Xalq artisti, "Şərəf" ordenli Rasim Balayevin Milli.Az-a müsahibə verib.

Axşam.az həmin müsahibəni təqdim edir:

- Rasim müəllim, ilk öncə bir müddət əvvəl qeyd olunan Milli Kino günü münasibəti ilə sizi ürəkdən təbrik edirəm. Müasir kinonun vəziyyəti sizi qane edirmi?

- Təbrikinizə görə çox sağ olun. Bu il mənim üçün çox əlamətdar oldu. İlk öncə ad günümü böyük təntənə ilə keçirdilər, daha sonra isə ikinci bir sevindirici xəbər aldım. Bu isə mənim ölkə prezidenti tərəfindən "Şərəf" ordeni ilə təltif olunmağım idi. Müasir kinonun vəziyyəti normaldır, əsas odur ki, iş görülür. İnkişaf da buradan başlayır. Təbii ki, ən düzgün sözü zaman deyəcək. Yaxşılar ələkdə qalacaq, pislər isə ələnib gedəcək.

- Deyirlər ki, insan aktyor doğulur. Həqiqətənmi bu belədir?

- Mən bunun doğru yaxud yalan olduğunu deyə bilmərəm. Bircə onu deyə bilərəm ki, həvəs mütləqdir. Biz uşaq olanda xobbimiz filmlərə baxmaq idi. 16 yaşımız olmadığına görə bizi axşam seanslarına buraxmırdılar. Yaxşı futbol və voleybol da oynayırdım. Amma bütün bunlarla yanaşı məndə ədəbiyyata böyük həvəs var idi. Mən həm kiçik məclislərdə şeirlər deyirdim, həm də səhnəciklər oynayırdım. Evdə buna bir söz demirdilər, fikirləşirdilər ki, ötəri bir həvəsdir. 9-cu sinifdə oxuyanda qərara gəldim ki, aktyor olacaqam. Düzdü, evdə mənim bu istəyimə razı olmasalar da, mane də olmadılar.

- Maraqlıdır, valideynləriniz sizi hansı sahədə görmək istəyirdilər?

- Mən çox uşaqlı ailədə böyümüşəm. Mənim atam tarixçi idi, deyirdi ki, hüquq fakültəsində oxumalısan. Anam çox vaxtı xəstə olurdu, istəyirdi ki, həkim olum. Teatr universitetinə gedəndə fikirləşirdilər ki, imtahandan kəsiləcəyəm. Qəbul kağızını gətirdim, o qədər sevinməsələr də, pərt də olmadılar. Mən artıq aktyor kimi efirdə şeirlər deyirdim, tamaşalarda oynayırdım. Bütün bunları evdə görəndən sonra yavaş-yavaş mənim sənətimə hörmət artdı. İncəsənət universitetində müəllimlərim də Mehdi Məmmədov, Tofiq Tağızadə, Rza Təhmasib kimi dahilər olub. Bizim vaxtımızda universitetdə abu-hava tamam başqa idi. İndi isə...

- Deyəsən müasir aktyorluq məktəbindən narazısınız.

- O vaxtı universitetə seçim daha yaxşı idi. Mən bir neçə dəfə qəbul imtahanında iştirak etmişəm, qiymətləndirmişəm, amma bilmişəm ki, məsələn filan adamdan aktyor olan deyil.

- Elə bir filminiz yoxdur ki, tamaşaçılar tərəfindən izlənməsin. Amma bu filmlərin içərisində "Nəsimi" filminin özünəməxsus yeri var.

- Mən bu filmə qədər bir çox sınaq çəkilişlərinə getsəm də təsdiq etməmişdilər. Bu filmə də ümüdsüz şəkildə getmişdim. O vaxt atam qəflətən rəhmətə getdi, məni teatra götürmədilər, bir sözlə işlərim alınmadı. Bütün uğursuzluqlar bir-birini əvəz etdi. Hətta rayona belə getmək istəyirdim. Təsəvvür edin ailə həyatı da qurmuşdum, ev yox, iş yox. Çox pis vəziyyətdə xəstəxanada yatırdım, sinir sistemimdə pozğunluq var idi. Gəlib mənə dedilər ki, səni "Nəsimi" filminə çəkmək istəyirlər. Biz 2 ay "Nəsimi" filminin ən çətin epizodlarını məşq etdik. Həsən Seyidbəyli tam əmin olandan sonra məni filmə çəkdi. Kaş atam da mənim filmə çəkilməyimi görərdi.. Kaş...

- Ən çox hansı filminizin görməyini istərdiniz?

- Elə "Nəsimi" filmini. "Nəsimi"in ilk primyerası Şamaxıda göstərildi. Bir gün də xahiş etdim ki, doğulduğum Ağsuda göstərilsin.

- Nəsimi, Babək, Beyrək kimi əsas qəhrəman obrazları oynamısınız. Onları bir-birindən xarakter etibarı ilə necə fərqləndirirsiniz?

- Təbii ki, ilk növbədə ssenari fərqi var. Hər biri bir cür yazılıb. Mən "Babək" filminə çəkiləndə deyirdilər ki, Nəsimiyə oxşayır. Başqalaşmaq mütləq idi. Babək obrazında fikir vermisinizsə mənim danışıq tərzim daha sərtdir, Nəsimidə isə bir az lirizm, şairanəlik var.

- Mənfi obrazı oynamaq çətindir yoxsa müsbəti?

- Mən rollara mənfi, müsbət kimi yanaşmamışam. Mən sadəcə insan oynamışam. O mənfini, müsbəti tamaşaçı görüb.

- Heç vaxt şəxsi həyatınız haqqında danışmamısız. Ümumiyyətlə sənətinizi övladlarınız davam etdirir yoxsa?

- Mən əmim qızı ilə ailə həyatı qurmuşam. Bu öz istəyimiz idi, bəlkə də evdə heç o qədər də istəmirdilər. "Nəsimi" filmində çəkiləndə artıq 2 oğlum var idi. Xeyr, övladlarımın heç biri mənim sənətimi davam etdirmir. Çünki onlar hələ uşaq olanda çəkilişlərimə gəlirdilər, mənim çəkdiyim çətinliklərin əyani görürdülər. Yəqin ki, bütün bunları görüb, gözləri qorxub.

- Siz həm də çox xarizmatik gənc olmusunuz. Yeni ailə həyatı qurarkən evdə qısqanclıqlar olurdu?

- Mən 20 yaşımda ailə həyatı qurmuşam. Buna görə də o yazılan məktublar, münasibətlər, baxışlar mənə təsir etmirdi. Bilirdim ki, ailəli adamam, "cızığımdan" çıxmamalıyam (gülür). Bəlkə də erkən ailə həyatı qurmağım məni bu səhvlərdən uzaqlaşdırdı.

- Sonda istərdim ki, sənətə yeni gələn gənclərə tövsiyyələrinizi bildirəsiniz...

- Aktyorluq sənətini seçən gənclər həmişə öyrənməlidir, kitab oxumalıdır, filmlərə baxmalıdır. Özlərindən yaşca və sənət nöqteyi nəzərindən böyük olan aktyorları izləməlidirlər. Mənim 70 yaşım var, mən bu gün də nələrsə öyrənirəm. Öyrənməyin yaşı yoxdur, insan qəbr evinə qədər öyrənməlidir.



                 

Digər Xəbərlər