Hitlerin qadınları - Dayı məhəbbəti

Hitlerin qadınları -  Dayı məhəbbəti
2890 dəfə oxunub
  • A-
  • A
  • A+

XX əsrin ən məşhur diktatoru Adolf Hitler qəddarlığına, qaniçənliyinə baxmayaraq, qadınların sevimlisi idi. Onun məhəbbət romanlarının qəhrəmanı olan qadınlar müharibənin ən qızğın çağında belə Hitleri qatil və vəhşi rəhbər hesab etmirdilər. Əksinə, onu parlaq simalı, cəlbedici, maraqlı kişi və ehtiraslı məşuq kimi xatırlayırdılar.

Axşam.az xarici KİV-ə istinadən, tarixin simalarından olan məşhur diktatorun həyatından maraqlı faktları təqdim edir:

Qadınlara marağı 16 yaşından baş qaldırmışdı. Hitler kompliment deməyi, mazaqlaşmağı, konfet və gül hədiyyə etməyi sevirdi. Amma elə ki, söhbət yatağa gəlirdi, Adolf nədənsə, geri çəkilirdi. O, seksual enerjisini siyasətə xərcləmək üçün qoruyurdu. Hakimiyyətə keçən Hitlerin şəxsi həyatı həddən artıq gizli saxlanılırdı. Hamını bir sual
maraqlandırırdı: Fürer niyə evlənmir? O isə cavab verirdi:

«Mənim ömrüm alman xalqına məxsusdur. Mən həyatımı qadına bağlaya bilmərəm». Bu bir həqiqətdir ki, Hitlerin intim həyatı çox gec, 33 yaşından sonra başlamışdı.

Hitlerin bədəni:

Onu seks-simvol hesab etmək düzgün olmazdı. Adolf heç kimin yanında, istər kişi, istər qadın, hətta doğmalarının qarşısında belə heç bir zaman çılpaq durmamışdı. Deyilənlərə görə o, bədənindən o qədər utanırdı ki, çimərlikdə belə soyunmaz, sadəcə, corablarını çıxarıb, ayaqlarını suya salardı. Fürerin bədəni haqqında məlumatları ancaq məşuqələrin təsvirlərindən toplamaq mümkün olmuşdur: Adolfun bədəni kökəlməyə meyilli, kiçik əzələli, sinəsi bir azca sallaq və yumşaq idi. Bir qədər əyilmiş onurğası, çəp çiyinləri (sağ çiyni soldan hündür idi) və 175 sm-lik boyuna heç də uyğun olmayan 44 ölçülü ayaqları vardı. O, sarı-qəhvəyi dişlərinə də nifrət etdiyindən onları protezlə əvəzləmişdi. Zəif bədənli Hitlerin xəstəlikləri də az deyildi: nevralgiya, ekzema, Bazedov xəstəliyi və cinsi monoxordizm. Bütün bu nöqsanlara rəğmən o, qadınları maqnit kimi özünə çəkirdi. Onun silahı: qəribə, siçan gözləri kimi cəld və hipnoz qabiliyyətinə malik gözləri idi. Hitler siqaret çəkmir, içki içmir, çoxlu şokolad yeyirdi və fenomenal yaddaşa malik idi. Həm də o, bütün qadınların arzuladığı kimi romantik idi.

Hitlerin həqiqətən sevdiyi qadınların siyahısında ilk 5 yeri tutanların taleyi çox acınacaqlı olub. Onlardan üçü özünə sui-qəsd edib.

Heli Raubal - dayı məhəbbəti

1929-cu ildə 38 yaşlı Hitler Münxendə yeni mənzilə köçür və orada ögey bacısının qızı, 21 yaşlı Heli Rauballa birgə qalır. Ortaboylu, qırmızıyanaqlı, dolubədənli Helini «gözəl qız» adlandırmaq, təbii ki, olmazdı. Amma hamı onu xoştəbiətli, gülərüz və kifayət qədər cəlbedici hesab edirdi. Heli Hitlerin həqiqətən sevdiyi qadın idi. O, Heli ilə hər yerə - mitinqlərə, görüşlərə, kafeyə, kinoya gedirdi. Dayısı qızla fəxr edər, onu hamıya tərifləyərdi. Opera müğənnisi olmaq istəyən qızcığaz dayısının köməyinə arxayın idi. Amma onu oxumaqdan başqa hər şey maraqlandırırdı: kişilər, görüşlər, seksual əlaqələr. Qızı dəlicəsinə qısqanan Hitler ona göz verib, işıq vermirdi. Heli dayısının əmrləri ilə oturub-durmaqdan təngə gəlmişdi.

