Nədənsə, diqqətimi hər zaman şərq ölkələri çəkib. Bilmirəm, bəlkə də bunun səbəbi isti havanın vurğunu olmağımdır. Çox şəhər gəzməsəm də, arzuladığım üç-dörd yer var idi... İlkini – Misiri, ötən yay gerçəkləşdirmək şansım oldu. Və növbəti istəyim Dubay, Abu Dabi idi. Heç gözləmədiyim anda əlimə bu iki şəhəri görmək şansı düşdü. Bəlkə qismət, bəlkə tale, bəlkə də...

Səfərim Abu Dabiyə idi. Bakıdan birbaşa uçuş olmadığı üçün Dubay Beynəlxalq Hava Limanına getməli idim. İndi isə birbaşa Abu Dabi reysi fəaliyyətə başlayıb. Çiskinli bir Bakı səhərində yola çıxdım. 2,5 saatdan sonra pilot Dubaya çatdığımızı elan edir. Parıldayan günəş şüalarından təyyarənin pəncərəsini açıb çölə baxmaq mümkün deyildi. Hava limanında eniş üçün yer olmadığına görə 40 dəqiqə səmadan Dubayı seyr etdim... Bakının soyuğundan isti havası olan bir məkana düşmək əhvalımı o qədər yüksəltmişdi ki... Məni qarşılamağa gələn bələdçimlə birlikdə Abu-Dabiyə doğru yol aldıq... 

Həftənin cümə axşamı burada son iş günüdür. Elə buna görə də şəhər tıxac idi. Yolboyu gördüyüm hündürmərtəbəli, dəbdəbəli binaların nə olduğunu soruşuram. Mənim otel, dövlət binası sandığım bu tikililər yaşayış binalarıdır. Yolüstü sadəcə restoranların yerləşdiyi bir parka düşdük. Buradan istədiyin yeməyi ala bilərsən. Çünki yolboyu heç bir yerdə qarşına restoran çıxmayacaq. Mənə isə karak adlanan içki məsləhət görüldü.

- Süd və çay? Axı bu iyrənc səslənir? (Bilirəm ki, siz də oxuyan kimi, öz-özünüzə "oy, fu" deyəcəksiniz)

- Dadına bax, əminəm ki, bəyənəcəksən.

- Onda yanında su da olsun, birdən sevmədim...

Karakın tərkibində süd, çay, zəfəran və hil var. Çox dadlı idi. Hətta Bakıya gələndə dəfələrlə hazırlamağa çalışsam da, eyni qoxu olsa da, dad fərqli alındı.

1,5 saatdan sonra Abu Dabiyə çatdıq. Yolboyu elə bilirdim ki, hələ Dubaydan çıxmamışıq. Hər tərəfdə binalar, şirkətlər, mağazalar var idi. Axı biz Bakıdan hansısa bir rayona gedəndə yolboyu çirkli torpaq sahələrini görməyə alışmışıq. Burada da eyni mənzərəni görəcəyimi düşünürdüm.  Ən azından səhra görməyə özümü hazırlamışdım. Ərəb, hərdən isə Azərbaycan mahnılarına qulaq asa-asa gəlib Birləşmiş Ərəb Əmirliyinin paytaxtı Abu Dabiyə çatdıq. Hətta arada mənim ərəb bələdçim Üzeyir Mehdizadənin mahnılarını da səsləndirirdi. Onlara Azərbaycan mahnısı deyəndə, ancaq Üzeyirin ifalarını qoyurlar. 

Buranın havası yazı xatırladırdı. İnsanın içində qəribə bir xoşbəxtlik, müsbət ab-hava oyanır. Abu Dabi BƏƏ-liyinin ən isti və az yağıntı düşən şəhəridir. Amma mən orada olanda bir səhərimi yağışla açdım.

1760-cı ildə salınan bu şəhər müasirliyi ilə seçilir. Ətrafda hündürmərtəbəli, dəbdəbəli binalar ucalır. Fars körfəzində şimal-şərq hissəsində bir adada, materikdən dörd kilometr aralıda yerləşir. Adanı materiklə üç avtomobil körpüsü birləşdirir. Şəhər iki hissədən ibarətdir. Bütün tarixi binalar, gəzməli yerlər Yas adlanan hissədə toplaşıb. Əbəs yerə bura dünyanın ən dəbdəbəli şəhəri demirlər.

Mən də ətrafa baxıb, məni müşayiət edən və səfərim boyunca məni gəzdirəcək  dostuma suallarımı verə-verə gəlib otelimə çatdım. Çamadanımdan xilas olub, istirahət etmədən şəhəri gəzməyə tələsirdim. Tələsik hazırlaşıb Abu Dabinin gecə görüntüsünü seyr etməyə yollandım.

Bu səfərimdə yeməklərdən danışa bilməyəcəm. Ərəb mətbəxini bəyənmədiyimdən xəbərdar olan dostumun təklifi türk mətbəxinə müraciət etmək idi. Yeməkdən sonra səfər şəhərə idi. Abu Dabiyə ilk olaraq səmadan baxmağa getdik. Atraksionların yerləşdiyi “Freij World Attractions”da ən hündür karuselə mindik. Ətrafda yalnız göydələnlərin parıltılı işıqları görünürdü.

