Teatrın 50 illik yubileyi qeyd olunub

Teatrın 50 illik yubileyi qeyd olunub
311 dəfə oxunub
  • A-
  • A
  • A+

Mingəçevir Dövlət Dram Teatrının 50 illik yubileyi təntənəli şəkildə qeyd olunub.

Axşam.az xəbər verir ki, tədbirdən əvvəl mədəniyyət naziri Əbülfəs Qarayev, nazirin birinci müavini Vaqif Əliyev, şəhər icra hakimiyyəti başçısının səlahiyyətlərini icra edən birinci müavin İlham İsmayılov, teatr ictimaiyyətinin nümayəndələri Heydər Əliyev Mərkəzinin qarşısında Ulu Öndərin abidəsini ziyarət ediblər.

Tədbir iştirakçıları daha sonra Mingəçevir Dövlət Dram Teatrının foyesində sənət ocağının fəaliyyətinə həsr olunmuş fotosərgiyə baxıblar.

Mərasimdə çıxış edən Ə.Qarayev ölkəmizdə mədəniyyət, incəsənət sahəsinə göstərilən dövlət qayğısından danışıb. Nazir qeyd edib ki, 2006-cı ildə Azərbaycanda “Teatr və teatr fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib. Bu qədim yaradıcılıq sahəsinin çağdaş inkişaf mərhələsini əks etdirən qanunda dövlətin teatr sənətinə xüsusi əhəmiyyət verməsi rəsmən bəyan edilib. 

Nazir Mingəçevir Dövlət Dram Teatrının fəaliyyətindən söz açaraq kollektivin əməyini yüksək qiymətləndirib, teatrın 50 illiyinin qeyd olunması haqqında prezident İlham Əliyevin sərəncamını xatırladıb:

“Bu gün ölkəmizdə, mədəniyyətimizin digər sahələri kimi, teatr sənəti də inkişaf edir. Ölkə rəhbərliyi bu sahəyə xüsusi diqqət yetirir. Yubileyini qeyd etdiyimiz Mingəçevir Dövlət Dram Teatrı 1968-ci ildə yaradılıb. Sənət ocağı 1969-cu ilin martın 28-də Cəfər Cabbarlının “Almaz” əsərinin tamaşaya qoyulması ilə fəaliyyətə başlayıb. Bu illər ərzində yaradıcı kollektiv dünya və Azərbaycan dramaturgiyasından 300-ə yaxın tamaşa hazırlayıb”.

Əbülfəs Qarayev daha sonra Mingəçevir Dövlət Dram Teatrının əməkdaşlarının mükafatlandırılması haqqında İlham Əliyevin oktyabrın 16-da imzaladığı sərəncamları oxuyub.

İlham İsmayılov teatrın bir neçə əməkdaşına icra hakimiyyətinin fəxri fərmanlarını təqdim edib.

Yubiley gecəsi daha sonra konsert proqramı ilə davam edib.