«Mənim dayım vəhşidir. Heç kim təsəvvür edə bilməz ki, o, məndən nələr tələb edir». Elə bu cümlələr şayiələrə rəvac verdi: Hitler gənc Helidən qeyri-adi seksual fantaziyalarını həyata keçirtmək üçün istifadə edirdi. Helinin şəxsi sürücüsü Emilə vurulduğunu eşidəndə, Hitler az qala oğlanı güllələyəcəkdi. Sürücünü qovdular, qızı isə ciddi nəzarətə aldılar. Ona icazəsiz evdən çıxmaq qadağan olundu. Həyatına bu şərtlərlə davam edə bilməyəcəyini görən Heli Venaya qayıtmağa tədarük gördü. O, yeni sevgilisi, yəhudi rəssama ərə getmək istəyirdi. Deyilənlərə görə, qız ondan hamilə idi. Hitler Helinin planlarından xəbərdar olduqda onu qəddarcasına döydü, otağında kilidləyib, özü isə Nürnberqə getdi. 1931-ci il, sentyabrın 18-də gecə Heli özünə qəsd etdi. Dayısının silahı ilə sinəsinə atəş açan Heli yerindəcə öldü. Səhəri xəbəri eşidən Hitler Münhenə ildırım sürətilə yetişdi. Adolf qızın meyidi üstündə dəli kimi ağlayırdı. Dəfndən sonra o, dərin depressiyaya düşdü. Silahdaşları onun özünü öldürəcəyindən ehtiyat edirdi. Yalnız 3 aydan sonra qızın məzarını ziyarət edən Hitler təskinlik tapdı və 13 il ərzində hər gün qızın məzarı üstünə təzə çiçəklər göndərtdirdi. Helinin özünə qəsd etdiyi otağı isə elə olduğu kimi saxlatdırdı və hərdən həmin otaqda oturub, xəyala dalırdı. «Yalnız Heli məndə həqiqi ehtirası oyadırdı. Mənim heç vaxt nə Eva, nə də digər qadınla evlənmək fikrim olmayıb. Evlənəcəyim yeganə insan Heli ola bilərdi». 



Eva Braun - 40 saatlıq evlilik

Onlar 1930-cu ildə Evanın işlədiyi fotoatelyedə tanış olmuşdular. Adolf 17 yaşlı Evanın düz və qəşəng ayaqlarına heyran olmuşdu, qızsa onun mavi gözlərinə... Monastır tərbiyəsi almış ciddi Eva uşaqlıqdan fikirləşirdi: o, böyük məhəbbət üçün yaranıb. Elə də oldu.… Eva Fürerin xoşuna gəlmək üçün dəridən-qabıqdan çıxırdı. Hitler ağıllı qadınları sevmirdi və Evanı müdrik hesab etmək olmazdı. Helinin ölümündən sonra Eva Hitlerə onu unutdurmaq üçün imicini dəyişib, Heli kimi geyinməyə başladı. Hətta yerişini belə ona bənzədirdi. Nəhayət ki, Eva Hitlerin məşuqəsi olmağı bacardı. Əslində, Hitleri bu addımı atmağa vadar edən səbəb başqa idi. Evanın ondan 23 yaş kiçik olması onu qəti qərara sövq etdi. Çünki atası ilə anasının da yaş fərqi 23 il idi. Hitler bir qadınla kifayətlənən kişilərdən deyildi. Eva Hitlerin təkcə ona məxsus olmadığını gördükcə dəli olurdu. 1932-ci ilin sonunda o, sinəsinə atəş açmaqla intihar etməyə cəhd etdi. Amma güllə ürəyin yanından ötüb keçdiyindən, həkimlər qızı xilas etdilər. Tökülmüş qan Hitleri Evaya daha da yaxınlaşdırır.

