"Bozbash pictures" komandası yeni film üçün kamera qarşısına keçib.

Axşam.az-ın məlumatına görə, budəfəki ekran işi "Bombaltı" adlanır. Döyüş komediya janrında olacaq filmin quruluşcu rejissoru Rauf Ocaqverdiyev, quruluşcu operatoru Elvin Əhmədoğludur.

Ekran işində rol alan aktyor İlkin Həsəni bildirib ki, 90 dəqiqəlik filmin ssenarisini Ənvər Abbasov, Samid Ağayev, Elnur Hüseynov yazıblar:

"Düz 4 il öncə bu işi risk edib başlayan ilklərdən olduq. Nə qədər çətin və əziyyətli olsa da, dayanmadıq, "davam" dedik. Bu il isə yeni işimizə köhnə dostlarla start veririk. Növbəti, sayca beşinci filmimizi çəkirik. Döyüş, partlayış, atışma dolu bir komediyadır".

"Bombaltı"da İlkinlə yanaşı aktyorlar Ramil Babayev, Elşən Orucov, Nicat Rəhimov rol alacaq. Ekran işində bir müddət əvvəl komandadan ayrılan Ağsaqqal obrazının ifaçısı Azər Baxşəliyev də çəkilir.

"Bozbash pictures"in Qılman Hocası - İlkin Misgərlinin isə komanda arasında yer almaması diqqət çəkib. Filmdə aktrisa Duyğu Dəvəli də rol alacaq.
 
 
 
 
 


                   

Digər Xəbərlər