Milena Nəbiyevanın rəsm sərgisinin açılışı olub - Fotolar

Milena Nəbiyevanın rəsm sərgisinin açılışı olub -  Fotolar
4462 dəfə oxunub
  • A-
  • A
  • A+

Noyabrın 7-də Mədəniyyət Nazirliyinin dəstəyi ilə Muzey Mərkəzinin incəsənət qalereyasında gənc rəssam Milena Nəbiyevanın “Mənim payızımın çalarları” adlı ikinci fərdi rəsm sərgisi açılıb.

Axşam.az xəbər verir ki, sərgidə müəllifin 60-dan çox rəsm əsəri nümayiş olunur.

Dövlət Rəsm Qalereyasının direktoru Qalib Qasımov və xalq rəssamı Arif Hüseynov tədbirdə çıxış edərək sərginin əhəmiyyətindən danışıb. Bildirilib ki, sərginin ideyasının əsasında ilin fəsillərinin dəyişməsinə insanın münasibətini əks etdirən fəlsəfə durur. Sərgidə təqdim olunan dekorativ-tətbiqi sənət nümunələri rəssamın şəxsi inkişafının müəyyən mənada yenidən qiymətləndirilməsi kimi görünür. Rəssam əsərlərində həyatın zəfərini və onun dərk edilməsinin sonsuz xoşbəxtliyini tərənnüm etməyə çalışıb.

Vurğulanıb ki, sənət yolunda ilk addımlarını atan rəssamın əsərləri Türkiyənin Ankara və Rusiyanın Sankt-Peterburq şəhərlərində keçirilən müxtəlif sərgilərdə təqdim olunub.

“Mənim payızımın çalarları” adlı bu sərgi sanki rəssam və onun tamaşaçısı arasında il yarım bundan əvvəl başlamış dialoqun davamıdır.

Sonra rəssam çıxış edərək sərginin təşkilində dəstəyi olan hər kəsə təşəkkürünü bildirib.

Daha sonra qonaqlar sərgi ilə tanış olublar.

Sərgi noyabrın 11-dək davam edəcək.