Hakimiyyətə keçən Hitler Evanı öz malikanəsinin yaxınlığında yerləşdirir, ona ən bahalı maşınları, mənzilləri, brilyant zinət əşyalarını hədiyyə edərdi. Hitler adam arasında Evayla danışmaz, onunla pərdə saxlayardı. 1935-ci ilin mayında Eva yenidən dərman atmaqla özünə qəsd edir. Bu dəfə isə onu təsadüfən yoldan qayıdan bacısı xilas edir. 1940-ci illərdə Eva dünyanın ən bəxtəvər və məşhur məşuqəsi idi. Məşuqənin nə arzusu ola bilərdi: Fürerin arvadı olmaq. 1945-ci ildə Berlin ələ keçəndə və faşizmin sonu çatanda Eva paytaxtdan qaçmaq əvəzinə Hitlerin
gizləndiyi bunkerə gəlir. Evanın sadiqliyi Hitleri çox kövrəldir və o, ömrünün son günlərində məşuqəsinə ən qiymətli hədiyyəsini edir. 29 aprel 1945-ci il, gecə saat 3.15. Eva qara atlas paltarda və çox sevdiyi brilyant zinətlərində. Bu gün onun toyu idi. Ömründə ilk dəfə idi ki, o, «frau Hitler» adını qazanacaqdı. «Toy» Borman və Hebbelsin şahidliyi ilə keçdi. Evlilik 40 saat 12 dəqiqə sürdü. Eva və Hitler eyni vaxtda «sianit-kalium» kapsulunu qəbul edib, intihar etdilər.

Eva yavaş-yavaş can verərkən, Hitler ölümünü tezləşdirmək üçün tapança ilə ağzından atəş də açdı. Ər-arvadın meyidi Hitlerin sürücüsü tərəfindən yandırıldı. 



Hitlerin sevdiyi digər məşhur qadınlar:

Aktrisa, rejissor, Hitlerin şəxsi operatoru və fotoqrafı Leni Rifenştal. O, Hitlerin atəşli çıxışından vəcdə gələrək, məktub yazıb, Fürerdən şəxsən görüş istəmişdi. Leni Hitlerə və faşizmə aid ən məşhur filmlərin rejissoru idi. Onların birgəliyi işlə bağlı səfərlərdə-gəmidə, təyyarədə, səhrada baş tuturdu. Leni 2003-cü ildə, 102 yaşında vəfat edib.

Dünyaşöhrətli gözəl sənətkar, müğənni, Hitlerin ən sevimli aktrisası: Marlen Ditrix- Hitlerin rəsmi məşuqəsi olmaqdan imtina edən yeganə qadın. O, Amerika vətəndaşlığını qəbul edib, Almaniyanı tərk etdi. Müharibə illərində
antifaşizmin təbliğatçısı idi. Marlen doğma vətəninə yalnız ölümündən sonra, dəfn olunmaq üçün «qayıda bildi».

III Reyxdə alman qadınlarının idealı Maqda Hebbels. Gözəl, savadlı, müdrik və nasist ideologiyasının banilərindən
biri. Onun əri Hitlerin «sağ əli», Almaniyanın təbliğat naziri Yozef Hebbels idi. O, Hitlerlə dost idi. Amma Maqdanın
Hitlerə olan məhəbbəti ərinə olan sevgisindən daha üstün idi. Maqda dünyaya 7 uşaq gətirdiyinə görə, «Nasistlərin
anası» titulunu da qazanmışdı. Hitler subay olduğuna görə, III Reyxin «Birinci ledi»si də Maqda hesab olunurdu. Reyxstaqda pıçıldaşırdılar: uşaqların heç də hamısı Yozefdən deyil. Bəlkə də illər sonra Hitlerin övladları meydana çıxa bilərdi. Lakin Maqda faşizmin süqutunu və Hitlerin intiharını öyrəndikdə bunkerdə özünü və uşaqlarını zəhərləyərək öldürdü.