Axşam.az xarici KİV-ə istinadən, bu dəfə Roma imperatoru Neronun həyatını təqdim edir:

O, bəlkə də İblisin özü idi. Bəşəriyyətə vəhşiliyin nə olduğunu əyani göstərmək üçün insan cildində Yer üzünə enmişdi. Bəlkə də o, həyatda layiqli yerini tapmayan aktyor idi. Atası Qney Domiqeniy zalım, acıdil insan idi. İmperator Tiberiyin vaxtında o, təhqiramiz fikirlərinə və doğma bacısı ilə etdiyi rüsvayçılığa görə hakimiyyətin qəzəbinə tuş gəlmişdi. Qney Romada əzazilliyi, imansızlığı və qardaşının evində yaşaması ilə ad çıxarmış gözəl Aqrippina ilə evləndi. Elə bu nikahdan eramızın 37-ci ilində Luçiy doğuldu. Deyilənlərə görə, dostlarının «oğlun olub» xəbərinə Qney belə cavab vermişdi: «Məndən və Aqrippinadan ancaq qorxu və dəhşət doğula bilər». O, fikrində yanılmamışdı.

Taxt-taca gedən yol

Luçiy 3 aylıq olanda Qney vəfat etdi. Aqrippina isə sürgün olundu. Luçiy xalası Lepidanın evində ehtiyac içində böyüdü. Aqrippina qucağında uşaqla ortalıqda qalmaqdan bezmişdi. O, oğluna təmin olunmuş gələcək bəxş edəcək ər axtarırdı və tapdı da… Aqrippina Messalinanın ölümündən sonra hələ də dul qalmış qoca imperator, doğma dayısı
Klavdiyi seçdi. 50-ci ildə Aqrippina ərini məcbur etdi ki, doğma oğlu Brittanik ola–ola, Luçiyi də oğulluğa götürsün.
Klavdiy Luçiyə «Tiberiy Klavdiy Neron» adını verib, onu övladı elan etdi. Onun tərbiyəçisi məşhur şair, filosof Seneka təyin olundu. Ağıllı Aqrippina hər şeyi düşünüb-daşınmışdı, qoca Klavdiy isə ölmək bilmirdi. Əslində, problem bununla bitmirdi. Roma qanunlarına görə, imperator arvadı hakimiyyətə gələ bilməzdi. O, çıxış yolunu tapdı. Klavdiyi dilə tutub, onun qızı Oktaviyanı öz oğlu Nerona ərə verməyə razı saldı. Ögey bacını ögey qardaşla evləndirən Aqrippina taxta gedən yolu açdı. Və bir gecə o, ərinin yeməyinə zəhər qatıb, o dünyaya göndərdi.
İmperatorun yerinə sakit, sözəbaxan, 16 yaşlı kürəkən Neron, daha doğrusu onunla birgə Aqrippina keçdi. Romada
humanist və ağıllı bir imperatorun taxta çıxdığını güman edirdilər. Deyilənə görə, ona edam əmrini imzalatdıranda, gözlərini yumub, «kaş yaza bilməyəydim» deyirdi. Amma xoşbəxt günlər uzun sürmədi. Neron mehribanlıq maskasını tez çıxartdı. O, anasının ümidlərini də puça çıxarıb, bacardığı qədər onu idarəçilikdən uzaqlaşdırdı.
Aqrippina anladı: Neron daha əvvəlki sözəbaxan uşaq deyil.

Aktyor imperator

O, özünü dünyada tayı-bərabəri olmayan dahi aktyor hesab edirdi. Olduqca kifir, boynuyoğun, ləkəli bədəni, sarı saqqalı, nazik ayaqları, sallaq qarnı, üstəlik, bədənindən gələn pis qoxusu ilə hamını təngə gətirmişdi. Baxmayaraq ki, səsi zəif və xırıltılı idi, o, kifarada çalmaq və oxumaq üçün canını belə fəda edərdi. Neronun səhnədə ilk çıxışı Neapolda baş tutdu. Rəvayətə görə, həmin vaxt şəhərdə zəlzələ baş verdi. Camaat teatrdan qaçsa da, Neron
səhnədə qalıb, mahnısını sona kimi ifa etmişdi. Neron Romada beş illik teatr və musiqi müsabiqələrinin əsasını qoydu. Senat biabırçılığın qarşısını almaq üçün Nerona əvvəlcədən qalib çələngini təklif etsə də o, razılaşmadı. O, halallıqla mübarizə aparıb, qələbə qazanmaq istəyirdi. Neron saatlarla səhnədə şeir deyər, mahnı oxuyardı. O, sıravi iştirakçılar kimi tərini paltarına silərdi, sonra həyəcanla dayanıb, münsiflərin rəyini gözləyərdi. Neronun konsertlərində iştirak etmək məcburi idi. Əgər kimsə boyun qaçırsaydı, onu imperatorun cəzası gözləyirdi. Mənbələrə əsasən, bu tamaşalarda hamilə qadınlar elə amfiteatrdaca doğardılar. Oradan ancaq özünü ölülüyə vurmaqla çıxmaq mümkün idi.