Hind okeanı (Ərəblər buna Ərəb okeanı deyir - red.) sahilində yerləşən şəhərin dənizkənarında müxtəlif formada parklar salınıb. Ən maraqlı yer isə okeanın sahilinə yığılan qayalıqlar idi. Bu qayalığın üstünə çıxıb səmanı və okeanı izləmək ruhu sakitləşdirir. Çıxmaq o qədər də asan deyildi. O, ruhu sakitləşdirən anları yaşamaq üçün bu çətinliyi aşmağa dəyərdi. Hava sərin olsa da, seyrdən zövq aldım. Abu Dabidə qış aylarında gündüzlər qoluqısa paltarda gəzə bilərsiniz. Amma axşamlar hava sərin olur və mütləq gödəkcə geyinməlisiniz. Mənim səfərim bir neçə ay əvvəl olduğu üçün bəlkə təəssüratlarım soyuq havanı əks etdirəcək. Sakit oturub ətrafı seyr edərkən ayların yorğunluğu sanki insandan uzaqlaşırdı.

 

Gecə saat 01:30... Otelə qayıtmaq vaxtı idi. Abu Dabidə ən gözəl restoranlar binaların ən yüksək mərtəbəsində yerləşir. Gecə 2-nin yarısında hündür bir məkanda yerləşən açıq havadakı restoranda həzin musiqi sədaları altında şəhəri seyr etməyə dəyər. Səhər məni başqa bir aləm gözləyirdi, çünki Al Ain şəhərinə gedəcəkdik.

“Bura tam fərqli şəhərdir. Hər yan dağdır, xoşun gələcək” deyə, bələdçim şəhəri vəsf etməyə çalışır. Günorta saat 12:00-da Al Ainə doğru yol aldim. Yolboyu gözümü mənzərədən ala bilmədim. Yolun kənarı yaşıllıq, gül-çiçək idi. Palmaların arxasında isə sarı qumlu səhra görünürdü. Mənim ən çox sevdiyim mənzərə də məhz budur -  palma ağaclarının arxasından sayrışan günəş şüaları və sarı qum… 1,5 saatdan sonra şəhərə çatdıq. Deyildiyi qədər fərqli bir şəhər idi. Ətrafda bir dənə də olsun hündür bina yoxdur. Hər yanda bir-birinə bənzəyən iki, üç mərtəbəli evlər tikilmişdi. Dostum deyir ki, burada göydələnlər ucaldılmasına icazə verilmir.



Kiçik şəhərdə hər kəs bir-birini tanıyır. Al Ainin ətrafı dağlarla əhatələnmişdi. Bura dənizdən kənar bir yerdir. Burada ölkənin ilk prezidenti və Abu Dabinin idarəçisi şeyx Zayd ibn Sultan Al-Nahayin doğulub. Uzaqdan şəhərin bir yanından ucalan hündür dağa doğru yol aldıq. Cabel Hafet dağının mənzərəsini heç bir sözlə ifadə etmək mümkün deyil. Biz isə bu məkanda görüntülər əldə etmək üçün "drondan" istifadə etdik. Gözəlliyi sadəcə gözlə görmək mümkündür. Dağların arasından yuxarı doğru uzanan avtomobil yolu ilə ən hündür nöqtəyə çatdıq. Geri qayıdış isə tam fərqli bir mənzərə idi. Yuxarı qalxdıqca gördüyüm sarı qumlu dağların əksinə burada yaşıllıq var idi.



Deyilənə görə bu dağlarda yaşıllıq sonradan yaradılıb. Bura insanların istirahət günü dincəlməsi üçün nəzərdə tutulub. Həftəsonları hər kəs ailəsi ilə bura gəlib piknik edə bilər. Ətrafda oynayan uşaqların səsi, manqallardan qalxan tüstü və ətrafı bürüyən kabab qoxusu, quşların cikkiltisi... Bir yanda isə Azan səsi… Cabel Hafet dağı təkcə piknik üçün olan parkdan ibarət deyil.



Burada böyük zoopark da yerləşir. Mən isə zooparkı gəzə bilmədim, vaxt yox idi. Turistlər zürafələri yedizdirə, digər heyvanlara toxuna bilərlər. Heyvanlar yaşıllıq içərisində saxlanır. Hər küncündə fərqli bir aləm qurulub. Burada əsl ərəb şaurmasının da dadına baxdım. Bakıda satılandan çox dadlı olduğunu deyə bilərəm. Fərqli hiss yaşadığım, məni hər addımı ilə təəccübləndirməyi bacaran Al Ain gəzintim başa çatırdı. Burada dəniz yoxdur. Amma yaşıllıq var. Bizim yolumuz  məşhur Dubay şəhərinədir. Amma bura haqda növbəti yazımda yazmaq qərarına gəldim. Çünki mənə bu səfər zamanı Dubayı sadəcə bir neçə saat gəzmək qismət olsa da, növbəti dəfə bir neçə gün imkanım oldu.



