"İstəyirəm ki, o kişi mənsiz nəfəs ala bilməsin"

"İstəyirəm ki, o kişi mənsiz nəfəs ala bilməsin"
7221 dəfə oxunub
  • A-
  • A
  • A+

Əməkdar artist Hüsniyyə Mürvətova Publika.az saytının “Ulduzlu axşam” rubrikasının qonağı olub. Müsahibəni təqdim edirik.

- Uzun illərdir ki, Bakı Bələdiyyə Teatrında fəaliyyət göstərirsən. Amma daha çox seriallara çəkiləndən sonra populyarlıq qazandın?

- Aydın məsələdir ki, teatrın tamaşaçısı ilə televiziyanın izləyiciləri arasında böyük fərq var. Serial elədir ki, onu milyonlar izləyə bilər. Amma teatr dar çərçivəni əhatə edir.

- Özünü harada daha rahat hiss edirsən, tamaşada, yoxsa, serialda?

- Hər ikisində. Mən sənətimi sevirəm və ayrı-seçkilik salmıram, bu sənət üçün ölürəm. Onu da deyim ki, serialdan əvvəl “Qırmızı qar” filmində döyüşçü qızı rolunda oynamışam. Məni indiki gənclər daha çox o filmlə tanıyıblar.

- Serialların keyfiyyəti səni qane edirmi?

- Yavaş-yavaş düzələcək.

“Evim kreditdədir”

- Maddi baxımdan necə, seriallardan aldığın qonorar səni qane edirmi?

- Teatrla müqayisədə çoxdur. Amma yenə də azdır. Mənim evim yox idi, bu yaxınlarda kreditlə götürmüşəm. Mən bu evi “Aramızda qalsın” serialına arxayın olub götürdüm. Maaşı alıb kreditimə ödəyirdim. Özüm dublyajla dolanırdım. İnşallah, yeni seriallar gözləyirəm. Çox pul qazanmaq üçün gərək serialda baş rolda oynayasan və gündəlik deyil, aylıq məvacib alasan.

- Belə başa düşdüm ki, evin kreditini hələ tam ödəyib qurtarmamısan.

- Əlbəttə, hələ yeni başlamışam.

- Müğənnilərin qazancı toydan çıxır, bəs siz aktrisaların?

- Hələ bir adam deyə bilməz ki, Hüsniyyəyə bunu hədiyyə etmişəm. Son vaxtlar məni reklam məqsədilə maqazinlərə dəvət edirlər. Bədən quruluşuma görə, maniken-aktrisa kimi də istifadə olunuram. Yeni açılan mağazalarda hədiyyələr olur. Hər halda bu da zəhmətimin bəhrəsidir. Nəyim varsa, özüm almışam. Maşını da özüm almışam. Heç kim deyə bilməz ki, Hüsniyyəyə bir manat pul xərcləmişəm. Təbii ki, istərdim arxamda mənə dayaq duran bir kişi olsun, amma yoxdur.

- Kiminsə sevgilisi olmağa necə baxırsan?

- Hər kəs həyatını özü seçir, hər kəsin də xoşbəxt olmağa haqqı var. Kim xoşbəxtliyini necə görürsə, qoy elə də xoşbəxt olsun.

“Kimisi aşq peşində, kimisi ov peşində”

- Sənin varmı sevdiyin?

- Balam var, sevdiyim sənətim var, amma sevdiyim kişi yoxdur.

- Yəni səni sevən bir kişi yoxdur ki?

- Mən onların heç birinə inanmıram.

- Niyə, etibarını doğrultmayıblar?

- Keçən dəfə sosial şəbəkədə bir status yazmışdım: “Kimisi eşq peşində, kimisi ov peşində”. Mən Sovet dövrünün uşağıyam. Sevəndə ürəkdən sevmək istəyirəm. İstəyirəm ki, o kişi mənsiz nəfəs ala bilməsin, mən də onsuz nəfəs ala bilməyim. Mən belə sevgi axtarıram. Bəlkə də belə insan var, məni kənarda sevir, sadəcə o mənim zövqümdə deyil.

- Zövqün necədir ki?

- Mən bir kişidə hər şeyin cəmlənməsini istəyirəm. Yaraşıq sevənəm. Əkizlər bürcündənəm, bü bürcdə doğulanlar hər şeydə gözəllik axtarır. Ayyy, mən hər şeyi açıb-tökürəm e…
“Əgər bir kişi dörd qadına baxıb, onu xoşbəxt edə bilərsə, bunun nəyi pisdir ki?”

- Səmimisən də, ona görə. Hüsniyyə, bəs kişinin pullu olması sənin üçün vacibdirmi?