Ana qatili

Aqrippina yolunu azmış və xalqın nifrətini qazanan oğlunu hədələməyə başladı ki, tezliklə Brittanik yetkinlik yaşına çatajaq və hakimiyyətə o gəlməlidir. 3 gün sonra ailəvi nahar zamanı Brittanik qəflətən yerə yıxılıb, hamının gözü qarşısında can verdi. Onu zəhərləmişdilər. Şübhə yox idi ki, bu, Neronun işi idi. Aqrippina anladı: növbəti qurban o özüdür. Aqrippina hər gün zəhər əleyhinə zərdab içirdi, onu zəhərləmək qeyri-mümkün idi. Amma Neron anası üçün başqa planlar qurmuşdu. O, bədbəxt hadisənin qurbanı olmalıydı: bir gejə Aqrippinanın çarpayısı üstündəki tavan uçdu, amma o, yataqda deyildi. Növbəti dəfə onun qayığı qəzaya uğradı, amma inadjıl Aqrippinanı balıqçı qayığı sahilə çıxartdı. Anasının sağ-salamat qayıtdığını görən Neron qəzəbindən yanındakı gözətçiləri qılıncladı. Əgər bir saat belə geciksəydi, Aqrippina onu sui-qəsddə günahlandırıb, senata şikayət edəcəkdi. Gecə ikən etibarlı döyüşçülər Aqrippinanı elə öz otağında xəncərlə öldürdü və qadının meyidini yandırıb, adına layiq olmayan tərzdə
basdırdılar. Səhəri Neron senatda çıxış etdi: «Anam özünə qəsd etdi. O, hakimiyyəti ələ keçirmək üçün planlar hazırlayırdı, fikri məni öldürmək idi. Onun ölümü Romanın xilasıdır».

Neronun vəhşilikləri

Yoxsul qadın və kişiləri saray zirzəmisində çılpaq vəziyyətdə sütunlara bağlayır, özü isə vəhşi heyvan dərisi geyinib, qəfəsə girir, nərildəyir, sonra isə onların üzərinə hücum çəkib zorlayırdı. Daha sonra özü yanındakı kişilərdən birinə təslim olurdu. Onun hakimiyyəti illərində şəhərdə yayılmış vəba xəstəliyi 30 min insanın ölümünə səbəb oldu. Edam səhnələrindən doymayan imperator gecələr qara plaşda küçələrə düşür, gözünə xoş dəyməyəni öz əlləri ilə öldürürdü. Qana susamış Neron müəllimi Senekanı da ittiham edib sürgün etdi, sonra isə ona özünü öldürmək əmri verdi. Senekanın ölümündən sonra o, doğma xalası Lepidanı öldürtdürdü. Neron xristianlığı qəbul edənləri şirlərə parçalatdırıb, bu səhnədən zövq alırdı.

Arvad qatili

Anasının təkidi ilə evləndiyindən Neron Oktaviyanı sevmirdi. O, dostunun arvadı Poppeya ilə eşq yaşayırdı. Məhz
Poppeya onu anasının qətlinə təhrik etmişdi. Oktaviyadan boşanan Neronun ürəyi soyumadı. O, Oktaviyanı xidmətçisi ilə xəyanətdə günahlandırıb, edam etdirdi. Tək qalan Neron nəhayət ki, sevgilisi Poppeya ilə evləndi. Bu
qadından qızı olsa da, uşaq bələkdəcə öldü. Bir gün sərxoş halda saraya qayıdan Neron çığır-bağırı ilə onu təngə
gətirmiş hamilə Poppeyanın qarnından təpiklə vurub, pilləkənlərdən aşırdı və qadın daxili qanaxmadan dünyasını
dəyişdi.

Romada yanğın

Günü-gündən böyüyən və əhalisi çoxalan Romanın hər tinində su dolu çəlləklər və yanğınsöndürənlər durardı. Neron şəhər küçələrində gəzərkən müəllimi Seneka dedi: «Allah etməsin, bu istilərdə şəhərdə yanğın olsun. Onu söndürmək mümkün olmayacaq. Bu, Romanın faciəsi olar». Axı o, haradan biləydi ki, teatrla həyatı səhv salan Neron bu sözlərdən sonra dəhşətli bir hadisənin planını cızacaq. Romanı həm sevən, həm də nifrət edən imperator
səhnə plaşında, Meçenat qülləsində dayanıb, kül, tüstü və alov içərisində görünməz olan şəhəri seyr edib, «Troya fəlakəti» mahnısını oxuyurdu. O, bircə şeyə təəssüflənirdi: bu gözəl səhnədə tamaşaçılar yox idi. Yanğın 3-4 gün
davam etdi. Elə saraylar, məbədlər və məhəllələr oldu ki, tamamilə külə döndü. Bu yanğın Neronun rejissorluq işi idi.

Son pərdə

3 gün idi ki, Roma səmasında quyruqlu kometa görünürdü. Bu, pis əlamət idi və həmişə də hakimiyyətdə olan birinin ölümü ilə nəticələnirdi. Nerona qarşı çıxan tapıldı. Sərkərdə Vindeksin rəhbərliyi ilə Qalliya ayağa qalxdı. O, Nerona təhqiredici məktub göndərib, onu «qotur kifader» və «Aqenobarb», yəni kürənsaqqal adlandırdı. Mübarizənin mənasız olduğunu görən Neron keçmiş xidmətçisinin evinə sığındı. Özünə bağda məzar qazdırdı, odun, su və mərmər gətizdirdi. Qəbir hazır olana kimi o, mızıldanırdı: «Görün, dünyadan necə böyük aktyor gedir!». Bu vaxt senatdan təslimolma məktubunu gətirdilər. Neron ümumxalq düşməni elan edilmişdi və meydanda ən rüsvayçı ölümə-lüt vəziyyətdə başıaşağı asılma və kəlləsinin soyulması cəzasına məhkum edilmişdi. Çaparların səsini eşidən Neron nəhayət ki, özünə gəldi və iki xəncəri boğazına sanjdı. Vəhşi imperator Neron 32 yaşında, arvadı Oktaviyanı edam etdirdiyi tarixdə - 7 iyunda vəfat etdi.



                   

Digər Xəbərlər