Beləcə, Dubayda bir neçə məkanı gəzdikdən sonra yol alırıq Abu Dabiyə. Nədənsə, Dubay bu dəfə mənim üçün yorucu bir ab-hava yaratdı. Çox səs-küy, hədsiz insan sıxlığı… Abu Dabinin sakit həyat tərzindən sonra bura heç də xoşagələn deyildi mənim üçün. Amma bu dəfə üçün…

Yenidən Abu Dabiyə çatdıq. Gecə saat 3 idi. Yenə də Abu Dabinin rəngarəng küçələrini gəzərək otelə yollandım.

Abu Dabi səfərim zamanı gördüyüm ən gözəl məkanlardan biri də Emirat Place idi. Burada bir neçə hissi eyni anda yaşaya bilirsən. Hündür dəbdəbəli saray, içəridə klassik ab-hava var. Ətrafda zinət əşyaları olan kiçik sərgi, bir tərəfdə isə böyük xalçalar. Sarayın başqa bir yanında həyətə qapı açılır. Və okeanın sahili… Burada isə tam romantik bir mənzərə. Narın qum, sahilə çırpılan ləpələr. Ətrafda isə qurulan ağ çadırlı "bisetkalar". Nə qədər şəkil, video çəkməyə çalışsam da, telefonumun kamerası bu gözəlliyi olduğu kimi yaddaşa həkk etməyi bacarmadı.

 

Şəhərdə qəribə bir romantik ab-hava var. İnsanlar pıçıltı ilə danışır. Ətrafda heç səs eşitməzsən. Ancaq bahalı avtomobillərin xorultusu duyulur. Küçədə sənə yaxınlaşan dilənçilər belə yoxdur. Hətta polis belə görməyəcəksən.

Bəlkə də ölkəmizə səfər edən ərəb turistlər onlar haqqında beynimizdə qəribə bir mənfi fikir formalaşdırıb. Hətta Misir səfərim zamanı da orada rastlaşdığım ərəblər mənfi fikirlərimi daha da üstələmişdi. Amma Abu Dabidə gördüklərim bu fikrimi tamamilə dəyişdi. Burada bizim görmədiyimiz başqa bir aləm idi. Səliqəli geyimdə, mədəni formada davranan, ətirlərinin iyi ətrafı bürüyən elit bir təbəqə var idi burada.

Növbəti günüm isə alış-veriş mərkəzinə həsr olunmuşdu. Mall-larda istədiyiniz brendi tapa bilərsiniz. Hətta onlar burada ala biləcəyinizdən ucuz başa gələcək. Mağazaları gəzərkən diqqətimi bir amil çəkdi – burada heç bir yerdə çalışan ərəb görməyəcəksiniz. Mağazalarda çinlilər, özbəklər işləyir. Taksi sürücülərinin əksəriyyəti isə qaradərili kişilərdir. Abu-Dabidə avtobus demək olar ki, yox dərəcəsindədir. Olanlardan isə az insan istifadə edir. Hər kəs taksiyə üstünlük verir. Taksi qiymətləri olduqca bahadır. Ən maraqlısı isə avtobus dayanacaqlarıdır: qapalıdır və içərisində kondisioner var. 

Şəhərdə o qədər alış-veriş mərkəzi var ki, onları gəzməyə bir həftə bəs etməz. Alış-verişi çox sevdiyim üçün iki günümü məhz ticarət mərkəzlərinə həsr etdim. Amma cəmi üç alış-veriş mərkəzi gəzə bildim.

Məni tanıyanlar bilir ki, dənizi, günəş vannası qəbul etməyi çox sevirəm. Elə Abu-Dabiyə gedəcyimi bilən dostlarım da “Sən ancaq çimərliyə gedib, qaralarsan” deyirdi. Amma şəhərin gözəlliyi məni elə heyran qoydu ki, çimərliyə getməyi ağlıma belə gətirmirdim. Tək istəyim bütün bu gözəlliyi gəzib görmək idi. Amma mənə iki səfər buranı tam gəzib bitirməyə yetmədi.

Beləcə, 5 günlük səfərim başa çatır. Şəhərlə bağlı təəssüratlarım isə inanılmaz dərəcədə müsbətdir. Bu qədər gözəl, təmiz, mədəni bir şəhər görəcəyimi heç düşünmürdüm. Əgər şansım olsa, yenə də istirahət üçün buranı seçərəm.

Yenidən hava limanına doğru yol alırıq. Səfər boyunca mənim üçün bacardığı qədər əyləncəli gəzinti təşkil edən bələdçim sayəsində çıxdığım bu səfər həm əyləncəli, həm də macəradolu keçdi.  

Mənim sevgi şəhərim, səhra ortasında yaradılan bir inci - Abu-Dabi… Sənin mənə bəxş etdiyin sevincli xatirələri yəqin heç vaxt unutmayacam.

Zəhra ƏHMƏDOVA

 
 
 
 
 
 
 
 
 
 


                   

Digər Xəbərlər