"Sözü üzə dediyimə görə məni sevmirlər" - Hüsniyyə

"Sözü üzə dediyimə görə məni sevmirlər" - Hüsniyyə
2056 dəfə oxunub
  • A-
  • A
  • A+

Əməkdar artist Hüsniyyə Mürvətova Milli.Az-a müsahibə verib.

Axşam.az həmin müsahibəni təqdim edir:

- Müsahibələrinizdə hər zaman sənətinizi dəlicəsinə sevdiyinizi deyirsiniz. Sənət də sizi dəlicəsinə sevir?

- Mən sənətimi, sənətim də məni sevir. İstedadım olmasaydı, sənət də məni sevməzdi. Sənət məhz istedadlı insanları sevir.

- Bu gün sənətdə istedadsız insanlar çoxdur?

- Var, amma mən istedadsız insanları sənətdə qəbul etmirəm. İstedadlı insan düşmənim belə olsa onu çox sevirəm.

- Düşməniniz çoxdur?

- Məni sevməyənlər var, onlarla heç bir düşmənçiliyim yoxdur. Bu, təbiidir. Bizi hər kəs sevə bilməz axı.

- Niyə sizi sevmirlər?

- Sözü üzə deyirəm ona görə. Ətrafımda bir-iki insan var ki, bilirəm ki, o, məni sevmir. Mən də onu sevmirəm, qarşılıqlıdır. Bəlkə də mən onu sevmədiyimə görə sevmir məni.

- Kimisə sevməyəndə bunu ona deyə bilirsiniz?

- Mən sevmədiyim insana heç vaxt göstərə bilmirəm ki, səni çox istəyirəm. Maskalana bilmirəm. O adam hiss edir ki, onu sevmirəm.

- Teatr, kino, yoxsa dublyaj?

- Ən birinci teatr. Çünki mən ilk addımlarımı teatrda atmışam. 16 yaşından teatrda fəaliyyət göstərirəm. Hələ seriallar çəkilməyəndə məni dövlət kanalında seriallara çəkirdilər. Daha sonra da dublyajda səsimi üzə çıxardılar.

- Teatrı görməyən aktyorun-aktrisanın seriala çəkilməsi doğrudur?

- Əgər həmin sənətçinin fitri istedadı varsa, çəkilsin. İstərdim ki, gənclərimizin əksəriyyəti teatrda işləsin. Amma son illərdə heç görmürəm ki, gənclər teatra həvəs göstərsinlər. İndiki gənclər daha çox maddiyatı fikirləşirlər. Bu da maddi vəziyyətlə bağlıdır. Mən sənətə gələndə pulu fikirləşməmişdim. Bir seriala çəkilirlər elə bilirlər ki, bundan yoxdur.

- Gəncliyinizdən istifadə edib sizə haqsızlıq edənlər olub?

- Bəli, çox olub. Ağlamışam, deyinmişəm. Daha sonra haqq-ədalət öz yerini tutub. Bəlkə də onlar olmasaydı, mən Hüsniyyə Mürvətova olmazdım.

- Bugünkü yerinizdən razısınız?

- Düşünürəm ki, çox şey edə bilərdim. Daha çox rollar oynaya bilərdim. Məndən rejisssolar hələ də layiqincə istifadə etmirlər.

- Hansı obrazın arzusundasınız?

- Rejissor məni hansı obrazda görürsə, həmin obraz mənim üçün arzuolunandır. Teatrda bir çox əsərlər oynamışam.

- "Kaş aktrisa olmazdım" dediyiniz məqamlar olub?

- Xeyr, heç vaxt bundan şikayətlənməmişəm. Mən düşünmürəm ki, başqa bir sənətdə işləyə bilərdim.