Nərgiz Cəlilova: "Ciddilikdən kənara çıxmağı düşünürəm"

Nərgiz Cəlilova: "Ciddilikdən kənara çıxmağı düşünürəm"
3766 dəfə oxunub
  • A-
  • A
  • A+

- 2012-ci ildə heç bir layihədə görünməməyinizin səbəbi nə oldu?

- Bu il o qədər çox işim var idi ki, yeni bir layihəyə vaxtım qalmadı. Ekstra tədbirlərə, müxtəlif dəvətlərə qatıldım, həmişəki kimi Milli kitab Mükafatının münsiflər heyəti kürsüsündə əyləşdim. Kənar işlərim çox oldu. Bu il ən böyük layihə isə Günel Anarqızı ilə oldu. Günelin “Qarabağ hekayələri” adlı kitabı işıq üzü gördü. Fəxrəddin Manafov, Mehriban Zəki, Şüküfə Yusubova, Emin Müsəvi və mən bu hekayələri musiqi sədası altında səsləndirdik. Həmin hekayələrin yer aldığı CD yaxın günlərdə təqdim olunacaq. Bu, çox böyük bir proyekt idi. Bir neçə hekayəni həm Azərbaycan, həm də rus dilində səsləndirmək asan iş deyildi. Bu hekayələr eyni zamanda alman dilinə tərcümə olunub, Almaniyada da təqdim ediləcək. Heç vaxt bir yerdə sakit dayanmıram. Ona görə də “gündəmdə yox idiniz” sözünü qəbul etmirəm.

- Amma gəlin, qəbul edək ki, efirdən uzaqlaşmışdınız...

- Bir rejissor film çəkəndən sonra fasilə istəyir, rahatlamağa və yeni ideya əsasında fikirləşməyə çalışır. İdeyalar ətrafında düşünmək üçün mənim də fasiləyə ehtiyacım var idi. İki ildir ki, kənardan müşayiət edirəm. Sakit oturub, fikirləşdim ki, bu müddət ərzində mənim işim, düşüncələrim nəyə daha çox köklənib. Görəsən, mən verilişdə qonaqlarım vasitəsilə tamaşaçıya hansı ismarıcı göndərmək istəyirəm? Bu da qısa müddətdə olunacaq iş deyildi. Gərək boşluq yaransın ki, mən yeni layihə üçün daxilən hazır olum. Hər gün xala-xətrin qalmasın deyə efirə çıxıb, proyektlər etməkdənsə, səviyyəli iş ortaya qoymaq lazımdır.  

- Bəs, 2013-cü ildə nə yenilik edəcəksiniz?

- Bir ideyam var. Bir az fərqli formatda veriliş düşünürəm. Son vaxtlar tok-şoularda, ciddi formatlı verilişlərdə çox göründüm. İndi ciddilikdən kənara çıxmağı düşünürəm. Uzun fasilədən sonra yenə əyləncəli bir veriliş hazırlamaq istəyirəm. Buna görə də ətrafımda istədiyim komandanı toplamalıyam.

- Hazırda efir məkanında izlədiyiniz hansı proqramları bəyənirsiniz?

- Əgər veriliş maraqlıdırsa, mən hamısına baxacam. Verilişi ovqatıma görə izləməyi sevirəm. Çoxları deyir, mən Azərbaycan kanallarına baxmıram. Mənə öz Vətənim, öz millətim və öz dilim xoşdur. Xalqımla bağlı müzakirələri izləmək maraqlıdır.

- Hansı xarici layihələri bizim efirimizdə görmək istərdiniz?

- Maraqlısı odur ki, bütün xarici verilişlərin bənzəri bizim kanallarda, öz versiyamızda tətbiq olunur. Oturub onları müqayisə yox, qəbul etmək lazımdır. Əgər onları müqayisə edəsi olsaq, gərək ona qoyulan büdcəni də nəzərə alaq, verilişin hazırlanmasında çalışan komandanın sayını da müqayisə edək. Gəlin, biz milli mənsubiyyətimizə uyğun olan formanı qəbul edək. Deməyək ki, Amerikada televiziyada çalışanlar daha peşəkardılar. İnsanlar hər yerdə eynidir. Hətta bizdə elə peşəkarlar var ki, xaricdə eləsi yoxdur. Sadəcə şərtlər fərqlidir. Məsələn, xaricdə həftəlik proqram üzərində 60-65 nəfərdən ibarət komanda heyəti işləyirsə, bizdə cəmi 3 insan işləyir. Fərqi bunda axtarmaq lazımdır.

- Uzun müddət efiri kənardan izləyən tamaşaçı oldunuz. Sizcə, nədə irəliləmələr olub?

- Dəyişikliklər çoxdur: kanalların, verilişlərin, kadrların sayı çoxalır. Sadəcə, bizdə kadrlar çatışmır. Tək biz yox, bütün ölkələrin televiziyaları bu mərhələlərdən keçib. Yaxşı haldır ki, biz inkişafa doğru gedirik. Tənqidi münasibət bildirəndə heç kim inciməməlidir. İrad bildiririksə, deməli, nəyəsə əsaslanırıq. Əgər tənqidi bəyənmirsənsə, gəl, qarşılıqlı polemikaya girək. Bunu izah etsəm mənimlə razılaşacaqsan. Mən özüm hələ də nəsə öyrənməyə çalışıram. Bilirik ki, bütün layihələr Qərbdən gəlir. Biz isə hələ adaptasiya mərhələsindəyik. Xarici kanallarda yeniliklər olanda mütləq izləyirəm. Oradan götürdüklərimi isə diqtə edir, öz adət-ənənəmizə, mentalitetimizə, milli mənsubiyyətimizə uyğun düzüb-qoşuram. 

- Ümumiyyətlə, sizi küçədə, dəvətlərdə görəndə deyirlərmi, darıxmışıq, efirə qayıdın?

- İnanırsız, məni həyatda saxlayan məhz elə bu sevgi, tamaşaçının münasibətidir. Hərdən deyirdim ki, yəqin artiq yeni nəslin, tamaşaçının zövqündə deyiləm. Amma görürəm ki, yox, məni hələ də efirdə görmək istəyənlər var. Təkcə öz nəslinin yox, yeni gələn nəslin də kumiri olmaq yaradıcı insan üçün çox böyük xoşbəxtlikdir. 2013-cü ilin mart ayında efirə çıxmağımın 30 ili tamam olur.

- Qeyd edəcəksiniz?

- Bilirsiniz ki, mən nəyisə təntənəli formada qeyd etməyi xoşlamıram. Yəqin ki, bunu da qeyd etməyəcəm.