi ilə Üzeyir Hacıbəylinin “Koroğlu” operasından Koroğlunun ariyasının səsləndirilməsi ilə başlanıb.

Yubiley gecəsində mədəniyyət naziri Əbülfəs Qarayev çıxış edərək ölməz sənətkarın keçdiyi ömür yoluna nəzər salıb və geniş səs diapazonuna malik, ifaçılığında milli vokal üslubu ilə italyan vokal məktəbi ənənələrini üzvi şəkildə birləşdirmiş Bülbülün Azərbaycan mədəniyyətinin inkişafındakı əvəzsiz xidmətlərindən danışıb.

Qeyd olunub ki, hazırda Bakı şəhərində mərkəzi küçələrdən biri Bülbülün adını daşıyır, onun adına Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında nəzdində musiqi məktəbi fəaliyyət göstərir. Anadan olmasının 115 illiyi münasibətilə isə Bakıda abidəsi ucaldılıb.

Daha sonra səhnəyə Vokalçıların Bülbül adına VII Beynəlxalq Müsabiqəsinin münsiflər heyəti və qaliblər dəvət olunublar.

Beynəlxalq münsiflər heyətinin sədri, professor Sergey Leyferkus tədbirin yüksək səviyyədə təşkil olunduğunu bildirib.

Sonra müsabiqənin qalibləri mükafatlandırılıb. Bülbül Fondunun prezidenti, Azərbaycanın Rusiya Federasiyasındakı səfiri, xalq artisti Polad Bülbüloğlu Azərbaycan xalqının və dövlətinin dahi sənətkarın xatirəsinə göstərdiyi hörmətə görə təşəkkürünü bildirib.

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


                   

Digər Xəbərlər