Aparıcı Ranar Musayev son günlər aparıcıların verilişlərdə etdiyi hərəkətləri tənqid edib.

Axşam.az-ın məlumatına görə, Ranar İnstaqramda paylaşım edərək bunları yazıb:

"Bəyəni və şərh xatirinə təpik atan, dombalaq aşan, dilənçilik edən, firildaqçılıqla məşğul olan və digər səviyyəsiz aparıcılar, telelayihələr... Eləcə də bu videoları paylaşıb şərh edən insanlar müraciətim sizədir: Əslində onları tənqid yox təbliğ edirsiz. Düşünməyin ki, siz onları tənqidlə, söyüşlə qorxuda bilərsiz. Özünə, millətinə hörmət edən heç zaman efirdə bu oyunları çıxarmaz. Deməli, hörmət yoxdur. Tənqid və söyüşünüz isə onlara xoşdur. Çünki efirdə reytinq, sosial mediada isə xəbər qəhrəmanı olmaq xətrinə hər şeyə hazırdılar. Onları bu müzakirələrlə tənqid yox, təbliğ edirsiz, məşhurlaşdırırsız, yaşadırsız... Gələn dəfə sizin diqqətinizi cəlb etmək üçün bundan da betər ssenari hazırlayacaqlar.

Əgər gələcəkdə övladınızın, cəmiyyətimizin onlara oxşamasını istəmirsizsə, mübarizəyə qoşulun. Hansısa belə bir videoya rast gəldiyiniz zaman baxmayın, baxış sayını artırmayın, şərh yazmayın. Qoy bilsinlər, mənəviyatımızı məhv etmək istəyən şəxs və ya səhifə şəxsən siz tərəfdən öz cəzasını alacaq.

Televizoru onun üçün söndürmədik ki, indi də sosial medianı zibilləsinlər. Bu mövzular ətrafında hay-küyü öldürməklə, onları diqqət dairəmizdən çıxarmaqla, bu tipdə paylaşımları rədd etməklə vətənimizi, millətimizi bu dəhşətdən qurtara bilərik. Əks halda bu faciə hər birimizin əksinə işləyəcək. Yeni nəsil bunları görüb yetişir və norma kimi qəbul edir. Çünki gözünü açandan bu səviyyəsizliyi görür. Övladlarımızın onlara bənzəməsi qaçılmazdır. Amma çıxış yolu var, mübarizəyə qoşulun. Hər şey çox sadə və asandır. Hazırsız? Onda "Səviyyəsizliyə stop" kampaniyasına qoşulun".

Qeyd edək ki, bir neçə gün əvvəl əməkdar artist Mehriban Xanlarova aparıcısı olduğu verilişdə şpaqat açıb, təpik atıb. Onun bu hərəkəti izləyicilər tərəfindən təhqir edilib.


                 

Digər Xəbərlər