“Apple” şirkəti yeni məhsullarını təqdim edib. Tədbir “Apple”ın mənzil-qərargahında keçirilib və şirkətin saytında canlı yayımlanıb. Təqdimatın böyük hissəsi “Apple”ın əsas məhsulu olan “iPhone” smartfonuna həsr edilib. Şirkət bu dəfə sözügedən qurğunun 3 yeni modelini təqdim edib. İlk model 1 il bundan əvvəl təqdim edilmiş “iPhone X” aparatının təkmilləşdirilmiş versiyasıdır və “iPhone XS” adlandırılıb.
 
Axşam.az “ICTnews”a istinadən xəbər verir ki, yeni model daha möhkəm şüşədən işlənib hazırlanmış 5,8 düymlük diaqonallı displeyə malikdir. Qurğu “A12 Bionic” adlı yeni 6 nüvəli prosessor (əvvəlki modeldən 2 dəfə sürətli işləyir) və təkmilləşdirilmiş 12 meqapiksellik ikiqat kamera ilə təchiz edilib. Yeni modelin qiyməti 999 dollardan başlanacaq.
 
Təqdim edilmiş ikinci smartfon “iPhone XS Max” adlanır. Birinci modeldən yeganə fərqi 6,5 düymlük displeyə malik olmasıdır, texniki xüsusiyyətlər eynidir. Bu qurğunun başlanğıc qiyməti 1099 dollar təşkil edəcək.
 
Hər iki smartfon tutumlu akkumulyatorla təchiz edilib, həmçinin iki SİM-kart dəstəkləyir ki, bu da müxtəlif mobil operator və tarif planları arasında keçid etməyə imkan verəcək. SİM-kartlardan biri elektron, digəri isə fiziki olacaq. Bu halda Çində yerli qanunvericiliyə uyğun olaraq 2 fiziki kart dəstəkləyən smartfonlar təqdim ediləcək.
 
Üçüncü model isə “iPhone XR” adlı ucuz versiyadır. Bu aparat yeni OLED texnologiyasından fərqli olaraq ucuz LCD texnologiyası üzrə hazırlanmış 6,1 düymlük diaqonallı displeylə təchiz edilib. Smartfona “A12 Bionic” prosessoru quraşdırılıb, ancaq 12 meqapiksellik kamera ikiqat deyil, tək olacaq. Qurğunun minimal qiyməti 749 dollar təşkil edəcək.
 
“iPhone XR” üçün ilkin sifarişlər 19 oktyabr tarixindən əlçatan olacaq, ABŞ-da 26 oktyabr tarixində satışa çıxarılacaq. “iPhone XS” və “iPhone XS Max” cihazları artıq sentyabrın 14-dən sifariş üçün əlçatan olacaq, ABŞ-da 21 sentyabr tarixində satışa çıxarılacaq. 64, 256 və ya 512 QB-lıq daxili yaddaşa malik versiyalar üzrə tədarük olunacaq ilk iki model boz, gümüşü və ya qızılı rənglərdə əlçatan olacaq. “iPhone XR” isə 64, 128 və ya 256 QB-lıq yaddaşa malik versiyalar üzrə satılacaq, qara, sarı və mərcan daxil olmaqla 6 rəngdə əlçatan olacaq.
 
Bundan başqa, “Apple Watch” smart saatlarının dördüncü seriyası təqdim edilib. Yenilik ürəyin elektrokardioqramasını etməyə imkan verən daxili  sensorla təchiz edilib. “Apple” qurğunun düymələrindən birini elə modifikasiya edib ki, həmin düyməyə sıxıb saxlayarkən istifadəçi fərdi elektrokardioqrama edə biləcək.
 
İndi smart saatlar yeni ikinüvəli prosessor və əvvəlki modellə müqayisədə 35% daha geniş, amma daha nazik displeylə təchiz edilib. Qurğuya inteqrasiya edilmiş akselerometr və hiroskop indi cihaz sahibinin təsadüfən yerə yıxılmasını qeydə alır və bu halda “ağıllı” saat bir neçə dəqiqə sonra avtomatik olaraq xilasetmə xidmətinin telefonunu yığa və hadisənin baş verdiyi yerin koordinatları daxil olmaqla bədbəxt hadisə haqda məlumat verə biləcək.
 
Yeni “Apple Watch” saatları 3 rəngdə əlçatan olacaq. 21 sentyabr tarixində ABŞ və bir sıra başqa ölkələrdə satışa çıxarılacaq GPS dəstəkli versiyanın qiyməti 399 dollar, mobil rabitə funksiyasını dəstəkləyən modelin qiyməti isə 499 dollar təşkil edəcək.


                 

Digər Xəbərlər