Xuraman Röya ilə münasibətindən danışdı: "İndiki ağlım olsaydı..."

Xuraman Röya ilə münasibətindən danışdı:  "İndiki ağlım olsaydı..."
6420 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Xuraman Şuşalı Milli.Az-a müsahibə verib.

Axşam.az həmin müsahibəni təqdim edir6

- Xuraman xanım, bütün məşhurlar yay istirahətindədir. Bəs siz necə?

- 16 gün Nabranda istirahət etdik, sonra isə uşaqları orda qoyub Bakıya gəldim, çünki toyum var idi. Əslində gəlməzdim, amma mənim qazancım bilirsiniz ki, yalnız toylardandır. Toydan pul almasam, gedib istirahətdə xərcləyə bilmərəm. Əslində mən uşaqlarımın istirahətinə görə öz istirahətimi istirahət hesab etmirəm. 3 uşağı eyni anda tərbiyyə edib, onların nazını çəkmək çox çətindir. Sözün düzü təyyarə qorxum olduğu üçün ölkədən kənara çıxmadım.

- Nə vaxtsa belə bir qorxu yaşamısınız?

- Bəli, Moskvaya toya gedəndə təyyarə 2 saat göydə qaldı. Qorxulu, təhlükəli anlar yaşadıq. O zaman subay idim, qorxum təkcə anam idi. Sentyabrın 2-də yenə Moskvaya çağırıblar, bu dəfə qatarla gedəcəyəm. O vaxt özüm üçün yaşayırdım, indi isə övladlarım üçün.

- Bu, həyatınızda nəyi dəyişdi?

- Mən düşünürəm ki, övlada ana daha çox lazımdır. Həyat yoldaşım bəzən əsəbiləşib uşaqların üstünə qışqıranda, mən tez onun qarşısını alıram. Ana hətta övladlarını atadan da qoruyur. Biz analar övladlarımızın qoruyucu mələkləriyik. Mənim anam rəhmətə gedəndə 30 yaşım var idi. Bəzən fikirləşirəm ki, kaş anam sağ olaydı, başıma sığal çəkərdi. Onun mənə göstərdiyi qayğını hal-hazırda həyat yoldaşım mənə göstərir. Bəzən də övladlarım. Anamın qoxusunu övladlarımdan alıram.

- Xoşbəxtsiniz?

- Bəli, çox xoşbəxtəm.

- Sosial şəbəkədə xoşbəxtliyinizi çox sərgiləyirsiniz. Qorxmursunuz xoşbəxtliyiniz gözə gələr?

- Mən Allahdan hər kəsə xoşbəxtlik arzulayıram deyə, bəlkə də məndə o qorxu yoxdur. O fotoları paylaşanda hamıya sevinc, sevgi vermək istəyirəm. Anam da, atam da yanımda olsaydı, daha xoşbəxt olardım. Buna da şükür.

- Bəzən paylaşımlarınızı tənqid edənlər də olur.

- Olur, olur. Həmin insanlara mən fikir vermirəm. Bəzən rəyləri oxuyuram, bəzən isə heç oxumuram. Oxuyub deyirəm ki, Allah sənə də xoşbəxtlik versin.

- Bilirəm ki, sənətlə bir o qədər də məşğul deyilsiniz. Uzun müddətdir ifanızda yeni mahnı da eşitmirik. Başınız nəyə qarışıb?

- Əslində yeni mahnılarım çoxdur, sadəcə oxumuram. Hal-hazırda vaxtımı daha çox toy və xınalara ayırmışam. Çünki bu mənim yeganə qazancımdır. Bundan əlavə vaxtımın ən çox hissəsini övladlarıma ayırıram. Həyat yoldaşım rejissordur, deyir ki, nə vaxt sənə yeni klip çəkək? Əslində hal-hazırda hər şey mənə pulsuzdur, sadəcə olaraq özümdə hələ buna həvəs tapmıram.

- Vaxtilə birlikdə çörək kəsdiyiniz insanlardan zərbə görmüsünüz?

- Zərbələr olub, həmişə də olacaq. Deyirlər ki, gəzən ayağa daş dəyər. Mümkün deyil ki, sən yeriyəsən, ayağına daş dəyməsin.

- Siz və bir neçə müğənni Vaqif Gərayzadənin yaradıcılığı altında fəaliyyətə başlamısınız. Hal-hazırda həmin  müğənnilərlə münasibətiniz necədir?

- Əlbəttə ki, münasibətimiz çox yaxşıdır. Mənim heç kimlə problemim yoxdur. Mən özüm problemdən qaçan insanam, harda problem varsa o qapını örtüb çıxıram. Şou-biznesdə əksər insanlarla "salam-sağol"um var, hamısının xətrini çox istəyirəm. Amma sırf ailə dostluğu etdiyim həmkarlarım yoxdur. Ən gözəl dost insanın ailəsidir.

- Hicaba keçəndən sonra sizdən uzaqlaşan sənət yoldaşlarınız oldu?

- Xeyr, əksinə! Mən dostlarımdan ancaq dəstək görmüşəm. Elnarədən, Səidədən, Natavandan. Nə lazım olubsa həmişə arxamda olublar. 2013-cü ildə hicaba keçdim, 2014 cü ildə anam dünyasını dəyişdi. Anamın yas mərasimində elə sənət dostlarımı gördüm ki, təəccübləndim.

- "W-trio"-dan hamının adını çəkdiniz, təkcə sevimli müğənnimiz Röya Ayxandan başqa.

- Mən axı Röya ilə elə də yaxın dost olmamışam. Mən Röyanı qrupdan ayrılandan sonra tanımışam.

- Röya ilə aranızda "salam-sağol" var?

- Mən Röyanı kinli bir insan hesab etmirəm, çünki Röya salam verməyi sevən bir insandır.

- Səhv etmirəmsə, o vaxt aranızda nəsə inciklik olmuşdu.

- O vaxtlar maqazin verilişləri mənə nə deyirdi, onu da edirdim. Deyirdilər ki, aqressiv danış, aqressiv danışırdım. Nə hava çalırdılar, o havaya oynayırdım. O vaxt cavan idik, nə Röya, nə də mən ana deyildik. Elə şeylər ola bilirdi. İndiki ağlım olsaydı, düşünüb addım atardım. Aramızda nə olubsa da heç yadımda deyil, o söhbətlərə yenidən qayıtmaq istəmirəm.

- Hal-hazırda münasibətiniz necədir?

- Mən düşünürəm ki, bu gün Röyaya zəng edib, desəm ki, mənim sənin köməyinə ehtiyacım var, bilirəm ki, o, 100 faiz mənim yanımda olar.