Xalq artisti Gülyanaq Məmmədova Dilçilik İnstitutunun Monitorinq şöbəsi tərəfindən sənətçilərin nitqində nösqanlara yol vermələri haqda deyilən fikirlərlə razılaşmayıb.

Axşam.az Yenicag.az-a istinadən xəbər verir ki, ifaçı qarşı tərəfin iradları barədə bunları deyib:

“Mən və bacım ünvanımıza səsləndirilən iradları qəbul etmirik. Biz milli musiqimizi dünyada təbliğ edirik, tələbə yetişdiririk. Hər zamanda efirlərdə səhnə mədəniyyətini qoruyan sənətçilərik. Bu iradları səsləndirən insan gəlib mənə musiqidən dərs keçsin, görüm keçə biləcəkmi? Gəlsin mənə sübut eləsin. Mən işimi gözəl bilən insanam. Oxuduğumuz muğamlarda vurğunun necə dəyişməsini biz musiqiçilər bilə bilərik, bunu da gözəl bacarıram. Hələ indiyə qədər ifamda bir qüsur tutan olmayıb. Heç tuta da bilməzlər”.

Qeyd edək ki, Dilçilik İnstitutunun Monitorinq şöbəsi tərəfindən sənətçilərin nitqində ədəbi dil normasının qorunması, dil mənzərəsini müəyyən etmək üçün monitorinq aparılıb. Ədəbi dil normasının qorunmasında səhvlərə yol verildiyi müəyyən olunub. Adı siyahıda yer alan Telli Borçalı, aşıq Əli, əməkdar artist Elnarə Abdullayevanın ləhcə ilə danışması vurğulanıb.

Röya, Brilliant Dadaşova, Zülfiyyə Xanbabayeva, Rəqsanə, Gülyanaq və Gülyaz Məmmədova və digərləri isə daha çox vurğunu düzgün işlətməməkdə, uzun saitləri qısa səsləndirməkdə, ehtiyac olmadığı halda sözə əlavə sait artırmaqda tənqid olunub.



                 

Digər Xəbərlər