"Bu, ömrümün ən faciəli anları olub" - Əməkdar artist

"Bu, ömrümün ən faciəli anları olub" - Əməkdar artist
2155 dəfə oxunub
  • A-
  • A
  • A+

Əməkdar artist Şövqü Hüseynov Milli.Az-a müsahibə verib.

Axşam.az həmin müsahibəni təqdim edir:

- Şövqü bəy, ilk öncə, sizi salamlayıram. Son iki ay sənətinizdə bir çox uğurlara imza atmısız. Bu günlərdə də bir festivaldan uğurla qayıtmısız. İstərdim söhbətimizə elə məhz bu uğurlardan danışmaqla başlayaq.

- Təşəkkür edirəm diqqətinizə görə, təşəkkür edirəm teatrdan danışmağınıza görə. Ən önəmlisi odur ki, kimsə mənimlə teatrdan danışır. Bundan böyük, xoş hiss yoxdur. May və iyun ayı mənim üçün böyük hərflə desək, "dəhşətli" bir ay oldu. May ayında 3 primyeramız oldu, təkcə may ayında 3 beynəlxalq festivalda iştirak etdim. Təbrizin Beynəlxalq Teatr festivalında münsiflər heyətində  iştirak etdim. Bizim baş rejissorumuz Bəhram Osmanov da orada ustad dərsləri keçdi. Mayın 10-16 arası Makedoniyada keçirilən 20-ci Beynəlxalq mono dram festivalında iştirak etdik. Daha sonra Kazanda Beynəlxalq Teatr Festivalında olduq. Sonuncu festivalımız isə Ukraynada oldu. Ən böyük uğurum isə "Qran-pri" mükafatı almağım oldu. Çox sevinirəm ki, teatrı mono tamaşamla bir çox ölkələrdə təbliğ edirəm.

- Gəlin razılaşaq ki, "Kontrabas" mono tamaşası sizə böyük uğur gətirdi. Bu uğurun sirri nədədir?

- "Kontrabas" mənim ikinci mono tamaşamdır. Bu tamaşanı mən 21 ildir ki, oynayıram. Mono tamaşaları mən tələbəlik illərimdən oynayıram, yenə də oynayacağam. Ona görə yox ki, bu mono tamaşalar repertuara daxil olacaq, hansısa festivala gedəcək. Sadəcə, bu prosses mənim üçün çox maraqlıdır. Bəzən özüm tək işləyirəm, bəzən isə rejissor ilə. Çox istərdim ki, mono tamaşalar festivalı Azərbaycanda da olsun.

- Mono tamaşa elə bir tamaşadır ki, səhnədə çaşsanız da, bir sözü əlavə desəniz də, özünüz öz səhvinizi düzəldirsiniz. Çünki səhnədə təksiniz. Bu, çətin deyil?

- Əlbəttə ki, çox çətindir. Mono tamaşanı oynayan insana böyük tamaşada oynamaq daha rahat gəlir. Bizim sənətimiz, ümumiyyətlə, əsəbi, çətin sənətdir. Bu kimi tamaşalar həmişə formada qalmağa, sənətlə məşğul olmağa kömək edir.

- Qeyd etdiniz ki, 21 ildir "Kontrabas"ı oynayırsız. Hər dəfə eyni oynayırsınız, yoxsa bu illər ərzində müəyyən ştrixlər əlavə etmisiz?

- Yaş üstünə yaş gəlir. Əlbəttə ki, müəyyən əlavələr olur. Dünyaya baxış dəyişir. Orda elə problemlər var ki, gənc vaxtı mən onları başa düşmürdüm, indi daha yaxşı başa düşürəm. O problemləri hətta həyatda da mən özüm yaşayıram. Zaman keçdikcə mənə elə gəlir ki, daha dəqiq oynayıram.

- Məşədi İbad rolunu adətən aktyorlar yaşa dolanda oynayırlar. Bu, kimin təşəbbüsü idi ki, bu obrazı siz oynamalısınız?

- Bu təşəbbüs, əlbəttə ki, Musiqili teatrın direktoru Əliqismət Lalayevdən və rejissor Cənnət Səlimovadan gəldi. Çox sevinirəm ki, böyük etimad göstərdilər mənə. Nə qədər imkan var bu obrazı oynayacağam. Çünki Məşədi İbadı 80 yaşında da oynamaq olur.

- Deməli, gələcəyinizi fikirləşib bu obrazı seçmisiz?

- Xeyr, mən obraz seçmirəm. Uşağa paltar alanda bir-iki ölçü böyük alırlar ki, bir neçə il geyinə bilsin. Obraz da o cür. Mənə verilən rolların bir çoxu belə olub. Yaşıma uyğun çox az rol verilib mənə. Mən 20 yaşımda "Danabaş kəndinin əhvalatları" tamaşasında qazini oynamışam. Halbuki bu obrazın 80 yaşı var idi. Mənim üçün tamaşada özünü oynamamaq, başqa biri olmaq daha maraqlıdır. Onu da deyim ki, istənilən rola özündən nələrsə əlavə edib, özününkü etməyi bacarmalısan. Elə rol var idi ki, elə bilirdim ki, öz taleyimi oynayıram.

- Tamaşaçını səhnədən aldatmaq olur?

- Xeyr, bu mümkün deyil. Hansı aktyor desə ki, tamaşaçını aldadıram inanmayın. Aldada bilər, o da bir dəfə. Kassadan bilet alıb gələn tamaşaçını aldatmaq olmur. Mən onu necə aldada bilərəm? Mən xoşlamıram qohumumu, yaxınımı tamaşalara dəvət edim. O, nə qədər olsa da mənə pis deməyəcəyək. Mənə məni tanımayan tamaşaçının fikri önəmlidir. Cənnət xanım deyirdi ki, tamaşa tamaşaçı ilə aktyor arasında bir müharibədir. Ya sən qalib gələcəksən, ya da ki tamaşaçı. Bəzən elə olub ki, "paklona" çıxmamışam və hətta töhmət də almışam. Niyə? Çünki mən yox, tamaşaçı qalib gəlib. Bu, ömrümün ən faciəli anları olub.