Küləkli hava neçə gün davam edəcək?

Küləkli hava neçə gün davam edəcək?
2932 dəfə oxunub
  • A-
  • A
  • A+

Sabah respublika ərazisində gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Axşam.az-a verilən məlumata görə, avqustun 14-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Səhər yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 20-23, gündüz 25-27, Bakıda gecə 21-23, gündüz 25-27 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 758 mm civə sütunundan 761 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80, gündüz 55-60 faiz təşkil edəcək.

Abşeron çimərliklərində sabah şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) dəniz suyunun temperaturu 23-24, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) isə 24-25 dərəcə isti təşkil edəcək. Şimal-qərb küləyinin arabir güclənməsi ilə əlaqədar çimərliklərdə əlverişsiz hava şəraiti müşahidə olunacaq.

Azərbaycanın rayonlarında avqustun 14-də bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli intensiv olacağı ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 18-23, gündüz 25-30, dağlarda gecə 8-13, gündüz 14-19 dərəcə isti olacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib ki, avqustun 14-dən ölkə ərazisində əsən şimal-qərb küləyi arabir güclənəcək:

"Ayın 15-i gündüz küləyin zəifləyəcəyi gözlənilir. Avqustun 16-dək ölkə ərazisində hava şəraitinin bir qədər küləkli keçəcəyi, əsasən səhər və axşam saatlarında bəzi yerlərdə yağış yağacağı proqnozlaşdırılır".

G.Məmmədova qeyd edib ki, növbəti iki gündə havanın temperaturu Bakıda və Abşeron yarımadasında 26-28, bölgələrdə 28-30 dərəcə arası dəyişəcəyi gözlənilir:

"Avqust ayının 16-dan havanın temperaturunun bugünlərlə müqayisədə 2-3 dərəcə yüksələcəyi proqnozlaşdırılır".