- Təbii ki, məni qane edəcək səviyyədə də pulu olmalıdır. Ac yaşayacağamsa, elə təkbaşına yaşayıram. Durub kimisə dolandıran deyiləm ki. Mənim balam var, elə onu dolandıraram . Mən xoşlamıram kişi qadına arxalansın, istəyirəm mənim arxamda bir kişi dayansın, ona arxalanım. Kişi də arxalanmalıdır qadına, amma mənəvi. Hər güclü kişinin arxasında güclü qadın xarakteri dayanır.

- Etibarını doğrultmayan kişi olub həyatında?

- Gəl bu barədə danışmayaq…

- Bir aktrisanın, yaradıcı insanın sevgisiz yaşaması çətin deyil ki?

- Əlbəttə çətindir.

- Bugün evli kişi ilə eşq yaşayan xanımlar da var…

- Bizim İslamda da var ki, bir kişi dörd qadınla evlənə bilər. Əgər bir kişi dörd qadına baxıb, onu xoşbəxt edə bilərsə, bunun nəyi pisdir ki?

- Sən buna razı olardın?

- Yox, yox. Nə həyat yoldaşıma icazə verərdim, nə də dördüncü arvad olmağa razı olardım. Bunu qəbul edənlər var. Əslində bu heç Azərbaycanda mümkün də deyil. Dörd arvad saxlayan var, amma dörd arvad alan yoxdur. Amma o qadınların əslində heç biri xoşbəxt olmur. Atalar demiş, “böyük loxma ye, böyük danışma”. Bilmək olmur adamın başına nə gələcək. Sadəcə Allahdan onu diləyirəm ki, məni şərdən, şeytandan, pis işlərdən qorusun.

“Quyruğumu tapdalayan olsa, dönüb çalaram”

- Qadın olaraq silahın nədir?

- Şirin dil. Şirin dillə ilanı da yuvasından çıxarmaq olur.

- Çox ilanları yuvasından çıxarmısan?

- Əslində mən çox əsəbiyəm, quyruğumu tapdalayan olsa, dönüb çalacağam. Amma ürəyim çox yumşaqdır.

- Ən sərt reaksiyan necə olar?

- Əsəbiyəm, qışqırıram. Çığırıram o məqamda. Acı sözlə o insanı sındıra bilərəm. Bu mənim xoşlamadığım cəhətdir.

- Sonuncu dəfə nə vaxt quyruğunu tapdalayıblar?

- Bir il əvvəl. Bir kişi tərəfindən incidildim. İş yoldaşım idi. İndi də o adamla danışmırıq, küsülüyük. Anlaşılmazlıq oldu və o, mənim ürəyimi pis qırdı. Həyatda çox hörmət etdiyim bir insan olsa da, hazırda ürəklərimiz barışmır. Böyük sənətkardır, telekanallarda onun adını da çəkirəm, ona hörmət etmək hətta bizim borcumuzdur da. Amma danışmırıq.

- O, addım atsa, barışarsan?

- Əlbəttə barışaram.

- Aktrisa göz önündə olan insan kimi həm də gözəl görünməlidir. Geyimlərinə çoxmu pul xərcləyirsən?

- Razıyam səninlə, Azərbaycan tamaşaçısı çox tələbkardır. Öz aktrisasını gözəl görmək istəyir. Qarderobumda gözəl geyimlər var. Amma durub deyim ki, bir geyimə 2-3 min pul xərcləyirəm yalan olar.

- Ən bahalı paltarınızın qiyməti nə qədərdir?

- 300-400 manat, bir ayaqqabım 150-200 manat. Orta qiymət götürsək geyimlərim 100-150 manat arası olur. Bir də ki, insanın zövqü olmalıdır.

“Hər şeydən depressiyaya düşə bilərəm”

- Formanı necə saxlayırsan?

- Sadəcə kökəlmirəm, qız vaxtı 50-51 kilo idim, amma indi 47-48 kiloyam. Əksinə, indi biraz kökəlmək istəyirəm, xanım yaşa dolduqca kökəlsə yaxşıdır.

- Səni daha çox nə depressiyaya sala bilər?

- Hər şeydən depressiyaya düşə bilərəm. Ani bir sözdən göz yaşı tökə bilərəm.

- Bəyəndiyiniz aktrisalardan kimin adını çəkərdiniz?

- Beren Saatı çox sevirəm.

- Necə bir obraz yaratmaq istərdiniz?

- Kor, kar, lal bir qadın rolu yaratmaq istərdim. Bu yaxınlarda bu arzunu efirdə səsləndirdim, üstündən az vaxt keçmiş Beren Saatın belə bir obraz yaratdığını eşitdim. Dedim bu nədir, belə obrazı mən yaratmaq istəyirdim axı. Qismət, bəlkə də nə vaxtsa oynayaram belə rolda.