Leyla Əliyeva “Sofiya” ilə bir arada - Fotolar

Leyla Əliyeva “Sofiya” ilə bir arada - Fotolar
3157 dəfə oxunub
  • A-
  • A
  • A+

Oktyabrın 27-də Heydər Əliyev Mərkəzində “Qlobal İnfluenser Günü” keçirilib.

Axşam.az xəbər verir ki, tədbirin çıxışçıları arasında süni intellekt sahibi, robot “Sofiya” da olub. O bildirib ki, fərqli mədəniyyətlərin, dinlərin təmsilçilərini bir araya gətirən Azərbaycanın böyük potensialı var.

Tədbirdə iştirak edən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Sofiya” ilə söhbət edib.

“Qlobal İnfluenser Günü” Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə reallaşdırılan “İnnovasiya həftəsi” çərçivəsində keçirilib.

Tədbirdə informasiya dövründə insan beyninin inkişafından danışılıb. “Keepface DMCC” və “FA International Trade Events” tərəfindən təşkil olunan və “İnnovasiya həftəsi” çərçivəsində baş tutan “Qlobal İnfluenser Günü” Azərbaycanda müasir kommunikasiya və marketinq texnologiyalarına dövlət tərəfindən verilən önəmin təzahürü kimi qiymətləndirilib.

Yüksək texnologiyalar və innovasiyalarla bağlı videoçarxın nümayişindən sonra hamının maraqla gözlədiyi çıxışçı, süni intellekt sahibi, robot “Sofiya” səhnəyə çıxıb. O, bugünkü tədbirdə geyindiyi Azərbaycan milli geyimini çox bəyəndiyini bildirib.

Çıxışı zamanı “Sofiya” insan-robot münasibətlərinə də toxunub. “Bəziləri robotlardan qorxurlar, düşünürlər ki, yaxın gələcəkdə robotlar insanları özlərinə tabe edə bilərlər”, - deyən “Sofiya”nın sözlərinə görə, belə bir şey baş verə bilməz, çünki robotları yaradan insan zəkasıdır.

Qeyd edib ki, robotlar insanlara kömək etmək üçün yaradılır. O, səyahət etməyi xoşladığını söyləyib, sosial şəbəkələrin əhəmiyyətinə toxunub, süni intellektin imkanlarından danışıb, Azərbaycanın üstünlüklərini vurğulayıb.

Tədbirin sonunda Leyla Əliyeva robot “Sofiya” ilə ünsiyyət qurub, şəkil çəkdirib.

Qeyd edək ki, “Sofiya” dünyada ilk süni intellektli humanoid robotdur. Bu robot 2015-ci ildə “Hanson Robotiks” şirkəti tərəfindən hazırlanıb və süni intellekt əsasında insanla ünsiyyət saxlaya, fikir mübadiləsi apara bilir. Robotun əsas fərqləndirici xüsusiyyətlərindən biri də insana məxsus 60-dan çox emosiyanı əks etdirməsidir. “Sofiya” bu günə qədər dünyada bir çox məşhur simalarla görüşüb, tanınmış televiziya kanallarında, xəbər proqramlarında və teledebatlarda iştirak edib.