Milli Atçılıq Festivalı çərçivəsində Azərbaycan Respublikası Atçılıq Federasiyası və "Həyat" fondunun birgə təşkilatçılığı ilə xeyriyyə aksiyası baş tutub.

Axşam.az-ın məlumatına görə, "Həyat" fondunun 1 illiyinə həsr olunan silsilə tədbirlərin davamı olaraq keçirilən mərasim Milli Qurtuluş Günü, Ramazan bayramı, eləcə də ümummilli lider Heydər Əliyevin 95 illiyi və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr edilib. 

Binə Atçılıq mərkəzində gerçəkləşən tədbirdə uşaq evlərində, internat məktəblərində tərbiyə alan kimsəsiz uşaqlar, həmçinin serebral iflic, autizm, nevroz, daun sindromu kimi xəstəliklərdən əziyyət çəkənlər iştirak ediblər. Xüsusi ixtisaslaşmış həkimlər tərəfindən həyata keçirilən hipoterapiya seansına serebral iflicdən əziyyət çəkən onlarla uşaq cəlb olunub.

Xeyriyyə aksiyasında uşaqların müayinəsi ilə yanaşı, Qarabağ atlarının şousu nümayiş edilib. Şouda mayda Böyük Britaniyada Vindzor Kral At şousunun 75 illiyinə həsr olunmuş tədbirlərdə kraliçanın qarşısında uğurla çıxış edən atlar yer alıblar.

Mərasimi giriş sözü ilə fondun təsisçisi Hacı Nuran Hüseynov açaraq tədbirlə bağlı məlumat verib. Azərbaycan Respublikası Atçılıq Federasiyasının baş katibi Bəhruz Nurullayev qonaqlara təşəkkürünü bildirib.

Tədbirdə şou-biznes nümayəndələri də çıxış ediblər. Onlar qonaqlar üçün mahnılar səsləndiriblər.

Foto: Ramin ASLANOV
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


                   

Digər Xəbərlər